9 May 2020 20:31
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana vermiş olduğu eksklüziv müsahibə bir neçə istiqamətdən ölkəmiz üçün aktuallıq kəsb edir.

Bunu Teleqraf.com saytına açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, ilk növbədə ona görə ki, Müstəqil Dövlətlər Birliyindən məhz Azərbaycan Prezidenti İlham Əliyev artıq növbəti dəfədir Rusiyanın nüfuzlu informasiya agentliyinə müsahibə verir:

“İkincisi, biz bilirik ki, Rusiyada, ələlxüsus Sovet İttifaqı dönəmində ermənilər tərəfindən və Sovet İttifaqının ikili standart siyasəti nəticəsində azərbaycanlıların Böyük Vətən müharibəsindəki rolunu aşağı salırdılar. Bu da təbii ki, biz azərbaycanlıların haqlı narazılığına səbəb olurdu. Çünki bu müharibədə istər ön, istərsə də arxa cəbhədə fədakarlıqlar göstərmiş azərbaycanlı oğul və qızlara qarşı qərəzli, qeyri-obyektiv mövqe idi. Ölkəmizin apardığı informasiya siyasəti nəticəsində nəhayət biz görürük ki, Azərbaycanın Böyük Vətən müharibəsində oynadığı rola obyektiv mövqeyi ortaya qoyulmaqdadır.

Bundan başqa dövlət başçısı Mixail Qusmana verdiyi müsahibədə Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılmasının həyat normasına çevrildiyini, bu siyasətin geniş yayıldığını bildirdi. Bildiyiniz kimi ötən ilin sonlarında MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən sammitində Ermənistanın yeni və köhnə hakimiyyətini ifşa etmişdi. Bu ifşa siyasəti davam etməkdədir. Nəticədə Rusiyanın cənubunda – Armavir şəhərində erməni kilsəsinin yaxınlığında nasist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana qoyulan xatirə lövhəsi oradan götürülmüşdü”.

Zaur Məmmədov daha sonra deyib:

“Digər tərəfdən biz bilirik ki, İkinci Dünya müharibəsi cəbhələrində kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı oğul və qız ümumi Vətən uğrunda mübarizə aparıb. Bundan başqa azərbaycanlılar arxa cəbhədə də öz fədakarlıqları ilə seçiliblər. Məhz Azərbaycan nefti sayəsində demək olar ki, SSRİ faşizm üzərində qələbə çalmışdı. Təbii ki, bütün bu reallıqları, tarixi faktları müasir Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Dövlət başçısının müsahibəsi həm də bu baxımdan mühüm əhəmiyyətə malikdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər