Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının ideoloji məsələlər üzrə müavini, tarixçi-alim Dilavər Əzimlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Türkiyədə Qərbi Azərbaycan Respublikasının yaradıldığı elan olundu. Söhbət hansı ərazilərdən gedir, yəni sərhədləri hansı bölgələri əhatə edir – bütöv Ermənistanı, yoxsa?..
- İlk olaraq bildirim ki, Qərbi Azərbaycan (İrəvan) Respublikasının elanı Azərbaycandan baş verdi. Sadəcə olaraq, bu təklif qardaş Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetində dərs deyən Qərbi Azərbaycan kökənli qardaşmız Qafar Çaxmaqlıdan gəldi. Çaxmaqlı ermənişünaslıq üzrə bizim nəhəng alimlərimizdən biridir, onun bu təşəbbüsünü də qəbul etdik, zəruri saydıq. Biz də, Bütöv Azərbaycan Ocaqları olaraq, bu təşəbbüsü alqışladıq və onlayan konfrans keçirib elan etdik. Bununla bağlı müzakirələr çoxdan gedirdi. Çünki ermənilər olmayan tarixi yazırlar, uydururlar. Bunu da yalana söykənib edirlər. Amma bizim əlimizdə real imkanlar var. Bu imkanlardan istifadə etmək üçün də çiynimizi bu ağır və bacara biləcəyimiz yükün altına qoyduq.
Bilirsiniz ki, Qərbi Azərbaycanda bizim İrəvan xanlığı olub. Bütöv Azərbaycanın ən mühüm ərazilərindən biri İrəvan bölgəsidir. İrəvan Anadolu ilə Azərbaycanı birləşdirən strateji bir nöqtədir. Bu səbdən də uzun illər İrəvan uğrunda müharibə getdi. Çar Rusiyası İrəvanı Azərbaycandan qopara bilmirdi, xəyanətkar ermənilər də ona qoşulmuşdular. 1813-cü ildə Çar Rusiyası İrəvan və Naxçıvanı ələ keçirə bilmədi. Amma sonradan 1827-ci ilin sonlarında bu ərazilər işğal olunanda, Sankt-Peterburqda atəşfəşanlıq etdilər, toplardan yaylım atəşi açdılar. Çar I Nikolay Qış sarayında dua mərasimi təşkil etdi. Çünki bu, onlar üçün böyük bir qələbə idi. İşğaldan qabaq isə çar Nikolay əndazəni aşaraq, Naxçıvan və İrəvanın xanlıq statusunu ləğv etmişdi.
İşğaldan sonra erməniləri bir tərəfdən Qacar dövləti, o biri tərəfdən də Osmanlı imperiyasının ərazilərindən Azərbaycanın tarixi torpaqlarına köçürməyə başladılar. Məqsəd də etnik mənzərəni ermənilərin xeyrinə dəyişmək idi. Məlumdur ki, bundan sonra uzun müddət Çar Rusiyasının işğalında qaldıq. Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda isə onlar bütün Quzey Azərbaycan ərazilərinə, Batuma qədər sahib çıxmaq istəyirdilər Amma həmin dövrdə baş verən siyasi hadisələr bu ərazilərə sahib çıxmağımıza imkan vermədi. Rusiya və Avropa dövlətləri buna görə müqavimət göstərdilər, Azərbaycan olum və ölüm qarşısında qaldı. Parçalanma təhlükəsi ortaya çıxmışdı: Azərbaycanın bir hissəsi Gürcüstana, bir hissəsi qondarma Ermənistana, bir hissəsi də Rusiyaya keçirdi. Onu da qeyd edim ki, Gürcüstan da bizim torpaqlarda yaradıldı. Bu yoxolma qarşısında qalan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri İrəvanın ermənilərə verilməsi barədə qərar qəbul etmək məcburiyyətində qaldılar.
Həmin dönəmdə Xalq Cümhuriyyəti yaradılmasaydı, bu gün Azərbaycan adlı dövlət və ərazi olmayacaqdı. Çünki sonradan İngiltərənin əli ilə Qacarlar dövlətində çevriliş baş verdi və hakimiyyətə gətirilən fars Pəhləvi rejimi buraların Azərbaycan olduğunu unutdurmaq üçün min oyundan çıxdı. Yəni bu prosesin tarixi əhəmiyyəti ondan ibarət oldu ki, bura Azərbaycan adını verdilər və şüurumuzda Bütöv Azərbaycan coğrafiyasını qoruyub saxladılar. Bu tarixi missiya idi ki, onlara borcluyuq. O dövrün ağır geosiyasi durumu İrəvanı əlimizdə saxlamağa imkan vermədi. Çətin durumda olan Osmanlı da yardım edə bilmirdi.
- Niyə Osmanlı əraziləri yox, İrəvan? Halbuki erməni dövlətinin yaradılması əvvəlcə Osmanlı ərazilərində planlaşdırılmışdı.
- Rusiya və Qərb dövlətləri ermənilərə vəd vermişdilər ki, sizə dövlət yaradacağıq. Türkiyə ərazilərində bunu edə bilmədilər, buna görə də İrəvan üzərində dayandılar. Köməksiz vəziyyətdə qalmış Azərbaycana qarşı hücuma keçdilər. Digər yandan, İrəvan gələcəkdə Türk Birliyini ortadan bölən bir strateji nöqtə olacaqdı və bunu da düz hesablamışdılar. Bu baxımdan, İrəvan məsələsində Avropa və Rusiyanın maraqları üst-üstə düşdü. İrəvan gələcəkdə Turan Birliyinin yaradılmasının qarşısını almaq üçün strateji bir nöqtə idi. Bu nöqtədə ermənilərə qondarma dövlətin yaradılması Avropa və Rusiyanın gələcəyə hesablanmış planları idi. Rusiya və Avropa həmin dönəmdə nə qədər bir-birində zidd mövqedə dayansa da, İrəvanın işğalında həmrəy oldular.
Bu dövrdə də bu güclərin müqavimətinə cavab verə bilməyən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanı ermənilərə verməyə məcbur oldu. Amma Milli Şurada bu məsələdə səs çoxluğu da olmadı. İkincisi, şərt daxilində İrəvan verildi. İrəvanda yaşayan türklər və ermənilərin bərabərhüquqlu millət kimi tanınması, ermənilərin Qarabağ və Naxçıvana olan iddialarından əl çəkməsi kimi məsələr bura daxil edilmişdi. Yəni saziş bu şərtlər daxilində imzalandı. Amma bu şərtlərin heç birinə əməl olunmadı.
Məlumdur ki, İrəvan xanlığının özünün atributları vardı: bayrağı mövcud idi, öz müstəqil xarici siyasətini yürüdürdü, hərbi hissələri, qardaş Osmanlı dövləti ilə diplomatik yazışmaları var idi. Bu gün isə bu xanlıq işğal altındadır. O da məlumdur ki, 1947-1953-cü illərdə Sovet Rusiyasının qərarı ilə İrəvan ətrafında yaşayan 100 mindən çox soydaşımız ilan mələyən Azərbaycan çöllərinə köçürüldü və İrəvanda, ətrafında xaricdən gətirilən erməniləri yerləşdirdilər. Nəhayət, 1988-ci ildən başlayaraq, növbəti köç dalğasını qaldırdılar. Elə bir vəziyyət yaratdılar ki, Qərbi Azərbaycanda bir soydaşımız belə qalmadı. İndi isə hesab edirik ki, biz fundamental şəkildə hərəkətə keçməliyik. Çünki artıq ermənilərin yalanları ifşa olunub, saxta tarix yaratdıqları artıq çoxdan üzə çıxıb.
Hesab edirəm ki, biz bu məsələdə aktiv olmalıyıq. Baxın, nasist Almaniyası məğlub olduqdan sonra bütün dünya qəbul etdi ki, onların törətdiyi cinayət bəşəri cinayətdir. Alman xalqı da bunu qəbul etdi və bunun məsuliyyətinə görə uyğun qərarlar verdi. Amma ermənilər hələ də bəşəri cinayətlər törətməkdə davam edir. Onların cəzasız qalması yeni-yeni bəşəri cinayətlər yaradır. Bu gün erməni terrorizmi bəşəriyyət üçün böyük təhlükədir. Ermənilər həmişə tarixdə qatil rolunu oynayıblar, indi də bunu oynayırlar. Hesab edirik ki, biz bu qatilləri cəzalandırmalıyıq. Bunun yolu da onların törətdiyi cinayətləri dünyaya qəbul etdirməkdən, həm də Qərbi Azərbaycana – öz ana yurdumuzda qayıtmaqdan keçir. Buna görə də öz iddiamızı ortaya qoymalıyıq. Bu gün saxatakar ermənilər saxta yollarla Qarabağa sahib olmaq istəyirlər, biz də tarixi faktlara əsaslanaraq, öz tarixi torpaqlarımıza qayıtmaq istəyirik. Biz bu istiqamətdə mübarizə aparacağıq. Buna görə də qərar qəbul etdik ki, Qərbi Azərbaycan (İrəvan) Respublikası yaradılmalıdır.
Bu təşəbbüs böyük əks-səda verdi. Ata-babaları Qərbi Azərbaycandan olan. hazırda Türkiyədə, Rusiyada, Avropada, ABŞ-da yaşayan soyadaşlarımız səsimizə səs verdi.
- Bu respublikanın siyasi quruluşu, adı necə olacaq, strukturları müəyyən edilibmi?
- Əlbəttə, strukturları, parlamenti, Baş naziri olacaq. Qərara aldıq ki, parlamentli respublika olsun. Öz qanunvericiliyi hazırlanacaq. Şübhəsiz ki, milli valyutası Azərbaycan manatı olacaq. Özünün daxili işlər, xarici işlər naziri müəyyən ediləcək. Adı hələlik mühacirətdə olan Qərbi Azərbaycan (İrəvan) Respublikası gedir. Amma adı tam aydınlaşmayıb. Bununla belə düşünürəm ki, adı mühacirətdə olan Qərbi Azərbaycan (İrəvan) Respublikası olacaq.
- Beynəlxalq dəstək varmı, bunu təmin etmək üçün hansı addımlar atılacaq?
- Azərbaycan türkcəsində, rus və ingilis dillərində müraciətlər hazırlanır. Artıq Azərbaycanda öz dilimizdə bəyanat verilib. Bundan sonra ingilis dilində dünya birliyinə müraciət olunacaq. Bizim Təşəbbüs Qrupu var. Bu qrupun içindən şura yaradılacaq. Buna Mərkəzi Şura da demək olar. Həmin şuranın fəaliyyət mexanizmi, ilk növbədə, dünya birliyinə müraciət ünvanlamaq və bu istiqamətdə görüşlər təşkil etməkdir. Bu həm xarici məsələləri öz üzərinə götürəcək, həm də daxildə strukturların təsis olunması üçün nəzərdə tutulan işləri görəcək. Bu çərçivədə də dünyanın bütün ölkələri və beynəlxalq təşkilatlarla münasibətlər qurulacaq. Artıq bu yöndə iş gedir. Yaxın müddətdə bu proseslərə start veriləcək.
Təşəbbüs Qrupuna yüzlərlə insan qoşulur. Qərara alınıb ki, prosesə başlamağı uzatmaq lazım deyil, bu şuranı yaratmaq və bundan sonra strukturları formalaşdırmaq lazımdır. Dünyanın bütün ölkələrindən, əsasən də, Azərbaycandan axın var. Nəzərə alınıb ki, ən yaxın müddətdə bacarıqlı və çevik insanlardan ibarət şura yaradılsın. Bu işləri həmin şura görəcək.
- Bəllidir ki, böyük maliyyə resursları tələb edən bir proyektdir. Bu məsələ necə həll ediləcək?
- Bura Azərbaycandan, qardaş Türkiyədən, Avropa və ABŞ-dan qoşulan əslən Qərbi azərbaycanlı olan insanlar var. Onlar bütün gücləri ilə kömək etməyə söz veriblər. Bunu özləri üçün namus və şərəf məsələsi hesab edirlər. Özləri də bildirirdilər ki, məsələnin həllinə belə bir yönün verilməsini arzulayırdılar. Biz Azərbaycanın vətənpərvər, zəngin insanlarına, Qərbi Azərbaycandan, Azərbaycanın digər bölgələrindən olan soydaşlarımıza tam arxayınıq. Biz əminik ki, bu məsələdə problem olmayacaq.
Azərbaycan elə bir durumla üzləşib ki, hər tərəfdən hücuma məruz qalır. Rusiya bir yandan, Ermənistan bir yandan, İran da bir yandan Azərbaycanı sıxışdırmağa çalışır. Dünya birliyində də bizə qarşı ögey münasibət var. Hesab edirik ki, Azərbaycan problemlərini öz həll etməli, öz torpaqlarını özü azad etməlidir. Biz çevik siyasət həyata keçirsək, bizimlə hesablaşacaqlar. Ayağa qalxdınsa, irəli getməlisən.
Biz bu cəsarətli addımı atmaq üçün də öz insanlarımıza arxayınıq, onlara güvənirik. Biz həmişə vətənin ağır günündə bir yerdə olmağı bacarırıq. Bu millət böyük bir millət olduğunu sübut edib, 1989-cu ildə “Dünyanın lider milləti” ünvanını alıb, ilin xalqı elan edilib. Dəfələrlə təfəkkürü, torpaqları parçalanan bu millət həmişə tarixin dağıntıları altından birləşərək çıxmağı bacarıb. Əminəm ki, bu gün də belə olacaq. Qərbi Azərbaycan (İrəvan) mühacirət hökuməti Azərbaycanın bütövləşməsi yolunda böyük bir addım olacaq.