12 May 2020 14:25
4 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Babacan və Davudoğlu əvvəlcədən üçlü bir partiya yaratmaq niyyətində idilər. Sabiq prezident Abdullah Gülü də birgə yaratmaq istədikləri partiyaya cəlb etmək istəyirdilər. Amma aralarında fikir ayrılıqları oldu, bu da onları ayrı-ayrılıqda öz partiyalarını yaratmağa sövq etdi”.

Politoloq Ramiyə Məmmədova belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Cümhuriyyət Xalq Partiyasından (CHP) Türkiyədə karantin rejiminin ləğvindən sonra erkən seçkilərin keçiriləcəyi bildirildi. Düzdür, Prezident Ərdoğan bunun olmayacağını dedi, amma görünən budur ki, daxildə bu məsələ ətrafında gərgin siyasi müzakirə var. Ölkə daxilindəki son gəlişmələr haqda fikriniz nədir?

- CHP və AKP arasındakı bu siyasi gərginlik heç vaxt səngimir. Çünki bu iki partiyadan biri – AKP hakimiyyətdədir, CHP isə ana müxalifət partiyası kimi hakimiyyətə iddialıdır. Bunlar əzəli rəqiblərdir, həmişə də söz güləşdirməklə məşğuldur. AKP və CHP-nin liderləri həm partiyalar arasındakı, həm də şəxsi münasibətlər zəminində bir-birinə qarşı sərt ittihamlar səsləndirirlər. CHP lideri Kamal Kılçdaroğlu bir müddət əvvəl koronavirusla bağlı 16 bəndlik sənəd imzaladı. Bu bəndlərdə Türkiyədə demokratik sistemin qurulması və Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi kimi məsələlər yer alırdı. Burada həm də o ehtiva olunurdu ki, pandemiyadan sonra Konstitusiyaya edilmiş əlavə və dəyişiklər əsasında yeni parlament seçkiləri keçirilsin. Çünki ötən il baş tutmuş bələdiyyə seçkilərindən sonra CHP-nin bir çox iri bölgələrdə üstünlük qazandığını gördük. Bu da partiyaya stimul verir ki, hökumətdən yeni seçki tələb etsin. Əlbəttə, bu tələb Prezident Ərdoğan tərəfindən etirazla qarşılandı. O, erkən seçkinin keçirilməyəcəyini bəyan etdi.

Əlbəttə, hazırkı situasiyada durum o qədər də ürəkaçan deyil. İqtisadi problemlər də gərginliyi bir qədər artırır. Bu baxımdan, düşünürəm ki, indiki vəziyyətdə erkən seçkilərin keçiriləcəyi qeyri-mümkün görünür. Çünki bu prosesə dövlət tərəfindən böyük maddi dəstək lazımdır. Belə bir maddi resursların ayrılması indiki halda Türkiyənin maraqlarına uyğun gəlmir.

CHP və AKP arasındakı münasibətlərə gəlincə, bu gərginlik heç vaxt səngiməyən bir gərginlikdir. Əlbəttə, bu bir siyasi meydandır və hər şey - kimin hakimiyyətə gələcəyi, kimin hakimiyyətdən gedəcəyi burada müəyyən edilir. Artıq Ərdoğanın verdiyi bir sıra qərarlar sual altına alınır, buna görə də iki partiya arasındakı gərginlik getdikcə artır. Bununla belə, mövcud durumun aradan qalxmasından sonra da AKP hökumətinin erkən seçkilərə gedəcəyini düşünmürəm.

- Sabiq baş nazir Əhməd Davudoğlu öz partiyasını elan etdi, baş nazirin keçmiş müavini Əli Babacanın da yaxınlar partiyasını ean edəcəyi deyilir. Sizcə, keçmiş AKP-lilər Ərdoğan iqtidarına qarşı güclü zərbə qüvvəsi qura biləcəklərmi?

- Məlumdur ki, Babacan və Davudoğlu əvvəlcədən üçlü bir partiya yaratmaq niyyətində idilər. Sabiq prezident Abdullah Gülü də birgə yaratmaq istədikləri partiyaya cəlb etmək istəyirdilər. Amma aralarında fikir ayrılıqları oldu, bu da onları ayrı-ayrılıqda öz partiyalarını yaratmağa sövq etdi. Artıq Davudoğlu öz partiyasını açıqlayıb. Bu partiyada keçmiş deputatlar, AKP-nin sabiq üzvləri təmsil olunurlar. Davudoğlunun komandasında AKP-dən incik olan keçmiş nazirlər də var. Davudoğlunun partiyası hələ ki, təşkilatlanmaq mərhələsindədir. Hələlik bu partiyanın böyük perspektivləri görünmür. Çünki özünü tam təsdiq etməyib, hələ buna çox var. Baxmayaraq ki, onun baş nazir keçmişi var, amma bu partiyanın öz yerini tutması üçün uzun zaman lazımdır.

Babacan isə hələlik partiyanı açıqlamayıb, qurmaq istədiyi komandada kimlərin olacağı tam məlum deyil. Əlbəttə, orada AKP-dən gedənlər, Ərdoğandan küsüb partiyadan uzaqlaşanlar və bir sıra sabiq nazirlər olacaq. Gülün isə Babacanın partiyasında olub-olmayacağı bilinmir. Əli Babacan həm də Türkiyənin keçmiş iqtisadiyyat naziridir. Bu baxımdan onun iqtisadi proqramları var. Hər çıxışında da bildirir ki, ölkədə yeni iqtisadiyyat qurmaq istəyirlər. Əlbəttə, onlar Qərb dövlətlərindən dəstək almaq niyyətindədirlər. Bu yöndə hazırlıqlar gedir. Amma buna baxmayaraq, Babacan partiyanın nə vaxt təsdiqlənəcəyini və açıqlanacağını gündəmə gətirmir.

- Digər yandan, Suriyada olduğu kimi, Türkiyənin Liviyadakı hərbi qüvvələrini artıracağı da müzakirə mövzusudur. Türkiyə Liviyadakı böyük geosiyasi oyunun tam iştirakçısına çevrilə bilərmi?

- Artıq Türkiyə bölgədə gedən geosiyasi proseslərdə böyük oyunçuya çevrilib. Türkiyə Suriyadakı hərbi varlığını qoruyub saxlayır. Türkiyə Rusiyaya paralel olaraq, addımlayır, geri çəkilmək fikrində deyil. Əlbəttə, digər yandan, Rusiya ilə danışıqlar davam etdirilir, çünki tərəflər arasında gərginlik bir qədər səngisə də, hələlik tam aradan qalxmayıb. Sadəcə olaraq, koronavirus pandemiyasına görə bölgədə bir qədər sakitlik hökm sürür. Bununla belə, Türkiyə Suriya sərhədləri daxilində PKK və digər terror təşkilatlarına qarşı mübarizəsini davam etdirir. Hesab edirəm ki, Suriyadakı gərginlik koronavirusdan sonra özünü yenə də göstərəcək. Yəni pandemiyanın başa çatmasından sonra Suriyada durumun yenidən gərginləşəcəyini düşünürəm.

Liviyaya gəlincə, pandemiyaya baxmayaraq, bu ölkədəki gərginlik aşağı düşmədi. Qiyamçı Haftar ordusu ilə hökumət qüvvələri arasında döyüşlər davam edir. Haftar ordusunun paytaxt Tripolidəki beynəlxalq hava limanına son hücumlarının qarşısı hökumət qüvvələri tərəfindən alındı. Əlbəttə, hökumət qüvvələrinin qiyamçılar üzərində üstünlük qazanmasında Türkiyənin böyük rolu var. Məlumdur ki, Türkiyə Liviyanın BMT tərəfindən tanınmış legitim Milli Sülh Hökumətinə dəstək verir. Digər yandan da qiyamçı Haftar ordusuna zərbələr endirir.

Xəlifə Haftarın bir müddət əvvəl özünü Liviya dövlətinin başçısı elan etməsi, Rusiya da daxil olmaqla bir çox ölkənin etirazlarına səbəb oldu. Hətta müttəfiq olan dövlətlər də açıqlama verərək ona dəstək olmadıqlarını bildirdilər. Türkiyəyə gəlincə, bu dövlətin artıq Liviyadan geri çəkilməsi mümkünsüzdür. Söhbət Aralıq dənizində aparılan karbohidrogen axtarışlarından gedir. Artıq bir çox dövlət bu axtarışları dayandırıb. Təkcə Türkiyə geri çəkilmədi. Avropa dövlətləri pandemiyaya görə maddi problemlərlə üzləşdikləri üçün Aralıq dənizindən geri çəkilməyə başladılar. Pandemiyaya baxmayaraq, Türkiyə bölgədəki varlığını qoruyur. Yunanıstan, Misir, İsrail və Cənubi Kipr çalışır ki, Türkiyə Arlıq dənizindəki axtarışlarını dayandırıb geri çəkilsin. Lakin Türkiyə Liviya hökuməti ilə saziş imzalayıb və bu anlaşma əsasında da, dənizdəki fəaliyyətini davam etdirir.

Hesab edirəm ki, Liviyanın mövcud hökumətinin hakimiyyətdə qalması Türkiyə üçün vacib bir məsələdir. Buna görə də, Türkiyə sonuna qədər Haftar qüvvələrinə qarşı hökumətə dəstək vermək niyyətindədir. Artıq parlamentdə də müzakirə olundu ki, Türkiyə Liviyaya hərbi qüvvə göndərsin. Koronavirusdan sonra Liviyaya böyük ölçüdə hərbi qüvvənin göndərilməsi məsələsinə yenidən baxılacaq. Mümkündür ki göndəriləcək. Çünki Türkiyə Haftar qüvvələrini meydandançıxarıb hökuməti gücləndirmək istəyir.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət edir. Aralıq dənizindəki payını da beynəlxalq qanunvericiliyə uyğun müəyyənləşdirir. Əlbəttə, bölgədəki bu fəaliyyətləri Türkiyənin güclü və müstəqil bir dövlət olduğunu göstərir. Hesab edirəm ki, Türkiyə beynəlxalq hüquq normalarına əsaslanaraq, öz gücünü nümayiş etdirir, milli maraqlarını və təhlükəsizliyini təmin edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər