12 may 2020-ci il tarixində Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) videokonfrans formatında iclası keçirilb.
Azərbaycan Xarici işlər Nazirliyindən (XİN) Teleqraf.com-a bildirilib ki, iclasda Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikasının Xarici İşlər nazirləri və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi iştirak etmişlər. İclasa sədrliyi Özbəkistanın Xarici İşlər naziri, MDB XİNŞ-in sədri Əbdüləziz Kamilov edib.
Görüş zamanı səsləndirilən çıxışlar zamanı tərəflər XİNŞ-in bugünkü görüşün çətin zamanda - COVİD19 koronavirus dövründə keçirildiyini qeyd edərək, pandemiya ilə bağlı vəziyyəti beynəlxalq əməkdaşlığın bütün sahələrinə təsir etdiyi vurğulayıblar. Pandemiya ilə bağlı bir sıra beynəlxalq tədbirlərin təxirə salınmasına baxmayaraq, bugünkü tədbirin təşkilinə görə Özbəkistan tərəfinə minnətdarlıq ifadə olunub.
XİN rəhbərləri öz çıxışlarında cari ilin 9 may tarixində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinin qeyd olunduğunu vurğulayaraq, tarixin saxtalaşdırılması, nasist cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərini xüsusi olaraq pisləmişlər.
AR Xarici İşlər naziri Elmar Məmmədyarov öz çıxışında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermədiyini və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneə olduğunu qeyd edib. Nazir, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququnun mövcudluğunu vurğulayıb.
Üç saat davam edən görüş çərçivəsində XİNŞ-in gündəliyinə daxil edilən 14 məsələyə baxılıb. O cümlədən, beynəlxalq gənclər əməkdaşlığı, bədən tərbiyəsi və idman, mədəniyyət və digər əməkdaşlıq sahələrini əhatə edən mühüm sənədlər, habelə 2019-cu ildə MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələrin həyata keçirilməsi Planı və 2020-ci il üçün Plana dair Qərar imzalanıb.
İclasın yekunu olaraq qəbul olunan sənədlərin bir qismi baxılması üçün MDB hökumət başçıları Şurasına, digər qismi isə MDB dövlət başçıları Şurasına təqdim olunacaqdır.