2012-2017 ci illərdə Yaxın Şərqdə müharibələr əsasən, məzhəb qarşıdurması fonunda baş verirdisə, indi islamçılarla dünyəvilərin qarşıdurması digər məsələləri kölgədə qoyub.
Bu fikirləri Teleqraf.com-a şərqşünas Samid Bağırov ərəb coğrafiyasında müşahidə edilən qarşıdurmaları şərh edərkən deyib.
Müsahibimiz əlavə edib ki, Yəmənin cənubunda “hökumət”lə separatçıların qarşıdurması həm də İxvanəl-Müslimin və dünyəvilərin qarşıdurmasıdır. Onun sözlərinə görə, Liviyada da legitimlik uğrunda qarşıdurma islamçı və dünyəvilərin qarşıdurması kimi anlaşıla bilər: “Ərəb-sünni dünyasında islamçıları dəstəkləyib maliyyələşdirən Qətər və Türkiyədir. Əks qütbdə duran cəbhə xəttini isə Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı dəstəkləyir”.
Mütəxəssisin fikrincə, bu savaşda islamçılar qalib gəlsə, qarşıdurmalar mötədillərlə radikal təkfirçilər arasında davam edəcək: “Yox, əgər dünyəvilər qalib gəlsə, qarşıdurma demokratçılarla hərbçilərin arasında davam edəcək. Bəs bu savaş haçan bitəcək? O zaman bitəcək ki, beynəlxalq tərəflər burda enerji resurslarının olmadığına əmin olsunlar. Eynən cahiliyyət dövrü kimi imperiyalar bu boş səhralarda bir şeyin olmadığına görə, ora ayaq basmağı faydasız bilirdilər. Kral Feysəl əsassız yerə demirdi ki, bizə neft lazım deyil, babalarımız kimi dəvəyə minib, keçi südü içib, xurmaya meyl etsək, bəs edər”.