Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Baş naziri Sergey Rumasla söhbətində Rusiyadan idxal olunan təbii qazın qiymətinin azaldılmasının zəruriliyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, A. Lukaşenko deyib:
“Ötən gün mənə məlumat gəldi ki, Rusiya bu çətin dövrdə Avropaya təbii qazı Belarusa olduğu kimi 127 dollara deyil, 70 dollara yaxın, daha dəqiq 65-68 dollara satır. Bu sahədə situasiya və vəziyyət necədir, biz gələcəkdə nə gözləyə bilərik... Belarus üçün təbii qazın qiymətini azaltmaq üçün bu günə qədər nə edildiyini bilmək istərdim”.
O qeyd edib ki, Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünün qeyd edildiyi bir ildə Rusiya qazını Almaniyaya Belarusa nisbətən daha ucuz satmaq heç də yaxşı deyil.
Qeyd edək ki, A. Lukaşenko aprel ayında Rusiyanı COVID-19 koronavirus infeksiyası ilə əlaqədar olaraq Belarusa satdığı təbii qazın qiymətini aşağı salmağa çağırmışdı. O bildirmişdi ki, mövcud vəziyyətdə təbii qazın qiyməti daha çevik olmalıdır.