Milli Məclisin deputatı Asim Mollazadə Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarını Teleqraf.com-a şərh edib. Müsahibəni təqdim edirik:
- Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarında ilk dəfə olaraq ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirir. Bu qərarı necə dəyərləndirirsiniz?
- Bütün beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarına, təməl sənədlərə uyğun olaraq, üzv olan, əməkdaşlıq edən ölkələrin ərazi bütövlüyünü tanımalı və bununla bağlı müvafiq qərarlar qəbul etməlidir. Keçmiş SSRi ərazisində bir neçə münaqişələr var və bu münaqişələr nəticəsində işğal olunmuş ərazilər, yüz minlərlə qaçqınlar var. Bu fakta da düzgün qiymət verilməlidir. Bütün beynəlxalq təşkilatlardan, xüsusən Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatların hamısından biz belə qərarların qəbul edilməsini tələb edirik. Bu məsələ həm Avropa Birliyi, həm də Avropa Şurası tərəfindən müvafiq qətnamələrdə öz əksini tapıb. Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı beynəlxalq hüquq normalarına əsaslanaraq, ərazi bütövlüyünü tanıyan növbəti sənəddir. Lakin bir məsələ də var ki, bu cinayəti törətmiş ölkələrə qarşı qınaq yoxdur. Onların qarşısında işğalı dayandırmaq, ərazi bütövlüyünə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılması tələbi qoyulmalıdır. Avropa Birliyi, digər ölkələr tərəfindən ayrı-seçkilik də müşahidə olunur.
- Hansı ölkəyə qarşı?
- Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Amma Ermənistanın işğalına qarşı laqeyd qalıblar. Bu, özlüyündə hüquqi nihilizmi göstərir. Bunu hüquqi hörmətsizlik faktı kimi qiymətləndirirəm.
- Yekun qərarın 17-ci bəndində hərbi münaqişələr məsələsinə yenidən toxunulur, Şura ŞT regionunun bəzi ölkələrində münaqişələrin qarşısının alınması, etimadın yaradılması və razılaşdırılmış danışıqlar formatları və prosesləri çərçivəsində münaqişələrin danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin mövcud Minsk Qrupu danışıqlar formatına əvvəlki dəstəyini ifadə edir. Bu qərara münasibətiniz necədir?
- Hamı öz məsuliyyətini dərk etmək əvəzinə, hər şeyi Minsk qrupunun üzərinə atır. Guya Minsk qrupu nəyə nail olub? Çox təəssüflənirəm ki, bir çox vaxtlarda beynəlxalq hüquq normalarına hörmət yoxdur. Hörmət ancaq gücə və ədalətsizliyə var. Bu da beynəlxalq təşkilatları nüfuzdan salır, həm də onların fəaliyyətinə və qəbul etdiyi qərarlara inam itir.
- Sənədin 5-ci bəndində vurğulanır ki, Şura yeni çərçivə Sazişi ilə bağlı Aİ və Azərbaycan arasında davam edən danışıqların proqressini alqışlayır. Bnu uzun zamandır rəsmi Bakının apardığı danışıqların və yürütdüyü siyasətin qələbəsi kimi dəyərləndirmək olarmı?
- Bu, hər iki tərəfin əməkdaşlıqda maraqlı olduğunu göstərir. Avropa Birliyi Azərbaycanın mühüm ticari tərəfdaşıdır. Enerji sahəsində tərəfdaşlıq sazişi imzalanıb, Azərbaycan Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi layihələr böyük önəm daşıyır. Eyni zamanda bir məsələni də xüsusi vurğulamaq istərdim ki, nəqliyyat sahəsində Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi sistemi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətlərdə Azərbaycan-Avropa Birliyi əməkdaşlığı üçün çox gözəl imkanlar var. Hər iki tərəf bu istiqamətdə öz maraqlarına uyğun hərəkət etməlidir. Danışıqların gedişi barəsində Avropa Birliyinin fikirlərinə müsbət yanaşıram, danışıqlar davam edir, qərarlar qəbul olunacaq və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq davam edəcək. Yekun qərarın 12-ci bəndində Şura tərəfindən nəqliyyat, enerji və rəqəmsal texnologiyarlar baxımından, keyfiyyətli infrastrukturun təşviq edilməsi daxil olmaqla qayda-qanuna əsaslanan, açıq və etibarlı bağlantıların dəstəklənməsinin həm Aİ, həm də ŞT ölkələrinin iqtisadi inkişafı, regional inteqrasiya, ticarət və mobillik üçün əsas elementlərdən bir olması vurğulanıb. Bu, Cənub Qaz Dəhlizinin, həmçinin Azərbaycanın dünyanın bir sıra istiqamətlər üzrə beynəlxalq bağlantıların, loqistik-nəqliyyat-tranzit şəbəkəsinin fəaliyyətinin təmin edilməsi baxımından oynadığı vacib rolun dəstəklənməsi kontekstində nəzərə alınmalıdır. Eləcə də Azərbaycan Avropa Birliyi ilə təhsil və mədəniyyət sahəsində münasibətləri genişləndirməkdə maraqlıdır. Bu istiqamətdə potensial var.
- Yeri gəlmişkən, sənədin 3-cü bəndində bildirilir ki, Şura “əhatəlilik” (inclusiveness) və “fərqləndirmə” (differentiation) prinsiplərinə uyğun İttifaqla ŞT ölkələri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsini alqışlayır və ŞT-nin çoxtərəfli ölçüsünün əhəmiyyəti qeyd olunur...
- İşğalçı ölkə Ermənistan istisna olmaqla Azərbaycan bütün Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər qurur, möhkəmləndirir və genişləndirir. Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrlə iqtisadi, mədəni, ticari, logistik sahələrdə olan əməkdaşlıq qarşılıqlı maraq doğurur. Avropa Birliyinin bu prosesisə dəsətyini müsbət dəyərləndirirəm.