14 May 2020 19:56
3 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Rasim müəllim, Ermənistan hökumətinin Şuşanın işğal günündə bu şəhərə gələrək, tədbirlər keçirməsi bir daha göstərdi ki, bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, düşmən mövqeyini dəyişməyəcək. Siz bu durumu necə qiymətləndirirsiniz?

- Onlar üşün əsas qələbə günü Şuşanı əldə etdikləri gündür. Bu haçana qədər davam edəcək? O zamana qədər davam edəcək ki, torpaqlarımıza əl gəzdirib oranı ermənilərdən təmizləmək fürsəti yaranacaq. Bunun üçün bir tərəfdən biz hazır olmalıyıq, digər tərəfdən də beynəlxalq vəziyyət buna imkan yaratmalıdır. Özümüz faktiki buna hazırıq. Baxın, pandemiya dövründə belə Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlər həyata keçirir. Konkret olaraq, Azərbaycan ordunun səfərbər vəziyyətdə saxlanılması üçün bütün işləri görür. Amma bunun üçün bir fürsət də olmalıdır.

- Beynəlxalq cəhətdən münbit şərait olmalıdır deyəndə nəyi nəzərdə tuturunuz?

- Məsələn, təsəvvür edin ki, Rusiya azı bir ay Ermənistandan əlini çəkir.

- Moskvanın Nikol Paşinyana mənfi münasibəti konteksində bunu mümkün hesab etmirsiniz?

- Bəli, rusların üzdə Paşinyana münasibəti mənfidir, amma Rusiyanın geopolitik maraqları var. Onlar bütün bu məsələləri Paşinyana bağlamırlar. Əlbəttə, Paşinyana münasibətin mənfi olması müsbət amildir, ancaq yetərli deyil. Azərbycan üçün vacibi odur ki, Rusiya Ermənistana şapalaq vurmaq, Paşinyanı siyasi səhnədən silməyə razı olsun. Həmçinin bu riskli davranış olduğu üçün həm də lazımdır ki, Türkiyə bizə bu məsələdə lazımı dəstəyi verməyə hazır və belə bir əməliyyatın keçirilməsinə razı olduğunu bildirsin. Ən azı bu iki amil olmalıdır ki, biz əməliyyatı başlaya bilək. Və ya ola bilsin ki, İranda vəziyyət dəyişir, onlar Fələstində ərəbləri deyil, gözləri qarşısında Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə sərt reaksiya verirlər. Bu halda ermənilər İranla sərhəd 4 rayondan çıxmalı olarlar. Təəssüflər olsun ki, biz hələlik bunu görmürük.

- Demək daha çox şey Rusiyadan asılıdır. Bəs qlobal iqtisadi böhran, neftin qiymətinin dəyərdən düşməsi buna gətirib çıxara bilərmi?

- Nəzəri baxımdan bunun təsiri ola bilər. Ancaq nəzərə alın ki, bu siyasətdir və hər şey mümkündür. Rusiya elə təəssürat yarada bilər ki, erməni ağıla gəlmir və ona şapalaq ilişdirmək lazımdır. Amma burada məqsəd heç də Azərbaycan, bizim marağımız olmaya da bilər. Nəzəri baxımdan münaqişə alovlanır, ermənilər 30-40 kilometr ərazini boşaltmağa məcbur olur, eyni zamanda münaqişə alovlandığı halda erməninin arxasından "İsgəndər"lə neft müəssisələrinə raket atılır. Nəticədə bizim neftiimiz 2-3 ay müddətinə bazardan çıxır və bu hal bazarda neftin qiymətinin qalxmasına kömək edir. Üstəlik Rusiya da öz neftinin o bazarlarda satışına nail olur. Yəni nəzəri baxımdan belə planlar ola bilər. Odur ki, biz qazanc və itkilərimizin nə olacağını diqqətlə ölçüb-biçməliyik. Lap biz 5 rayonu da müharibəsiz azad edə bilərik, amma yerdə qalan əraziləri birdəfəlik itirməyin müqabilində. Ancaq Azərbaycan buna heç vaxt getməyib.

- Qonşu İranın işqal edilən Cəbrayıl istiqamətində körpü tikməsi və İranın yük avtomobillərinin Xankəndinə yük aparmasını, Kəlbəcər aşırımında görüntülənməsini necə qiymətləndirmək olar?

- Bunu kimin təşəbbüsü ilə edirlər? Açıq deyim ki, bu, İran dövləti üçün elə də əhəmiyyətli məsələ deyil. Bunda daha çox Ərdəbil və Təbrizin yerli hökumətləri maraqlıdır. Kimlər İranda yük maşınları ilə gedib İrəvan bazarlarına çıxırlar, Xankədinə ərzaq aparırlar? Bunlar türk dilində, azərbaycanca danışırlar. Yəni azərbaycanlılardır. Bəs qardaşlıq, dəstək haradadır? İrəvan bazarlarında iranlıların hamısı azərbaycan dilində danışırlar. Ermənistanda çoxları var ki, türk dilində az da olsa başa düşürlər, onlar fars dilində bilmirlər. İrandan ora gedənlər hansı dildə ünsiyyət qururlar? Azərbaycan dilində. Vəssalam. Onlar Fələstin üçün göz yaşı tökürlər, gedib Suriyada can qoyurlar. Bəs, göz önündə olan bu fakt? Amma bütün bunlarla yanaşı reallığı olduğu kimi görmək və nəzərə almaq vacibdir.

- Rasim müəllim, Araz çayı üzərində həmin körpünün tikilməsi, SES qurulması məsələsi Azərbaycan və İran arasında razılaşdırılıb...

- Əvvəla qeyd edim ki, orada körpü avtomatik ortaya çıxıb. Sən su elektrik stansiyaları qurursan, bəndlər tikirsən. Bu çayın önünü kəsir və avtomatik körpü yaranır. Birincisi, təsəvvür edin ki, mən bunun əleyhinə çıxıram, amma orada bu şeylər tikilir. Yəni mən etirzımı edirəm, onlar da işini görürlər. Buna görə onunla diplomatik müharibə edəcəydim? Beləcə münasibətlər bir qədər də korlanacaq və bundan qazanan kim olacaqdı? Sözsüz ki, ermənilər. İkncisi, itkiləri minimuma endirmək üçün razılaşma ortaya çıxır. Bəli, bura Azəbaycan ərazisidir, Azərbaycan onun tikintisinə icazə verir. O şərtlə ki, əldə edilən elektrik enerjisi İrana çatacaq və Azərbaycana düşən pay da Naxçıvana ötürüləcək. Bu layihənin xərclərini də İran çəkir. Bu ərazilər Azərbaycanın nəzarətinə keçdikdən sonra həmin obyektin xərc və gəlirləri yenidən hesaba vurulacaq. Mən bu iki yanaşmadan ikincisini daha məqbul hesab edirəm. Hesab edirəm ki, real vəziyyətdən daha az itkilərlə çıxmaq doğru addımdır. Mən bilsəm ki, buna yox deyəndə etməyəcəklər, elə "yox" deyirdik də. Ancaq onlar altdan-altdan işi görüblər.

- Pandemiya, qlobal iqtisadi böhran, neftin dəyərdən düşməsi Rusiyanın geopolitik oyunlar oynadığı məkanlardan geri çəkilməsinə səbəb ola bilərmi?

- Məsələn, Rusiya İranla bağlı dəstəyini çəkməyəcək. Rusiya İrana pulsuz heç nə vermir. Amma diplomatik və siyasi dəstək verir. ABŞ-a mesaj verir ki, İrana soxulsan, buna göz yummayacağam. Rusiya İrana müftə nə bir şey verir, nə də bunun xərcini çəkir. Əksinə, İrana nələrsə satır və qazanır. İranın sanksiya altında qalması əslində Rusiyaya xeyirdir. İran və Venesuela nefti dünya bazarına çıxsa, bazarda vəziyyət indikindən daha ağır olardı. Mənə elə gəlir ki, indiki vəziyyətdə Səudiyyə Ərəbistanı ilə İranın vuruşması Rusiyanın maraqlarına tam cavab verər, neftin qiyməti qalxardı. Düşünürəm ki, belə istəklər var və yəqin ki, bu istiqamətdə işlər də aparılır.

İkincisi, Rusiya Suriyada elə böyük xərc çəkmir ki, buna görə oradan çıxsın. Ümumən Krım, Donbas, Osetiya, Abxaziya, Dnestryani region və digər münaqişələr var. Bu gün Rusiyada hakim mövqedə olanlar əslində hərbi sənaye, güc strukturlarıdır. Onların da qazancı belə münaqişə yerlərindən çıxır. Düşünmürəm ki, onlar bundan imtina edə bilərlər. Suriyada cürbəcür əməliyyatlar gedir və hərbçilər bundan qazanır. Elə Donbasda, Osetiyada da. Bu mənada Rusiyanın marağı olduğu rehionlardan geri çəkiləcəyini gözləmirəm. Hökumətə nəzarət edən qüvvələr hakimiyyətdən çəkilməyənə qədər bu siyasət dəyişməyəcək. O başqa məsələdir ki, aqressivlik azala bilər. Anlayırlar ki, aqressiya gücləndiyi halda onların bank hesabları dondurula, dünyadan təcrid oluna bilərlər. Neftləri ola-ola dünyaya neft sata bilməz və Çinin arxasında gizlənməli olarlar. Odur ki, daha çox aqressiyanın azalması ağlabatan görünür.


Müəllif: Cavad