14 May 2020 18:25
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Manaflının LGBT ilə bağlı ifadələrindən məlumatsızam. Nə onlara hücumlardan, nə də hücum edənlərin mövqelərindən məlumatım yoxdur. Sosial şəbəkələrdə bununla bağlı açılan müzakirələr barədə də indi eşidirəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, VHP-nin funksioneri və müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Eldəniz Quliyevin jurnalist İsmayıl Cəlilov haqqında səsləndirdiyi etikadankənar bəyanatın onlayın müzakirəsi zamanı deyib ki, 1941-1945-ci illərdə Adolf Hitler "gey"ləri qırıb bitirməli idi. Bununla da Eldəniz Quliyevin bəyanatı bir kənara qalıb və gündəmi siyasətçi Manaflının LGBT ilə bağlı aqressiv fikirləri tutub. Hazırda Milli Şura bu mövqeyinə görə, sosial şəbəkələrdə ciddi tənqid edilir.

VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, insanın öz iradəsindən asılı olmayan və həm də müalicəsi mümkün olmayan xəstəliklərə dözümlü və sakit yanaşmaq lazımdır.

Rafiq Manaflının çağırışından xəbəri olmadığını, çağırışın ola bilsin ki, Milli Şurada səsləndirildiyini bildirən Rüstəmxanlı bu fikirlərin VHP ilə əlaqəsi olmadığını bəyan edib:

“Biz partiyada bunun müzakirəsini açmayacağıq. Rafiq Manaflının dedikləri onun şəxsi fikridir. Nə dediyini bilmirəm, amma bu fikirlər Rafiq Manaflıya aiddir. Onun dediklərinin partiyaya aidiyyəti yoxdur. Təəssüf ki, Rafiq bəy son dönəmlər partiyadan daha çox Milli Şurada olur. Onun partiyaya, partiyanın mövqeyinə aidiyyəti yoxdur. Biz partiya olaraq belə işlərə qarışmırıq. Hər kəsin azadlıq hüququ var və istədiyi kimi yaşayır. Belə məsələləri siyasi mühitə gətirmək və müzakirə mövzusuna çevirmək olmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər