15 May 2020 12:23
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, eləcə də beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ümumi öhdəlik” (shared commitment) kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir. Bunu əvvəllər dəfələrlə Azərbaycan tərəfindən edilən çağırışlara müsbət cavab kimi qiymətləndirə bilərik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə dəstəklənməsinin birmənalı şəkildə ifadə olunmasını tələb edib və bu tələb hər zaman qüvvədə olacaq:

“Eləcə də bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunmasının bir prinsip olaraq qəbul edilməsi və bunun da sənədlərdə öz əksini tapması Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Aİ ilə əməkdaşlıq edərkən irəli sürdüyü ən vacib şərtdir. Bu baxımdan, Avropa İttifaqı Şurası tərəfindən bu il qəbul olunan 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarda Azərbaycanın maraqları tam təmin olunub”.

Millət vəkili qeyd edib ki, qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığı ərazisində demokratiya, rifah və sabitliyin qurulması Aİ və ŞT ölkələri üçün ümumi öhdəlik kimi təsbit olunub ki, bu da Aİ-nın ŞT ölkələrilə daha fəal əməkdaşlığına yol açır:

“Bizim üçün mühüm əhəmiyyət kəsb edən digər bir məqam yenə də həmin bənddə qeyd olunmuş əməkdaşlıq prinsipləridir. Bu prinsiplərə görə, ŞT ölkələrində “ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, səmərəli idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatı” Aİ ilə ŞT arasında əməkdaşlıqda ümumi öhdəliklər kimi qəbul olunur. Adətən, bu sənədlə qəbul olunan qərarlar bir sonrakı Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsi üçün əsas təşkil edir. Belə olan halda, Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən hazırkı sənəddə ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin qeyd edilməsi, bu prinsiplərin həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələri üçün ümumi və ortaq öhdəliklər olaraq müəyyən edilməsi olduqca müsbət haldır, bizim milli maraqlarımıza tamamilə uyğundur”.

Sənədin 5-ci bəndində Şuranın yeni çərçivə sazişi ilə bağlı Aİ və Azərbaycan arasında davam edən danışıqlarda olan irəliləyişi alqışladığına dair məsələyə gəlincə, Cavanşir Feyziyev qeyd edib ki, Aİ ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan Müqaviləyə istinad olunması bizim üçün xüsusi əhəmiyyətə malikdir:

“Bildiyiniz kimi, Müqavilə üzərində işlər yekunlaşdıqdan sonra onun Layihəsi həm milli parlamentlər tərəfindən, həm də Avropa Parlamenti tərəfindən təsdiq olunmalıdır. Bu, bir tərəfdən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanacaq yeni və daha müfəssəl Müqavilənin Avropa İttifaqı dövlətlərinin diqqət mərkəzində saxlanılması deməkdir, digər tərəfdən isə Aİ-nın bu Müqaviləylə bağlı davam edən danışıqlar prosesini tezliklə yekunlaşdırmaqda maraqlı olduğunu özündə ehtiva edir”.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər