15 May 2020 18:20
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezident İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında qarşılıqlı münasibətləri, təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını təsdiqləyir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın məktubunda ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkilir və dövlətimizin ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması vurğulanır. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək, həm regional, həm də qlobal problemlərin həllində ölkəmizin yaxın tərəfdaş kimi rolunu yüksək qiymətləndirir. Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastrukturlar, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğu üçün Azərbaycanın başlatdığı Qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur və ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərininin inkişafında təkanverici faktora çevrilib”.

Deputat bildirib ki, ABŞ, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsəd dövlətlərindən biri və beynəlxalq münasibətlər sisteminin aparıcı oyunçusu kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir:

“ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində çoxtərəfli, dayanıqlı beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir”.

Aydın Hüseynovun sözlərinə görə, ABŞ Azərbaycanla iqtisadi və geniş hüquqi islahatlar sahəsində də sıx əməkdaşlıq edir, açıq iqtisadi əlaqələrin intensivləşməsi üçün dəstəyini əsirgəmir:

“Son illərdə iki ölkə arasında siyasi, ticari-iqtisadi və strateji sahələrlə bərabər, həmçinin enerji, nəqliyyat, humanitar, mədəni, elm, təhsil, informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əməkdaşlıq davamlı olaraq inkişaf edir.

Prezident İlham Əliyevin ABŞ-a səfərləri zamanı apardığı səmərəli danışıqlar və imzalanmış bir sıra mühüm rəsmi sənədlər ölkələrimiz arasındakı münasibətləri yeni, əsl tərəfdaşlıq səviyyəsinə yüksəldib. İki ölkə arasında əlaqələrin genişlənməsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də öz töhfəsini verib. Əməkdaşlığın genişləndirilməsində ABŞ Ticarət Departamentinin rolunu qeyd etmək lazımdır. Bu təşkilat ABŞ şirkətlərinin ölkəmizə investisiya qoyuluşu, sənaye, xüsusilə də neft maşınqayırması sahəsində birgə müəssisələrin yaradılması, əczaçılıq, kənd təsərrüfatı, turizm, İKT, ticarət sahələrində də əlaqələrin inkişafı üçün imkanların səfərbər edilməsində mühüm rol oynayır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər