16 May 2020 13:08
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şura yarananda Azərbaycan ictimaiyyətinə bəlli idi ki, bu qurum kənar qüvvələrin və ya xarici dövlətin təşəbbüsü ilə yaradılıb. Şura Azərbaycan dövlətinə təzyiq vasitəsi olaraq ortaya atılmış bir proyekt idi. O dönəmdə Milli Şuranın üzdə olan şəxsləri açıq şəkildə bildirdilər ki, bu, Rusiya tərəfindən yaradılmış bir qurumdur”.

Milli Şuranın videokonfransında səsləndirilən fikirlər və sözügedən qurumda baş verən istefalar haqda Teleqraf.com-a danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı belə deyib.

Son istefalara münasibətini bildirən BAXCP rəsmisi Milli Şuranın parçalanmağa məhkum olduğunu və bu prosesin tədricən sürət qazandığını bildirib:

“Hələ 2013-cü ildə şura rəhbərliyində təmsil olunan şəxslər Rusiya Prezdenti Vladimir Putinə məktub ünvanladılar ki, şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun vətəndaşlığı ləğv edilsin, prezident seçkisində iştirakına imkan yaradılsın. Yəni, Milli Şuranın xarici proyekt olduğunu hər kəs bildi. Bu günə qədər bu qurumu idarə edən Əli Kərimlidir. Bu gün isə Milli Şurada təmsil olunan bəzi şəxslər bir daha cəmiyyətə öz biabırçı əməllərini nümayiş etdirdilər. Cəmil Həsənlinin, vaxtilə deputat mandatı olanda bələdiyyələrdən özünə torpaq alan, varidat yığan Gültəkin Hacıbəylinin əsl siması göründü. Onlar özlərinə “ziyalı”, “professor” desələr də, əslində faşist olduqlarını bildirdilər. Bu davranışlar mədəniyyət və etikadan kənardır. Açıq şəkildə LGBT icmasının üzvlərinin məhv edilməsinə çağırışlar etdilər. Bu nə deməkdir? Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri müxalifətdə ola-ola bu cür düşüncə sahibi olduqlarını çəkinmədən nümayiş etdirirlər. Kimliyindən asılı olmayaraq, insanları məhv etməyə çağırış faşist təfəkkürüdür. Bütün bunlar onların öz şəxsi maraqları üçün siyasi fəaliyyətlərlə məşğul olduqlarını, öz mənfəətləri üçün istənilən yola əl ata biləcəklərini və ən əsası da, siyasətdə təsadüfi adamlar olduqlarını nümayiş etdirdi. Gültəkin Hacıbəylinin növbəti seçkilərdə Milli Məclisə seçilə bilməməsindən sonra müxalifətə qoşulması, bunun əyani sübutudur.

Eldəniz Quliyev Milli Şuradan istefa verəndən sonra da, açıq şəkildə bəyan etdi ki, onlar xarici qüvvələrin təsirindədir, Amerikanın hansısa bir konqresmeninin nəzarətində olan bir agentinin tapşırıqlarını icra edirlər. Burada söhbət Xədicə İsmayıldan gedir. Yəni amerikalı konqresmenin agenti olan Xədicə İsmayıl Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Əli Kərimli və digərlərini idarə edir. Biz dəfələrlə Millli Şuranın xaricdən idarə olunmasını demişdik”.

Niyaməddin Orduxanlı xatırladıb ki, Milli Şura vaxtilə Rusiyanın bəlli siyasi dairələri və bu ölkənin rəhbərliyində təmsil olunan müəyyən şəxslər tərəfindən yaradılmışdı:

“2013-cü ildə keçirilən prezident seçkisindən sonra Milli Şura öz missiyasını başa vurdu və Rüstəm İbrahimbəyov buradan aralaşdı. Amma bu missiyanı Əli Kərimli öz üzərinə götürdü, şuranın iplərini ələ aldı. Eldəniz Quliyevin istefası da, şurada baş verənlərə bir etiraz forması idi. Eldəniz Quliyevlə yanaşı, digərləri də açıq şəkildə bəyan etdilər ki, biz xarici qüvvələrin tapşırıqlarını yerinə yetirənlərin əleyhinəyik. Habelə, bu istefalarla LGBT məsələsinin müzakirəsinə etiraz olundu. Şurada bir qismi Qərbə, bir qismi İrana, bir qismi də Rusiyaya meylli olan qüvvələr arasındakı narazılıq belə bir vəziyyət yaratdı. Başqa sözlə, əsl simalarını, hansı xarici siyasi dairələrin əllərində alət olduqlarını, kimlərə xidmət etdiklərini nümayiş etdirdilər. Biz şurada bu prosesin başlamasının şahidi oluruq.

Azərbaycan xalqı görməlidir ki, onu idarə etmək iddiasında olan Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli hansı etikanın sahibidir. Onlar heç bir əxlaqi dəyərə söykənməyən təhqirlərə, ifadələrə yer verirlər. LGBT icmasının üzvləri dünyada xəstə insanlar kimi qəbul olunurlar. Amma bu gün şurada təmsil olunan Manaflı faşistcəsinə bu insanları məvh etməyə çağırışlar edir. Təsəvvür edin ki, xəstə insanların başını kəsmək istəyən və onların məhv edilməsini istəyən adamlar var. Ən pisi isə budur ki, həmin şəxsləri cəmiyyətə “siyasətçi” kimi sırıyırlar. Əsl xəstə elə onların özləridir ki, onlarla olmayan, onların düşüncələrini bölüşməyənlərin məhv edilməsinə çağırışlar edirlər. Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin ortaya qoyduqları mövqe budur”.

Partiya rəsmisi hesab edir ki, Milli Şura asanlıqla ayrı-ayrı qüvvələrin əllərində oyuncağa çevrilir:

“Təsəvvür edin ki, bu gün Cəmil Həsənli və Əli Kərimli Amerikanın hansısa bir konqresmeninin Azərbaycandakı agentinin əlində bir vasitədir. Gültəkin Hacıbəyli də, Əli Kərimli də, Cəmil Həsənli də Xədicə İsmayılın əlində oyunacağa çevrilib. Təsadüfi deyil ki, elə buna görə də Gültəkin Hacıbəyli Xədicə İsmayıldan ağız dolusu danışır, ondan razılıq edir. Sevinc Osmanqızı də bu şəbəkəyə daxildir. Onları idarə edən, xaricdən ayrılmış pulları onlara çatdıranın kimliyi də, hər kəsə məlumdur".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər