16 May 2020 15:08
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Klassik və radikal müxalifəti belə təsnif edirəm ki, onlar uzun illərdir öz ətraflarındakı, əqidə yoldaşlarını və ya onlara inanan insanları uğura apara bilmirlər. Artıq radikal müxalifət uğursuzluq sindromu ilə üz-üzədir. Bu baxımdan, Milli Şurada baş verən son olaylar və qopmaları bununla əlaqələndirirəm”.

Milli Şuranın videokonfransında səsləndirilən fikirlər və sözügedən qurumda baş verən istefalar haqda Teleqraf.com-a danışan Ana Vətən Partiyası (AVP) sədrinin müavini Arzuman Abdulkərimov belə deyib.

Milli Şuradakı son istefalara münasibət bildirən AVP rəsmisi hesab edir ki, son olaylar radikal müxalifəti təmsil edən qüvvələrin gələcəkdə birləşmək ehtimalının də üstündən xətt çəkə bilər:

“Biz, uzun zamandır deyirik ki, söyüş şəbəkəsinin başında bu insanlar dayanır. Uzun illərdir videokonfransda söyüş söyən, etikadan kənar fikirlər səsləndirən insanların əsl simasını cəmiyyətə tanıtdırmağa çalışırıq. Cəmiyyətə göstərmək istəyirdik ki, söyüş şəbəkəsinin, söyüş terrorunun başında bu insanlar durur. Milli Şuranın məlum videokonfransında öz iç üzlərini bir daha açıb göstərdilər. Söhbət bir Azərbaycanın qadınından, bir ziyalı və ya bir professordan gedirsə, nə o Azərbaycan qadını adına layiq davrandı, nə də digər Azərbaycan ziyalısı adına münasib hərəkət etdi. Bundan sonra bir çox insan bu “siyasətçilərdən” üz döndərdi, bunların hamısı da, öz ətrafında olanlardır. Milli Şurada marginal bir qrup formalaşıb. Azərbaycan Prezidentinin təəbirincə desək, zaman çox qısalıb ki, bu insanları tarixin arxivinə ataq.

Milli Şuradan qopmalara gəlincə, Eldəniz Quliyevin REAL partiyasının sədri İqar Məmmədov və digərlərinə qarşı açıqlamaları vardı. Bundan başqa, Milli Şuranın o konfransına qatılanlar da, İlqar Məmmədov və REAL Partiyasını, habelə digər siyasi qüvvələri ələ saldılar, onları hakimiyyətlə işbirliyində ittiham etdilər. Hətta “Onları gələcəkdə Müsavat Partiyasının aqibəti gözləyir” kimi, ittihamlara məruz qoydular. Artıq bundan sonra radikal müxalifətin bir araya gəlməsində də problemlər yaranacaq. Onsuz da, uzun illərdir bir araya gələ bilməyən radikal müxalifət qüvvələri bu ittihamların açıq şəkildə dilə gətirilməsindən sonra da, bir çətir altına yığıla bilməyəcəklər”.

Arzuman Abdulkərimov radikal qüvvələrin Azərbaycan hakimiyyəti ilə rəqabət apara biləcək gücdə olmadığını bildirib:

“Hakimiyyətin son illər apardığı siyasət, xüsusilə də, 2018-ci ildə dövlət başçısının növbəti dəfə prezident seçilməsindən sonra apardığı siyasi, iqtisadi, sosial islahatlar və Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması yönündə atılan addımlar o qədər aruqmentli və əsaslıdır ki, artıq radikal müxalifətin bunlar qarşısında deməyə sözü qalmayıb. Onların sonuncu ümid yer qeybət, söz-söhbət və bir-biri ilə mübahisə etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər