"CISCO" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və "CISCO" rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirildi. Bu, Azərbaycan Prezidentinin artıq neçənci dəfədir videogörüş formatında keçirdiyi əhəmiyyətli tədbirlərdən biridir. Sözügedən konfransda dünyanın məşhur və rəqəmsal texnologiyalar sahəsində böyük təcrübəsi olan şirkət rəhbəri ilə fikir mübadiləsinin aparılması əhəmiyyətli faktdır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.
O bildirib ki, koronavirusla mübarizə dövründə bütün ölkələrdə, o cümlədən, Azərbaycanda iqtisadi fəallığın aşağı düşməsinə baxmayaraq, bir sıra böyük şirkət ölkəmizdə müxtəlif iqtisadi-sosial infrastruktur sahələrinə investisiya qoymağa maraq göstərir:
"Xüsusilə də ölkəmizdə kənd təsərrüfatının rəqəmsal texnologiyalarla təmin olunması, eləcə də su ehtiyyatımıza elektron qaydada nəzarət edilməsi, şəhər təsərrüfatı üzərində rəqəmsal nəzarətin gücləndirilməsi və.s. istiqamətlərdə görülən işlərin inkişaf etdirilməsi Azərbaycanda olduqca perspektivlidir.
Yanvar ayında Azərbaycan Prezidenti Davos iqtisadi forumunda çox əhəmiyyətli saziş imzalamışdı. Bu saziş 4-cü sənaye inqilabının regional ofisinin Bakıda açılmasını nəzərdə tuturdu. Hesab edirəm ki, sözügedən şirkət rəhbəri ilə Azərbaycan Prezidentinin apardığı müzakirələr gələcəyə yönəlik böyük işlərdən xəbər verir. Hər şeydən əvvəl ölkəmizdə 4-cü sənaye inqilabının dərindən həyata keçirilməsi və tətbiq olunması istiqamətində çox böyük perspektiv vəd edir. Bu danışıqlar, müzakirələr bir daha göstərdi ki, Azərbaycan 4-cü sənaye inqilabının bütün istiqamətlərdə Azərbaycanda dərinləşdirilməsində maraqlıdır və bu istiqamətdə addımlar atacaq".