Karl Marks həyatının böyük hissəsini cəmiyyətlərdə “Hər kəsdən bacarığına görə, hər kəsə ehtiyaclarına görə” prinsipinin dərinə kök atmasına xərclədi. Fəhlə sinfinin istehsal vasitələrini burjuaziyadan alıb, sosial-iqtisadi bərabərliklə müəyyən edilmiş yeni – sinifsiz bir cəmiyyətlə bölüşəcəyini, kapitalizmin son mərhələsində fəhlə sinfinin ayağa qalxacağını da, o proqnozlaşdırmışdı.
Teleqraf.com alman filosof və iqtisadçı Karl Marksın həyatı haqda məlumatları təqdim edir.
Marksın ulu babaları 1723-cü ildən bəri Prussiyada (Şərqi Almaniya) xaxam kimi yaşayırdılar, ana babası da xaxamdı. Napoleonun savaşlarının başa çatmasından sonra fransızlar Prussiyanı tərk edilər. Yeni hökumət yəhudilərin dövlət qurumlarında vəzifə tutmasını qadağan edən qanun imzaladı. O dönəmdə tanınmış bir vəkil olan Marksın atası Heynrix bu qanuna cavab olaraq, lüteranizm məzhəbinə keçdi. Bu səbəbdən Marks və qardaşları gec – 1824-cü ildə vaftiz edildi.
“İnqilab yuvası”
Volter kimi Maarifçilik dövrünün filosoflarından təsirlənən Heynrix 1830-cu ilədək Marksın evdə təhsil almasını təmin etdi. Marks daha sonra Fridrix-Vilhelm məktəbinə getməyə başladı. Məktəb direktoru İohan Hüqo Vittenbax söz azadlığını müdafiə edən liberal düşüncəli müəllimləri işə götürürdü. Polis inqilabçıları qoruyan məktəbdən şübhələnməyə başladı. Şübhələr 1832-ci ildə Marksın oxuduğu məktəbə imtahan vaxtı basqın edəcək qədər irəli getdi.
İçki və siqaret
Karls Marks siqaret və spirtli içki alüdəçiliyi, habelə normal qidalanmama səbəbindən dəqiq diaqnozu qoyulmayan sinə xəstəliyindən əziyyət çəkirdi. Buna görə hərbi xidmətə gedə bilməmişdi.
Marks 1835-ci ildə Bonn Universitetində oxumağa başlamışdı, amma zamanının çoxunu içərək keçirirdi. Həmin dönəmdə “Poets Club” adlı radikal bir siyasi təşkilata qatıldı. Habelə mühitdəki aristokratların başçılıq etdiyi təşkilatlara qarşı etiraz kimi qurulmuş və sərxoşlardan ibarət “Trier Tavern Club”un rəhbəri oldu. Qatıldığı ikinci təşkilat onun 24 saat azadlıqdan məhrum edilməsinə gətirib çıxardı. Eyni zamanda, “Borussiya Korpusu” adlı bir tələbə hərəkatına qoşuldu. Marks özünü müdafiə etmək üçün yanında silah gəzdirirdi. Bu isə onun polislə başının bəlaya girməsinə səbəb oldu. “Borussiya Korpusu” üzvlərindən birinin duel təklifini qəbul etdi. Dueldə sol gözündən yaralandı. Bonda keçən bir ildən sonra Berlin Universitetində daha fərqli bir atmosferə düşdü.
Cenni ilə nişan
Atası Marks doğulmamışdan bir neçə il əvvəl liberal düşüncəli, prussiyalı aristokrat Lüdviq von Vestfalenlə dost olmuşdu. Aristokratın qızı Cenni von Vestfalen beş yaşında ikən Marksın hələ bir yaşı vardı. Eyni sinfi cəmiyyətdən olmamasına baxmayaraq, Cenni 22 yaşında olanda Marksla nişanlandılar. O zamanlar Marksın cəmi 18 yaşı vardı. Bu, “azyaşlı bir oğlanın böyük bir qadınla nişanlanması” kimi qəbul edildi.
Marksın intellektual üsyanı
Marksın hərəkətli universitet illərində ailəsi ilə münasibətləri pozuldu və bu, burjuaziyanın onun intellektual üsyanına olan etinasızlığına verilən cavabdı. Marks Berlin Universitetində oxumağa başladıqdan sonra ailəsi ilə görüşləri dayandırdı. Atası oğlunun bu fəaliyyətlərindən narahat olmuşdu. Ölümündən bir il əvvəl Marksdan “ictimai hörmət” qazana bilməsi üçün ölkə rəhbərinə tərif məktubları yazıb yayımlamasını istədi. Amma Marksın təslim olmağa niyyəti yox idi. Heynrix Marks 1838-ci ilin mayında vərəmdən öləndə Marks Berlindən evə qayıtmadı.
Engelslə tanışlıq
Marks Parisdə iki il yaşadı, amma burada Fridrix Engelslə tanış oldu. Beləliklə, o zamanların ən önəmli və ən sıx dostluğu başlamışdı. Marks və Engelsin kapitalizm əleyhinə və fəhlə sinfinin haqlarına dair fikirlərinin güclənməsində bir-birinə böyük təsirləri vardı. Müxtəlif məqalələr və elmi əsərlər üzərində işlədilər. Bura məşhur “Kommunizm Manifesti” də daxildir.
Ölkələrdən qovulur
Marks “24 saat ərzində ölkəni tərk et” xəbərdarlığı ilə tez-tez qarşılaşmağa başladı. İlk belə bir xəbərdarlıq və qadağa Çar Nikolaydan gəldi. Çar Marksın redaktoru olduğu bir solçu qəzetin bağlanması əmrini verdi və onu ölkədən qovdu. 1845-ci ildə isə Fransa hökuməti onun işlədiyi “Vorwarts” jurnalının fəaliyyətini dayandırıb, özünü də ölkədən çıxardı. Belçikaya üz tutan Marksı burada da isti qarşılamadılar. 1848-ci ildə Fransadan qaçdığı iddiası ilə saxlanıldı.
“Varlığın səfaləti”
Səhhətindəki problemləri “varlığın səfaləti” adlandırdı. Bioqrafiyasını yazan Vermer Blumenberqə görə, Marks baş ağrıları, göz iltihabı, oynaq ağrıları, yuxusuzluq, qaraciyər və öd kisəsi problemləri, habelə depressiyadan əziyyət çəkirdi. Marksın şikayətləri pis vərdişləri səbəbindən getdikcə artırdı: gecə yarısınadək işləmək, həddən artıq siqaret çəkmək, spirtli içki içmək… Amma buna baxmayaraq, Marks elmi fəaliyyətinin sürətini qoruyurdu.
Araşdırmalara görə, Marksın səhhətindəki problemləri xroniki ağrılarla müşayiət olunan bir dəri xəstəliyindən (hidradenitis suppurativa) qaynaqlanırdı. Bu isə onda depressiya və ruh halının pisləşməsinə səbəb olurdu. 18 yaşında hərbi xidmətə getməsinə mane olan sinə xəstəliyini də unutmaq olmaz. Bu isə ağciyərindəki iltihabdan qaynaqlanırdı. 64 yaşında ölməsinə səbəb olan xəstəlik bu idi.
Sevgi şeirlərinin müəllifi
Siyasi-fəlsəfi və iqtisadi fəaliyyətləri ilə yanaşı, Marks arvadı Cenni üçün sevgi şeirləri, İtaliyada bir qəsəbədə səhnəyə qoyulan “Əqrəb və Feliks” adlı romanı yazıb. Bunlardan heç biri həyatı boyu gün işığına çıxmadı. Ancaq ölümündən sonra Marks və Engelsin 50 cildik bütün əsərləri içində yayımlandı.