Son günlər özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun internet üzərindən iclasının görüntüləri gündəmi zəbt edib. Həmin toplantıda Milli Şura rəhbərlərinin özünü aparması, davranış qaydaları adamda dərin təəssüf hissi yaradır. İclasda açıq göründü ki, əslində orada Azərbaycanın milli maraqlarından kənar fikirlər yürüdülür. Əslinə baxsanız, orada olan qüvvələrin proseslərə başqa formada yanaşdıqları göründü. Mən bu qüvvələrə müraciət edərək bildirirəm ki, cəmiyyətin inkişafı ilə bağlı imkan nə Qərbin, nə rusun, nə də İranın əlindədir. Bu güc yalnız ölkəmizin daxilindən çıxa bilər. Kənar qüvvələrlə əməkdaşlıq formatında, qrant maraqları ilə bu işlərə getmək olmaz.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib.
Onun sözlərinə görə, siyasi mübarizə əxlaq və ədalət prinsiplərinə söykənməlidir: “Əlbəttə, cəmiyyətdə ədalətli olmaq çətindir. Amma əxlaqlı adamın ədalətli danışması cəmiyyət tərəfindən daha müsbət qarşılanır. Milli Şuranın internet üzərindən keçirdiyi toplantı zamanı əxlaq ölçülərinə rast gəlinməməsi, dəyərlərin tapdalanması göstərir ki, məqsədə çatmaq üçün istənilən sifarişi həyata keçirməyin özü prinsiplərin dağıdılmasıdır”.
Partiya sədrinin sözlərinə görəi, Milli Şuranın Koordinasiya Mərkəzindən baş verən istefalar göstərir ki, müxalifət daxilində “mənəm-mənəm” deməklə, səs-küy salmaqla məsələ həllini tapa bilməz:
“Burada vacibi milli maraqlar baxımından bütün siyasi qüvvələrlə birgə fəaliyyətə uyğunlaşmaqdır. Daha “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə getmək olmur, belə yanaşmalar cəmiyyətdə yerimir. Azərbaycanda daxilində baş verən proseslər zamanı beynəlxalq qurumların oynadığı rol neçə illərdir ki, gözümüzün qarşısındadır. Ölkənin taleyüklü məsələləri qabardılanda daxili qüvvələr vasitəsilə dövlətə təzyiqlər edilməsi prosesi müşahidə olunurdu. Milli Şura yaradılan zaman mən qeyd etmişdim ki, bu, daha çox Əlheydər Qarayevin Milli Şurasına oxşayır. Çünki o vaxt da Azərbaycanın işğalı ərəfəsində Rusiya tərəfindən yönəldilən qüvvələr Milli Şura yaratmışdılar. Hətta parlamenti atəşə tutmuşdular. Yəni milli məfkürəyə, xalqın maraqlarına söykənməmişdilər. Əlheydər Qarayevlərin, Ayna Sultanovların, Musabəyovların qurduğu Milli Şura xalqa xəyanət yolunu tutdu və sonunda da hər biri cəzasını aıdı. İndi də Milli Şuranın daxilində mentalitetə uyğun olmayan davranışlar özünü göstərir, ciddi ictimai təzyiqlər altında istefalar müşahidə edilir. Rusun sifarişi ilə 2013-cü ildə Milli Şura yaradılanda, Rüstəm İbrahimbəyov bu qurumun başına gələndə açıq dedim ki, bu tələdir, milli qüvvələrin sonuncu nəfəsidir və siyasi oyundur. Əslində bu hakimiyyət daxilindən vurulan 5-ci kolonun can-başla saxladığı və üzə çıxardığı qüvvələr idi. İndi iqtidardan uzaqlaşdırılan qüvvələr dağıldıqca Milli Şurada da dağılmalar müşahidə ediləcək. Bu proseslər onu göstərəcək ki, Azərbaycanda hamı ümumi hədəf ətrafında toparlanmalı, ölkə daxilində güc və potensialımızı birləşdirməli, milli hədəflərimizi müəyyən etməliyik. Daha burada başqa maraqlar, başqa sifarilərə ehtiyac yoxdur. Qarşıdan yeni dövr gəlir. Bu dövrə yeni təfəkkürlə, milli hədəflərlə çıxmaq və proseslərdən uduş əldə etmək lazımdır. Bu mənada hazırda proseslərin dəyişməsi ərəfəsindəyik. Bu proseslərə də Azərbaycanın milli maraqları baxımından yanaşmalıyıq. Hədəflərimiz, milli birliyimiz uğrunda siyasi qüvvələrin bir arada olması qaçılmazdır. Odur ki, mənəm-mənəm deməklə, daxildə ziddiyyətlər yaratmaqla bunun qarşısını almaq olmaz. Sanki buna qədər sistem elə qurulmuşdu ki, hakimiyyədən vurulan qüvvələrlə müxalifət daxilindəki bəlli qüvvələrdən savayı ortada heç bir qüvvə mövcud deyildi. Amma indi başqa bir situasiya var. Milli hədəflərə, milli maraqlara söykənməyən qüvvələrin gec-tez sonu gəlməlidir. Tarix səhvləri bağışlamır”.