18 May 2020 17:02
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ölkənin ictimai-siyasi gündəmində əsas müzakirə mövzusu Milli Şura rəhbərliyində təmsil olunan şəxslərin onlyan konfransıdır. Məlum videokonfransda müzakirə edilən məsələlər və bu müzakirələr üçün seçilmiş ifadələr nə bu qurumun üzvləri, nə də cəmiyyətdə birmənalı qarşılanır. Həmin iclasda müxalifət düşərgəsini təmsil edən digər siyasi qüvvələrdən tutmuş, LGBT icmasının üzvlərinə qədər aşağılayıcı fikirlər səsləndirildi, ittihamlar irəli sürüldü.

AXCP sədri, deputat Razi Nurullayev Milli Şura daxilində və ətrafında gedən proseslərə münasibət bildirib.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Milli Şura daxilində və ətrafında gedən müzakirələrə münasibətiniz necədir?

- Həqiqətən bir sıra müxalifət təşkilatlarının və nümayəndələrinin bu şəkildə deqradasiyaya uğramasına üzülürəm. Çünki müxalifət partiyalarının və onlarının sədrlərinin qarşısında daha ciddi öhdəliklər, daha ciddi çağırışlar var. Neçə illər siyasəti gətirib belə bir aşağı səviyyəyə endirmək müxalifət partiyaları üçün yaxşı hal deyil. Buna üzülmək, təəssüf etmək lazımdır. Neçə illər yenilənməyən, yeni fikirlərlə zənginləşməyən, yeni nəfəsin olmadığı bir məkanda bu cür hadisələrin baş verməsi də qaçılmaz olur. Buna görə də nə qədər gec deyil, aparılan islahatların müxalifət cərgəsində də, xüsusən yeniləşmək istəməyənlərin də sırasında baş verməsi yaxşı olardı. Onların da sıralarına yeni nəfəsin gəlməsi faydalı olardı ki, öz siyasi öhdəliklərindən kənar, siyasi reallıqdan uzaq fəaliyyətlərlə, danışıq tərzi ilə bir-birinin başının altına yastıq qoyaraq, bununla həm də xalqı uyutmağa çalışmasınlar.

- Şuranın məlum iclasında REAL Hərəkatı, Müsvat Partiyası kimi müxalifət qüvvələrinin ünvanlarına da ağır ittihamlar səsləndirildi. Bu da nə cəmiyyət, nə də həmin siyasi partiyalar tərəfindən birmənalı qarşılandı.

- Bizim də partiyamızda həmişə müzakirələr gedir. Mən xatırlamıram ki, bizim partiyamızın rəhbərliyinin siyasi müzakirələrində digər müxalif siyasi partiyalar bu formada müzakirə olunsun. Əgər bu məsələ müzakirə olunursa, ya əməkdaşlıq baxımından, ya güclərin birləşdirilməsi baxımından, ya da inteqrasiya məsələsinə görə olur. Amma digər siyasi partiyaları hədəfə almaq, digər siyasi opponentləri hədəfə götürmək, onları aşağılamaq, onların güclərini zəiflətmək missiyasını daşımaq kimi zərərli bir vərdişdən uzağıq. Özünü “ciddi” adlandıran bir siyasi qurumun bu şəkildə digər siyasi müxalif partiyaları, təşkilatları, insanları sıradan çıxarmaq missiyasını üzərinə götürməsi, bunun üçün planlar qurması ancaq təəssüf hissi doğrurur. Mən bunu müxalifət üçün, Azərbaycanın siyasi inkişafı üçün zərərli bir cərəyan kimi qəbul edirəm.

- Bəs Milli Şuraya yaxın bir siyasi təşkilatın rəhbəri olan Əli Kərimli niyə baş verənləri susqunluqla izlədi? Bu yöndə ona da çağırışlar var ki, münasibətini açıqlasın.

- Mən bu insanı yaxşı tanıyıram. Hər halda nə deyirsə, hansı addımı atırsa, mütləq onun arxasında bir planı var. Mütləq şəkildə bu qərarın arxasında qabaqcaqdan planlaşdırılmış bir məqsəd mövcuddur. Yəqin ki, elə bu da – susqunluğu da, bu cür ritorikası da, blokadaya alınması haqda fikirlər söyləməsi də özünün əvvəlcədən planlaşdırdığı və həllinə nail olmaq istədiyi – ya qaranlıq, ya açıq deyə bilmərəm, amma müxalifət üçün heç də yaxşı olmayan bir hala bənzəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər