18 May 2020 17:30
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan əvvəl dünya birliyi faşizm üzərində Böyük Qələbənin 75 illiyini ağır pandemiya şəraitində qeyd etdi. Bizim hamımızı ortaq keçmişimiz birləşdirir və biz müharibə illərində babalarımızın, ulu babalarımızın şücaətinə, qəhrəmanlığına layiq olmalıyıq.

Teleqraf.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsi bu barədədir.

İsrail sakini və sovet ordusu zabitinin nəvəsi kimi öz babasına görə qürur duyduğunu bildirən Arye Qut vurğulayır:

“Lakin mənim babam qələbələrlə yanaşı, yəhudi xalqı üçün dəhşətli, dözülməz faciə olan Holokost soyqırımını da görüb. Mən Holokost barədə ilk dəfə hələ uşaq ikən öz babamdan öyrənmişəm. Həmin soyqırımında mənim babam müasir Ukrayna ərazisində bütün ailəsini, bütün doğmalarını itirib. Babam yalnız o vaxt cəbhədə olduğuna görə sağ qalıb. O, öz Vətənini müdafiə edib, amma doğmalarını müdafiə edə bilməyib. Vəhşiləşmiş, qəddar faşist rejimi tərəfindən yəhudi xalqının kütləvi şəkildə məhv edilməsi ürəkağrısı, iztirab, alçaldılma, təhqir olunma deməkdir”.

Ekspert “Israel HaYom” qəzetində qeyd edir ki, ən qəribə əhvalat bir neçə gün bundan əvvəl baş verib. Ermənistanın indiki baş naziri “Facebook” şəbəkəsində öz babasının fotoşəklini paylaşıb. Arye Qut vurğulayır: “Xatırladaq ki, 9 May ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan öz babası Nikol Paşinyanın fotoşəklini paylaşıb və belə bir post yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.

Bu post məni təəccübləndirdi. Çünki məlum olub ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyanın babası Nikol Paşinyan İkinci Dünya müharibəsi illərində faşistlər və nasistlərlə əməkdaşlıq etmiş kollaborasionist olub”.

İsrailli ekspert MDB-nin Aşqabad Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini sitat gətirir. Həmin Zirvə görüşündə Nikol Paşinyan faşist Njdeni sovet dissidenti Soljenitsın ilə müqayisə etməyə çalışarkən fiaskoya uğrayıb.

Azərbaycan Prezidenti vurğulayıb: “Əvvəlki iqtidar Yerevanın mərkəzində faşist cəllad və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoymuşdu. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut vurğulayıb: “Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət edib. O, bütün MDB ölkələrinin prezidentləri arasında birinci olaraq Ermənistanın baş nazirinin üzünə deyib ki, onun ölkəsi artıq neçə ildir faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğul olur”.

İsrailli ekspert yazır ki, xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarını xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kəs müdaxilə etmir. Arye Qut yazır:

“Lakin Prezident İlham Əliyev MDB-nin Zirvə görüşündə əsl həqiqəti deməyə bilmədiyi kimi, biz də susmamalıyıq. Dəhşətli Holokost cinayətlərində əli olmuş insanlar milli qəhrəmanlara çevriləndə biz susmamalıyıq. Üç il bundan əvvəl Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz israillilər necə münasibət bildirməliyik? Ölkə bəşəriyyət əleyhinə cinayətdə ittiham edilmiş faşist canini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır”.

İsrailli ekspert “Israel HaYom” qəzetində yazır: “Bu gün artıq gizli deyil ki, Ermənistanda faşizm ideologiyası, faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması dövlət səviyyəsində təbliğ edilir. Bu Cənubi Qafqaz ölkəsində faşizmin, antisemitizmin və neonasizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi, ən hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir”.

Arye Qut yazır: “Faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi və üstəlik, Ermənistanın indiki baş naziri Paşinyanın Qələbə Günündə öz faşist-kollaborasionist babasının fotoşəklini paylaşması faktı bir daha onu təsdiq edir ki, Ermənistanın istər keçmiş, istərsə də indiki liderləri özlərini erməni faşist və antisemit Njdenin əsl və həqiqi varisləri hesab edirlər”.

Arye Qut vurğulayır: “Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Bu legionu yaradanlardan biri faşist Njde olub. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar var. General Njde başda olmaqla erməni legionunun məqsədi yəhudiləri və alman ordusu üçün “yararsız olan” başqa xalqları məhv etmək idi. Məhz erməni legionunun sayəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənmişdi”.

İsrailli ekspert qeyd edir ki, bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşist və antisemitin təriflənərək milli qəhrəman dərəcəsinə çatdırılmasına laqeyd yanaşa bilərikmi? Müasir Ermənistanın bu siyasətini ləng təsir edən bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terrorizm əməllərini davam etdirəcəklər.

Arye Qut nüfuzlu “Israel HaYom” qəzetində dərc edilmiş məqaləsini bu sözlərlə bitirir: “Ermənistanın bu dövlət siyasəti İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusən faşizm üzərində Qələbə qazanılmasında müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına ifrat hörmətsizlik nümunəsidir. Burada belə bir sual yaranır: Doğrudanmı ermənilərin faşist Njdedən başqa qəhrəmanları olmayıb?”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər