“Ölkə Prezidenti cənab İlham Əliyev Nizami rayonunda sayca üçüncü olan DOST Mərkəzinin açılış mərasimində dövlətin daxili və xarici siyasətinə dair bir sıra ciddi məqamlara diqqət yetirdi. Xüsusi vurğuladı ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Dövlətimizin siyasətinin sosialyönümlü olduğunu bildirən millət vəkilinin fikrincə, təsadüfi deyil ki, büdcəmizin təxminən 39 faizə qədər xərcləri məhz sosial istiqamətləri əhatə edir:
“Cənab prezident xüsusən o məsələyə diqqət ayırdı ki, Azərbaycan bu gün dərin islahatlar kursu həyata keçirir, islahatlar genişmiqyaslıdır, hərtərəflidir, ardıcıldır, sistemlidir. Bunlar da sosial sahələrdə özünü qabarıq şəkildə göstərir. Bu nöqteyi-nəzərdən pandemiya dövründə atılan addımlar təkcə ölkəmizdə deyil, dünya birliyi tərəfindən də diqqətlə izlənilməkdədir.
Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə Azərbaycan prezidentinin pandemiya dövründə apardığı siyasəti təqdir edib, onu dəstəklədiyini bildirir. O cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi Azərbaycanın bu istiqamətdə, eyni zamanda, sosialyönümlü addımlarına dəstək verdiyini ifadə edib. Analoji yanaşma CISCO şirkətinin rəhbərliyi səviyyəsində də etiraf olunub.
Ən başlıcası, bu siyasəti Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Azərbaycan prezidentinə minlərlə daxil olan məktublarda dövlət başçısının sosial siyasəti, pandemiyaya qarşı atdığı profilaktik addımlar təqdir olunur, dəstəklənir, müdafiə olunur.
Məlum olduğu kimi, sosialyönümlü islahatlar 4 milyon 200 min insanı əhatə edir, xüsusilə də, həssas kateroqiyada olan insanlara dövlətin qayğısı geniş məzmun kəsb edir. Bura müharibə əlilləri, müharibə veteranları, şəhid ailələri, məcburi köçkün və qaçqınlar daxildir, bu və digər kateqoriyadan olan insanlar dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Təsadüfi deyil ki, cənab prezident 2018-ci ilin 11 aprel seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, növbəti dəfə dövlət başçısı seçildikdən sonra onun ilk sərəncamı məhz şəhid ailələri ilə bağlı olub.
Ölkə prezidenti vurğuladı ki, bəzən müqayisələr aparmaq düzgün deyil, Azərbaycanı hansısa ölkələrə müqayisə etmək istəmir, amma həqiqəti söyləmək lazımdır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət bir nümunədir. Dünyanın başqa ölkələrində də müharibə və itkilər olur. Cənab prezident bu kontekstdə Azərbaycanı Ermənistanla müqayisə etdi. Söylədi ki, Ermənistan da müharibə dövründə itkilər verib, amma Ermənistanda müharibədən zərər çəkən insanlara dövlət qayğısı yoxdur. Onların ailələrinə, özlərinə nə mənzil, nə də avtomobil verilir. Amma Azərbaycanda şəhid ailələri mənzillərlə təmin edilir. Eyni zamanda, müharibə əlillərinə avtomobillər verilir, bu, dünyada analoqu olmayan bir məsələdir”.
Elman Nəsirov vurğulayıb ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində ölkə vətəndaşı, onun sosial rifahı, onun təhlükəsizliyinin təmin edilməsi məsələləri dayanır: “Bu baxımdan, Azərbaycan dünyada nümunəvi dövlətdir və dünya da ölkəmizi belə qəbul edir”.