Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
- Qüdrət bəy, MM-in sonuncu iclasında Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin keçirdiyi təlimlərdən video fraqmentlərin görüntülərinin yayımlanmasının zəruriliyi barədə danışmışdınız. Bu barədə ictimaiyyətə bir az geniş məlumat verə bilərsinizmi?
- Təlimlərdən video görüntülərin yayımlanması ordunun xalq qaşısında hesabatlılığı deməkdir. Həm xalqımız həm düşmənlər görməlidir ki, hərbi qulluqçularımızın hazırlıq səviyyəsi necədir. Yoxsa texnikanın, dronların, təyyarələrin, artileriyya qurğularının nümayişi ordunun tam gücünü ehtiva etmir. Həmin müasir silahlardan hansı bacarıqla istifadə olunması çox önəmlidir. Ona görə də təlimlər real döyüş vəziyyətinə yaxın şəraitdə keçirilməlidir.
Hərbçilərin qulaqları partlayış səslərinə öyrənməli, hədəflərin dəqiqliklə vurulması təlimlər zamanı yoxlanılmalıdır. Bizə göstərilən kadrlardan ordunun döyüşə hazırlıq səviyyəsini müəyyən etmək mümkün deyil. Nazir durub, texnika qarajdan çıxır, yaxud sıra ilə düzlənib hərəkət edir, təyyarələr, dronlar uçur. Bu heç nə demir özlüyündə. Sovet dövründə televiziyada hər bazar günü Sovet Ordusunun təlimləri haqqında video reportajlar göstərilirdi. Mən uşaq ikən həmin təlimlərə baxıb qürur hissi keçirirdim. Bizim ordunun rəhbərliyi o köhnə kadrlara baxsa yaxşı olar.
- Qüdrət bəy, Qarabağımızın tacı olan Şuşada ermənilər qondarma rejimin başçısına tac qoyma mərasimi keçirmək istəyirlər. Bəzi ictimai-siyasi fəallar bunun qarşısını almağı tələb edirlər. Bu nə dərəcədə realdır?
- Şuşanın bombalanması müharibənin başlanması deməkdir. Buna qədər isə müəyyən işlər görülməlidir. Mən deyəndə ki, xalqımız hazırda müharibə istəmir, bəziləri dərhal deyir ki, xalqı müharibəyə hazırlamaq iqtidarın işidir. Mən isə deyirəm ki, bu bütün ictimai-siyasi qüvvələrin işidir.
Radikallar öz təbliğat imkanlarını iqtidarı və onlar kimi düşünməyən digər siyasi qüvvələri gözdən salmağa yox, xalqı müharibəyə hazırlamaq istiqamətində səfərbər etsəydi, digər siyasi qüvvələri də məsədyönlü şəkildə daxili mübarizəyə cəlb etməsəydi indi müharibə ilə bağlı ictimai fikir tam başqa idi. İqtidar isə istəməsə belə xalqın iradəsi ilə hesablaşmalı olardı. Amma 5-ci kalon dediyimiz radikallar bilirlər ki, onlar müharibə deyən kimi xarici dəstəkdən məhrum olacaqlar. Ona görə Əli Kərimli Brüsselə son səfəri zamanı avropalılara deyirdi ki, indiki iqtidar sülh üçün təhlükədir.
- Müharibəyə başlayana qədər müəyyən işlər görülməlidir deyəndə nələri nəzərdə tutursunuz?
- Əvvəla xalqı inandırmalıyıq ki, sülh yolu ilə Qarabağı azad etmək mümkün deyil. Bundan başqa Rusiya ilə danışıb onu problemin həllinə razı salmağa çalışmalıyıq. Qonşu İranla bu istiqamətdə ciddi danışıqlar aparmalıyıq. Tam əsasda peşəkar ordu qurmalıyıq. Təcili olaraq bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatda proteksionizmə son qoyulmalı, ölkədən kapitalın qaçışının qarşısını almaq və xarici investisiya cəlb etmək üçün mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır.
Xarici siyasətlə əlaqədar Ermənistana və dünya birliyinə sözdə yox, əməldə Qarabağın işğalı ilə barışmayacağımızı nümayiş etdirmək üçün Bakıda milyonluq mitinq təşkil olunmalı, Ermənistanın atəşkəs rejimindın istifadə edib torpaqlarımızı işğal altında saxlayıb məskunlaşdırdığını əsas götürərək danışıqlar prosesindən çıxmamaq şərtilə atəşkəs haqqında Bişkek protokolundan çıxdığımızı bəyan etməliyik. Onu da bəyan etməliyik ki, əgər bundan sonra da Minsk qrupu Ermənistana təzyiq etməsə həmin qrupdan da imtina edəcəyik. Həqiqətən də bir müddətdən sonra da Minsk qrupundan çıxdığımızı bəyan etməliyik. Heç bir siyasi təzyiqdən, şantajdan qorxmamalıyıq.Bütün itkiləri göz önünə alıb torpaqlarımızı azad etməliyik.
- Qüdrət bəy atəşkəs haqqında razılaşmadan imtina etsək Ermənistan danışıqlardan imtina etməzmi?
-Çox az inandırıcıdır.Amma edirlər, qoy onlar danışıqlardan imtina etsinlər.Müharibəyə başlamazdan öncə biz bunları etməliyik ki,dünya birliyi görsün ki,biz son ana qədər çalışdıq ki,sülh yolu ilə ərazi bütövlüyümüzü bərpa edək ,amma alınmadı.Heç kim Ermənistana təzyiq etmədi.