21 May 2020 12:44
2 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Haftar meydandan ancaq, fiziki olaraq məhv edildikdən sonra çıxacaq. Yalnız bu halda onun proseslərdən kənarlaşdırılması mümkündür. Çünki bu adamın arxasında ordu və xarici qüvvələr dayanır”.

Politoloq Yeganə Hacıyeva belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bildirdi ki, Bəşər Əsəd rejimi və müxalifət danışıqlara razılıq verib. Sizcə, bu danışıqlar mümkündürmü, Suriyada maraqları olan qüvvələr – Rusiya, İran, Türkiyə və ABŞ belə bir müzakirələrdə maraqlıdırmı, buna mane olmayacaqlar ki?

- Suriyadakı vətəndaş müharibəsi həddən artıq uzandı. “Ərəb baharı”nın davamı kimi görünən savaşın bu qədər uzanacağı kimsənin ağlının ucundan belə keçməzdi. Müəyyən qüvvələr vardı ki, onlar münaqişəni qızışdırmaq üçün körükləyici rolunu oynadılar, bunlar bölgə dövlətləri və ya qonşu ölkələr tərəfindən dəstəkləndi, amma bu faktorun da başlanğıcda münaqişəni uzunmüddətli bir prosesə çevirəcəyi ehtimalını yaratmırdı. Əslində bu münaqişə uzandıqca, öz mahiyyətini itirdi. Münaqişə tərəflərinə gəlincə, burada Bəşər Əsədin nə istədiyi məlumdur, amma qarşı tərəflərin nə istədiklərinin konkret cavabı yoxdur. Bunlar həmin qüvvələrdir ki, bir qrupu Türkiyə, digər hissəsi İran, bir qismi də ABŞ tərəfindən dəstəklənir. Bəllidir ki, buna cavab olaraq da, Rusiya hökumət qüvvələrinə, yəni Əsədə dəstək verir. Amma Əsədə qarşı döyüşən qüvvələrin nə istədiyi indiyədək məlum deyil.

Əlbəttə, ortada bir ümumi maraq var ki, bunun ətrafında danışıqlara getməyə cəhd edirlər. Çünki bu münaqişə qlobal bir hədəyə çevrilib. Bu savaş əzilmiş, təhqir edilmiş, öz vətənindən didərgin düşmüş bir nəslin meydana çıxmasına səbəb oldu. Amma müharibə hələ başa çatmadığına görə, hələlik bu müharibənin Suriyaya və münaqişə iştirakçılarına hansı həcmdə zərər verdiyi tam məlum deyil.

Rusiyanın bu münaqişədə iştirakına gəldikdə, Yaxın Şərq tarixən onun maraq dairəsində olan bir bölgədir. Milli maraqlarının müdafiəsi və qorunmasında balans rolunu oynayan bir regiondur. Rusiyanın Yaxın Şərqdəki iqtisadi-siyasi və digər formalarda mövcudluğu onun Avropa və Asiya qitələri arasında balansı qorumaq cəhdlərindən irəli gəlir. Yəni, bu, Rusiya üçün həyati əhəmiyyət kəsb edən bir faktordur. Məsələn, həmişə sual olunur ki, Rusiyanın Yaxın Şərqdə nə işi var? Bir dəfə Ərdoğan da açıqlamalarından birində, belə bir sualı Putinə ünvanlayıb. Qeyd etdiyim kimi, bu, Rusiyaya geosiyasətdə balansı qorumaq üçün önəmlidir. Nə qədər ki, Rusiya dövləti var, bu mövcudluğunu qoruyub saxlayacaq.

Türkiyə isə bu münaqişəyə özünün və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi baxımından sonuncu qoşulan tərəfdir. İran başdan bu prosesin içində olan, bu münaqişəni qızışdırmaq üçün körükləyən, bu konfliktdəki tərəflərin müxtəlif təbəqələrinə təsir edə bilən bir tərəfdir. Düzdür, İran həll proseslərində özünü nizamlayıcı tərəf kimi göstərsə də, onun belə bir səmimiyyəti yoxdur. İran həmişə bu prosesdə öz oyununu oynayır. Üzdə necə görünməsindən asılı olmayaraq, altdan gördüyü işlər var.

Amerikanın bölgədəki varlığına gəlincə, ABŞ bölgədə bir neçə həyati əhəmiyyətli məsələlər üzərindən iştirak edir. Əslində burada və digər regionlardakı iştirakı, ABŞ dövlətinin daxili siyasətinin nüvəsini təşkil edən faktordur. Amerikanın buradakı varlığı həm də, onu qlobal bir güc kimi nüfuzdan salmağa çalışan və Rusiya kimi onu da daxildən hədəf alan beynəlxalq terrorizmi aradan qaldırmağa hesablanmış bir mövcudluqdur. Hamımız 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktını xatırlayırıq. Bu, terrorizmin ABŞ-ı daxildən hədəf alan ilk cəhdi deyildi, belə çox sayda faktlar var - bildiyimiz və bilmədiyimiz. Rusiya da daxildən belə təhdidlə üz-üzədir. Məlumdur ki, federasiyanın Qafqaz bölgəsindəki terror qruplaşmaları Yaxın Şərqdən idarə olunur.

İstər nizamlayıcı kimi görünən tərəflər, istərsə də birbaşa münaqişədə iştirak edən tərəflər ortada bir anlaşmanın olmasına baxmayaraq, prosesə öz maraqları konktekstindən yanaşır və yekun razılaşmanın bu yöndə olmasına çalışırlar. Bu isə ortaq məxrəcə gəlinməsini çətinləşdirir, elə münaqişənin uzanmasında rol oynayan əsas amil də, ortaq maraqları əks etdirən bir anlaşmanın olmamasıdır. Hər kəs məsələni öz arışını ilə ölçür. Əlbəttə, bütün bunlar siyasi maraqlardan irəli gəlir, amma məsələnin iqtisadi tərəfləri də var.

Yekun anlaşma üçün ümumi maraqların koordinasiya edilməsinə və bir sistemə salınmasına ehtiyac var. Bunu hərbi vasitələrlə yox, diplomatik vasitələrlə iqtisadi-siyasi çərçivəyə salınmalıdır. Tərəflərin ortaq maraqları bundan ibarətdir. Amma bu münaqişədə haqlı tərəf kimi görünən Türkiyədir. Türkiyə ilk gündən suriyalı qaçqınlara qucaq açan, onları müdafiə edən, hətta döyüşmək üçün öz əsgərlərini Suriyaya göndərən, amma o ölkənin əsgər yaşında vətəndaşlarını qaçqın kimi qəbul edən bir ölkədir. Onun belə bir anlaşmanın əldə olunmasına və maraqlarının təmin olunmasına daha çox haqqı çatır, nəinki digərlərinin.

- Bu günlərdə Tehran və Moskva arasında Əsədin hakimiyyətdən göndərilməsi üçün müzkirələrin getdiyi iddia olundu. Sizcə, bu nə qədər məntiqlidir, məsələn, uzun illərdir Əsədi müdafiə edən Rusiya niyə birdən-birə onun hakimiyyətdən getməsində maraqlı olsun?

- Əslində Bəşər Əsəd zamanında mənəvi olaraq hakimiyyətdən getmiş bir şəxsdir. Amma digərlərindən fərqli olaraq, onun bir prezident kimi Suriyanın bütövlüyünü qorumaq və təhlükəsizliyini təmin etmək kimi bir öhdəliyi vardı. Bu baxımdan, Əsəd mənəvi olaraq hakimiyyətdən çoxdan gedib. Yəni, real olaraq Bəşər Əsəd bu proseslərdə yoxdur. Sadəcə olaraq, Əsədi idarə edən Rusiya var, onun başçılıq etdiyi hökumət daxilində formalaşmış şiə qruplaşmasına rəhbərlik edən, bu yolla da ona təzyiq edən İran var. Onu da qeyd edim ki, Suriyadakı ən böyük mövcudluq İrana məxsusdur. İranın həm siyasi hakimiyyətdə, həm hərbi strukturlarda, həm iqtisadi sferalarda, həm nəqliyyat sektorlarında, həm də terror qruplaşmalarında varlığı var. Yəni, proseslərə həm hərbi, həm iqtisadi, həm də siyasi təsirləri mövcuddur.

Rusiya və İranın Əsədi hakimiyyətdən göndərmək üçün üzərində işlədiyi layihə yeni deyil. Vaxtilə Soçi və Astana proseslərində Suriyadakı demokratik qüvvələrin iştirak ilə keçirilən görüşlərin, habelə buna uyğun olaraq, Suriyada yeni Konstitusiyanın qəbul edilməsi və ya qanunvericiliyin dəyişdirilməsi kimi proseslərin gedişatında Əsədin hakimiyyətdən göndərilməsi faktoru da var. Bunu Əsədin özü də bilir, Rusiya da, digər iştirakçılar da. Bu məsələdə Rusiya və Türkiyə arasında yaranan fikir ayrılığı, Əsədin hansı tarixdə gedəcəyi ilə bağlıdır. Lap əvvəldə Rusiya və Türkiyənin Əsədin getməsi ilə bağlı razılığı vardı. Amma Türkiyə təxirə salınmadan tez getməsini istəyirdi, Rusiya isə bunun üçün prosesin sonunu gözləyirdi. Etiraf etmək lazımdır ki, Rusiya bu mənada Əsədin münaqişənin başa çatmasından sonra Suriyada BMT-nin tanıdığı sərhədlər çərçivəsində parlament və hökumətin buraxılması, buna uyğun olaraq prezident və parlament seçkilərinin keçirilməsindən sonra getməsində maraqlı idi. Yəni, Suriyanın ərazi bütövlüyü və müstəqilliyinə hüquqi əsasların olmasından sonra...

Əlbəttə, Suriya dövlətinin saxlanılması üçün ən doğru olanı da budur. Şübhəsiz ki, Rusiya öz maraqları naminə belə bir mövqe ortaya qoyub. Rusiyanın Suriya münaqişəsində iştirak edən və bir sıra strateji nöqtələrə nəzarət edən terror qruplaşmaları ilə əlaqələri olmadığı üçün bunu istəyirdi. Bu baxımdan da, Rusiya indi də Suriyanın BMT-nin tanıdığı sərhədlər daxilində qalmasında maraqlıdır. Çünki Rusiyanın bu sərhədlər çərçivəsində hərbi bazalardan tutmuş, digər strateji əhəmiyyət kəsb edən obyektləri var. Buna görə də, Rusiya Yaxın Şərqdə ən yaxşı bildiyi və etibar etdiyi bir ünvanın bütöv qalmasında maraqlıdır. Yəni, Əsədin hakimiyyətdən getməsi zaman məsələsidir.

- Liviya ətrafında da maraqlı proseslər gedir. Ard-arda hökumət qüvvələri tərəfindən Haftara ağır zərbələr endirildi. Artıq Haftar qüvvələrinin müəyyən qismini Tripolidəki bəzi mövqelərindən geri çəkildiyini elan edib. Sizcə, Haftarın meydandan tamam çıxarılması nə qədər mümkündür, müttəfiqləri – Rusiya, BƏƏ, Misir və digərləri buna razı olarmı?

- Liviyadakı qarşıdurmalar Yaxın Şərqdə gedən proseslərin bir səhnəsidir. Yəni, bu bir teatrın ikinci səhnəsidir. Eyni aktyorların üz dəyişərək çıxdığı səhnə... Haftara gəldikdə, o, 1970-ci illərdən qiyamçı, kənar qüvvələrə işləyən, xarici oyunçuların əllərində alət olan bir şəxsdir. Yəni, Haftar Liviya daxilindəki proseslərdə nəzərə alınan bir amildir. Müəyyən qüvvələr Liviya daxilindən keçən maraqlarının və layihələrinin həyata keçirilməsi üçün həmişə Haftarla hesablaşmalı olublar. Bu, 1970-ci illərin sonlarından, 1980-ci illərin əvvəlindən belədir. Ümumiyyətlə, Haftarı bir fərd olaraq qəbul etmək lazım deyil. Haftar siyasiləşmiş, hərbiləşmiş müxtəlif tayfalardan ibarət bir klanın ağsaqqalı, lideri və ya təmsilçisidir. O, həm də Liviyadaxili proseslərdə bir tənzimləyici faktordur.

Hər nə qədər əvvəldən onun birtərəfli formada Rusiyaya bağlılığı haqda danışılsa da, Haftar həmişə sağ-solu bəlli olmayan, iqtisadi maraqların təmin olunmasında bir alət rolunu oynayan qiyamçı-hərbçi olub. Bu zaman ərzində də, sifarişləri kimdən alıbsa, onlara da xidmət edib. Uzun müddət Rusiyanın maraqlarına xidmət etsə də, zamanla Amerikanın da tapşırıqlarını yerinə yetirib.

Haftar meydandan ancaq, fiziki olaraq məhv edildikdən sonra çıxacaq. Yalnız bu halda onun proseslərdən kənarlaşdırılması mümkündür. Çünki bu adamın arxasında ordu və xarici qüvvələr dayanır. Amma o olmasa da, onun rəhbərlik etdiyi qüvvələrə başqası rəhbərlik edəcək, buna görə onun bir sima olaraq qəbul etmək lazım deyil. İndiki şərtlər daxilində onun və onun rəhbərlik etdiyi qüvvələrin meydandan çıxarılması və ya təslim edilməsi mümkün kimi görünmür. Haftar o halda sıradan çıxarılacaq ki, ABŞ, Rusiya, Türkiyə və bölgənin bir sıra ərəb dövlətləri Liviyadakı beynəlxalq daşınmalarla bağlı ortaq bir qərar verəcək. Bir dayanıqlı və güvənli bir anlaşmanın şərtlərini yerinə yetirən tərəflər olacağı halda, Haftar meydan çıxarılacaq. Ona qədər isə həmişə ona ehtiyac olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər