21 May 2020 21:36
3 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi son vaxtlar qondarma Dağlıq Qarabağ rejimini əldə alət edərək Azərbaycanın əsəblərini tarıma çəkən hərəkətlərə yol verməkdədir. Bundan əvvəl mayın 10-da Ermənistanın başabəla baş naziri Şuşa şəhərinə gəldi. Orada yalançı bir parad keçirdilər, bayram mərasimi düzənlədilər və sair. Bununla da Azərbayaycan tərəfində ciddi qıcıq doğurdular. İndi isə yeni bir addıma əl atırlar. Qondarma rejimin yeni seçilmiş başçısının inauqurasiya mərasimini Şuşa şəhərində keçirirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, onlar bu qeyri-qanuni addımı atmaqla yanaşı ora Ermənistandan da qonaqlar dəvət ediblər:
“Onlar açıq-aşkar baş vermiş təcavüz hallarının nəticələrinin aradan qaldırılmasına maneçilik törədən qüvvələrdir. Ümumiyyətlə, işğal faktından əlavə Ermənistanın bölgədə meydan sulamaq fikrinə düşməsi, torpaqlarını işğal etdiyi Azərbaycana qıcıq verməsi xüsusilə hər kəsin hiddətinə səbəb olur və bu dərəbəyliyə, siyasi həyasızlığa son qoyulması bu gün Azərbaycanda hər kəsin tələbidir. Mənə elə gəlir ki, bunlar Azərbaycanın tarıma çəkilmiş əcəblərini bir daha sınaqdan keçirmək fikrinə düşüblər və hərbi təlimlərə başlamış Azərbaycan Ordusunun bu təlimləri ilə bağlı dünyaya haray-həşir salmaqdadırlar. Onlar bildirirlər ki, Azərbaycanın pandemiya dövründə irimiqyaslı və bütün qoşun növlərini cəlb etməklə hərbi təlimlərə başlaması Azərbaycanın “təcavüzkar” niyyətlərindən xəbər verir və dünya ictimaiyyəti buna diqqət yetirməlidir”.
Qabil Hüseynli qeyd edib ki, Ermənistan tərəfi pandemiyanın pik dövründə Azərbaycan torpaqları olan Dağlıq Qarabağda qondarma “prezident” seçkiləri keçirə, başqa ölkənin ərazisini işğal etdikləri günü bayram kimi qeyd etməyi özlərinə rəva bilirlər. Amma Azərbaycan Ordusunun qrafiklə nəzərdə tutulmuş hərbi təlimlərinə qulp qoymağa və bu faktın özündən bir siyasi insident düzəltməyə çalışırlar:
“Görün, erməni həyasızlığı hansı dərəcəyə çatıb ki, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanın Ordusunun hərbi təlimlər keçirməsini qınaq obyektinə çevirməyə çalışır. Əlbəttə, bu, onsuz da hansısa ölkə və ya beynəlxalq təşkilat tərəfindən qınanılımasına cəsarət ediləcək hərəkət deyil”.
Politoloq bildirib ki, ermənilərin qondarma inauqurasiya mərasimini Şuşada keçirmələri Azərbaycana qarşı təxribatın yeni formasıdır. O qeyd edib ki, biz bu təxribatı mümkün üsullarla aradan qaldırmağa çalışmalıyıq:
“Zənnimcə, Azərbaycan Ordusu hərbi təlimlər keçirməklə yanaşı “inauqurasiya” mərasiminin keçirildiyi Şuşa şəhərinə bir neçə raket də ata bilər. Yəni, biz torpaqlarımızda at oynadan ermənilərin həyasızlığına son qoymaq üçün hansısa addımlar atmağa çalışmalıyıq. Bununla da danışıqlar masası arxasından qaçmış, faktiki olaraq destruktiv təkliflərlə danışıqlar prosesini dalana dirəmiş Paşinyan iqtidarına müəyyən təsir edə bilərik. Sözsüz ki, bölgədə vəziyyəti gərginləşdirəm Ermənistan və onun buyruq qulu olan qondarma “DQR” görünür, bizdən hansısa cavab tədbirləri görməyimizi arzulayır. Azərbaycan Ermənistanın arzusunu gözündə qoymamalıdır”.


Müəllif: Səxavət Həmid