21 May 2020 22:49
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir:

“Bu günə qədər Azərbaycan tərəfindən 10-dan çox ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilib.

Ölkəmiz təyyarələrlə yüzlərlə ton yardım göndərib. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərilib. Bu da Azərbaycanda aparılan siyasətin tərkib hissəsidir.

Ölkəmiz xarici siyasət istiqamətində hər zaman əməkdaşlığa üstünlük verib. Ən çətin vəziyyətlərdə yaxın qonşuluqda yerləşən və digər ölkələrə kömək əlini uzatmışıq. Ölkəmizin bir neçə önəmli transmilli layihəsi məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılıb. Ölkəmizin səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi seçilməsi və Qoşulmama Hərəkatının yekdil – 120 ölkəsinin qərarı ilə sədr seçilməsi bunun əyani sübutudur. Ona görə ki, Azərbaycan xarici siyasətdə qarşılıqlı dəstəyə sözdə yox, əməldə riayət edir. Ölkəmizin nümayiş etdirdiyini həmrəylik əməldə sübut edilir”.

İlyas Hüseynov daha sonra deyib:
“Eyni zamanda vurğulamaq lazımdır ki, Azərbaycan indi iki təşkilata sədrlik edir və bu iki təşkilatın zirvə görüşü ölkəmizin təşəbbüsü ilə keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatı Zirvə görüşləri ən yüksək səviyyədə keçirilib. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunub.

Bununla yanaşı Prezident İlham Əliyev öz çıxışında gənclərin rolunu çox yüksək qiymətləndirib. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayır. Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur. Bu gün nazir və icra başçıları arasında gənclər də var. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclər var və açılışı olan DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verir ki, Azərbaycan öz daxili intellektual resursları hesabına inkişaf etsin və eyni zamanda, digər ölkələrlə bu təcrübəni bölüşsün.

Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri əsnasında onları həmişə biliklərə cəlb edir, dəvət edir ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Bu gün bizim gənclərimiz bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər.

Eyni zamanda, xüsusilə qeyd etmək lazımdır ki, xoşagəlməz hallara qarşı da mübarizədə gənclər dövlətə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir.

Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Politoloq bildirib ki, Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olmasında Prezident İlham Əliyevin xüsusi xidmətləri var:
“Ümumdünya Səhiyyə Təşkilatı dövlət başçısının rəhbərliyi altında Azərbaycanda COVID-19 koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib və Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bu, Prezident İlham Əliyevin gördüyü işlərə verilən böyük qiymətdir. COVID-19 koronavirus pandemiyası dövründə ölkəmizin başçısına vətəndaşlarımız tərəfindən minlərlə minnətdarlıq məktubu gəlib. Ölkəmizdə həyata keçirilən sosial islahatlar, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən sosial paket vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir”.

Qeyd edək ki, mayın 19-da Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı orada Azərbaycan Televiziyasına müsahibəsində bir sıra önəmli məqamlara toxunub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər