22 May 2020 16:31
3 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan əməliyyatlara başlamaqla həm bir neçə strateji bölgəni azad edərdi, həm də diplomatik masadakı mövqeyini gücləndirərdi. Bununla münaqişənin həll prosesinə rəvac vermək mümkündür”.

Politoloq Natiq Miri belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Otuz ilə yaxındır, Qarabağ münaqişəsini ağır daş kimi yerindən tərpətmək mümkün deyil – danışıqlar bir nəticə vermədi. Nə Ermənistan rəhbərliyi işğal etdiyi əraziləri azad etmək haqda düşünür, nə də həmsədrlər əllərini bu “ağır daş”ın altına salıb tərpətmək istəyir. Sizcə, belə bir vəziyyətdə, münaqişənin həlli üçün ən yaxşı variant nədir?

- İyirmi yeddi illik təcrübə göstərdi ki, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək mümkün deyil. Ən azı qarşı tərəf – işğalçı Ermənistan danışıqlarda konstruktiv mövqe nümayiş etdirmir. Bu baxımdan münaqişənin həll prosesini irəli daşımaq mümkün deyil. Habelə, BMT-nin mandatı ilə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu münaqişənin uzanmasına rəvac verən tərəf kimi çıxış edir. Yəni, münaqişəni həll etməkdən çox, prosesin donmasına yönəlik bir fəaliyyət ortaya qoyur. Maraqlıdır ki, Minsk qrupu heç yaranmış vəziyyətlə bağlı hesabat vermək də istəmir. Ortada bir Minsk Konfransı mövcuddur və bura 17 ölkə daxildir. İndiyə qədər bu konfrans cəmi bir dəfə çağrılıb. Amma buna rəğmən, kimsə nə bu konfransı toplamaq, nə də Minsk qrupunu hesabat verməyə çağırmaq istəyir. Halbuki ortada bir işğal faktı var və bu, beynəlxalq hüquq normaları ilə sübut olunub. Buna baxmayaraq, kimsə işğalçı Ermənistana təzyiq etmək fikrində deyil. Bu təzyiq olmadığı təqdirdə, niyə işğalçı ələ keçirdiyi o torpaqlardan çıxmalıdır? Buna görə də bu münaqişəni dinc yolla həll etmək limiti çoxdan tükənib.

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra demək olar ki, danışıqlar prosesi tamam dalana dirənib. Konkret predmetlər və əsaslar üzrə danışıqları bərpa etmək mümkün olmur. Çünki Paşinyan hökuməti həmin predmetlər üzrə danışıqlar aparmaqda maraqlı deyil, hər dəfə müəyyən bəhanələrlə zaman qazanmaq istəyir. Paşinyana bu zamanı vermək lazım deyil. Hesab edirəm ki, buna görə də Azərbaycan tərəfi Ermənistan rəhbərliyi ilə danışıqlardan imtina etməlidir. Çünki məsələni danışıqlar yolu ilə həll etmək limiti bitib.

- Bəs hansı yol qalır?

- Bu halda alternativ olaraq, problemin hərbi yolla həll olunması məsələsi gündəmə gəlir ki, bu yöndə də konkret addımlar atıla bilmir. Proses dalana dirənəndə Azərbaycan tərəfi hərbi təlimlər keçirməyə üstünlük verir. Bu təlimlər qarşı tərəfə hərbi-psixoloji təzyiq vasitəsi kimi düşünülsə də Ermənistan bundan dərs götürmək istəmir. Yəni, hərbi təlimlər də problemin həlli məsələsində qarşı tərəfə təzyiq vasitəsi kimi gündəmdən çıxıb. Bu yolla Ermənistana təzyiq etmək mümkün deyil.

Məlumdur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin mərhələli həlli ilə bağlı bir açıqlama verdi. Ermənistan rəhbərliyi bu açıqlamanı süngü ilə qarşıladı. Birmənalı şəkildə bəyan edildi ki, Ermənistan tərəfi heç bir halda güzəştə getmək fikrində deyil, mərhələli həll planını qəbul etməyəcək, nəinki bir rayonu, heç bir kəndi belə azad etmək fikrində deyil. Bu cür rəsmi açıqlamalardan sonra Ermənistanla hansısa danışıqların aparılması perspektivi, birmənalı olaraq tükənib. Belə bir şəraitdə məsələnin hərbi yolla həll variantı ön plana çıxır. Amma bu yöndə də biz hərəkətlənmə görmürük. Halbuki bu gün torpaqların hərbi yolla azad edilməsi üçün münbit zəmin yaranıb.

- Buna nə əngəl olur?

- Şübhəsiz ki, Rusiya. Amma bu gün Rusiyanın başı ciddi şəkildə özünə qarışıb. Məlumdur ki, federasiyada pandemiya ilə mübarizə problemi ortaya çıxıb, buna qarşı da Rusiya aciz tərəf kimi çıxış edir. Ayrıca, bu problemə adekvat olaraq, Rusiyada ciddi iqtisadi böhran yaşanır. Paralel olaraq, Rusiya büdcəsinin 60 faizini təşkil edən neft gəlirlərinin azalması da problemlərin spektrini genişləndirir. Belə ki, dünyanın neft bazarlarında neftin qiymətləri olduqca aşağı səviyyəyə düşüb. Bu, Rusiya iqtisadiyyatını çökmüş vəziyyətə gətirib çıxarıb.

Bundan başqa, Rusiyanın geosiyasi maraqlarının olduğu Suriya və Liviyada da Moskva ciddi problemlərlə üz-üzə qalıb. Yəni, Moskvanın geosiyasətində də çöküş yaşanır. Əvvəllər Rusiya Suriyada qazandığı uğurları öz cəmiyyətinə təqdim edir, bu prosesdə həlledici rol oynaya bilirdisə, artıq Türkiyənin aktiv siyasəti ilə burada çox ciddi uğursuzluqlar yaşayır. Türkiyənin İdlibdə keçirdiyi sonuncu “Sülh çeşməsi” əməliyyatı ilə göründü ki, artıq Rusiya Suriya böhranının həll prosesində həlledici amil deyil.

O da məlumdur ki, Liviyada qiyamçı general Haftarı Rusiya muzdluları dəstəkləyir. Rusiyanın 2 mindən çox muzdlu qüvvəsi Haftara dəstək rolunda çıxış edir. Amma Liviyanın BMT tərəfindən tanınan hökuməti qardaş Türkiyənin dəstəyi sayəsində general Hafata ağır zərbələr endirir. O, indiyədək əldə etdiyi strateji mövqeləri itirməyə başlayıb. Haftarla yanaşı, Rusiya muzdluları da ciddi itkilər verir. Bundan başqa, Rusiyanın Suriya ilə yanaşı, Liviyadakı çox məşhur hava hücumundan müdafiə sistemləri ciddi zərbələr alır ki, bu, Rusiyanın beynəlxalq imicinə vurulan ağır zərbə deməkdir. Yəni, Rusiyanın xarici siyasəti iflasa uğrayır. Bir tərəfdə iqtisadi böhran, bir tərəfdə neftin kəskin ucuzlaşması, bir tərəfdən də pandemiya ilə mübarizədə aciz qalması, habelə Liviya və Suriyadakı uğursuzluqları Rusiyanın uğurlarının “sabun köpüyü”ndən ibarət olduğunu göstərdi. Bu nöqteyi-nəzərdən, artıq Rusiyanın siyasi çevrələrində Putinə alternativ axtarışlarına çıxılıb. Bu faktlar göstərir ki, Rusiyanın başı ciddi şəkildə öz problemlərinə qarışıb.

- Yəni, hərbi əməliyyatlara başlamaq üçün münbit bir şərait yetişib...

- Hesab edirəm ki, Azərbaycan qısamüddətli, lokal hərbi əməliyyatlara başlayarsa və cəbhədə bir neçə ciddi hərbi uğur əldə edərsə, bu, danışıqlar masasındakı mövqelərimizi ciddi şəkildə gücləndirərdi. Poliqonda uğurlar əldə etmədikcə, masada siyasi nailiyyətlər əldə etmək mümkün olmayacaq. Buna görə də Azərbaycanın hərbi müstəvidə ciddi uğurlara ehtiyacı var ki, bunun üçün zəmin yaranıb. Kimsəyə sirr deyil ki, Azərbaycana uzunmüddətli müharibəyə başlamağa mane olurlar. Buna həm Rusiya, həm də digər qlobal güclər kontekstində əngəllər ortaya çıxarılır.

Amma indiki şəraitdə Azərbaycan əməliyyatlara başlamaqla həm bir neçə strateji bölgələri azad edərdi, həm də diplomatik masadakı mövqeyini gücləndirərdi. Bununla münaqişənin həll prosesinə rəvac vermək mümkündür. Azərbaycanın özü bir proses yaratmalıdır ki, əldə edilən hərbi uğurlar nəticəsində bu “ağır buz”u yerindən tərpətmək mümkün olsunr. Əks halda, masa arxasında nəsə əldə etmək mümkün olmayacaq.

- Tez-tez müxtəlif səviyyələrdə Azərbaycan ordusuna Xankəndi və ya Şuşanın vurulması ilə bağlı çağırışlar edilir. Bu, həll prosesini irəli aparmaq üçün doğru seçimlərdən biri ola bilərmi?

- Bu gün hansısa obyektləri vurmaq, bizi məsələnin həllinə gətirib çıxarmayacaq. Amma məsələyə başqa kontekstlərdən baxmaq olar. Məlumdur ki, Ermənistan rəhbərliyi Qarabağı su yoluna döndərib. Xocalıda bir hərbi aeroport var. Bu aeroportun vurulması onlara bir daha göstərərdi ki, Qarabağa rahatlıqla - Azərbaycandan icazə almadan gəlmək onlar üçün böyük təhlükə törədir. Bir dəfə belə bir addım atılarsa, hesab edirəm ki, Ermənistan rəhbərliyi bundan nəticə çıxaracaq. Ancaq bu, uzunmüddətli perspektivdə münaqişənin həllinə kömək etmir. Buna görə də Azərbaycanın qısamüddətli lokal hərbi əməliyyatlar keçirməsinə ehtiyacı var. Ən azı iki həftə müddətinə kimsə Azərbaycana heç nə etməyəcək.

Ortada Suriya və Liviya təcrübəsi var. Bu gün Türkiyə Liviyada təkbaşına qlobal güclərin geosiyasi maraqlarına qarşı fəaliyyət göstərir. Nəticəsi də budur ki, Türkiyənin dəstəklədiyi Liviya hökuməti az qala bütün dünyanın arxasında olduğu Haftara ordusuna qarşı əməliyyatlar keçirib ölkənin strateji bölgələrini azad etməyə başlayıb. Azərbaycan da bunu edə bilər. Uzun perspektivdə olmasa da qısamüddətli lokal əməliyyatlarla Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad etmək mümkündür. Azərbaycanın buna hərbi qüdrəti çatır. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün bunun alternativi yoxdur. Ən azı prosesi yerindən tərpətmək və ya intensivləşdirmək üçün buna ehtiyac var. Bu həm də Azərbaycanın masadakı mövqelərini güclənirər ki, bunun üçün də gözlənilmədən hərbi əməliyyatlara başlanılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər