23 May 2020 15:02
2 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin əhval-ruhiyyəsi pozulmuş kimi görünür. Mən hər gün televiziya ekranında onun koronavirusla mübarizə ilə bağlı hökumət üzvləri və region rəhbərləri ilə görüşlərinə baxıram və üzündə açıq kədər görürəm. O, bəzən çıxış edənləri gərgin üz ifadələri ilə dinləyir və özünü təmkinli saxlamağa çalışır, bəzən isə çıxış edənlərin sözünü kəsərək, koronavirusla mübarizə tədbirləri barədə öz göstərişlərini verir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Türkiyənin “T24” saytında dərc olunmuş, Hakan Aksayın müəllifi olduğu “Kremldə çətin dövrlər: planları pozulmuş Putin və koronavirus şəraitində Rusiya regionları” başlıqlı məqalədə bildirilib.

Müəllifin yazısı Rusiyada pandemiya ilə əlaqədar vəziyyətə həsr edilib. O bildirib ki, Rusiya Prezidentinin əhval-ruhiyəsi son vaxtlar xeyli pisləşib.

Hakan Aksay yazır:

“Mən düşünürəm ki, Rusiya liderinin əhval-ruhiyyəsini təkcə koronavirus korlamayıb. Siyasi planlarının dağılması da onun emosional vəziyyətinə təsir edib. Bunu izah edəcəyəm.

Putin 20 ildir hakimiyyətdədir. “Ölənə qədər prezident kürsüsündə qalmayacam” və “konstitusiyanı dəyişməyəcəm” sözünü dəfələrlə deyən Rusiya lideri ilin ilk ayında ölkədə siyasi sistemdə islahatlar aparılacağına dair bəyanat verdi.

Deyilənlərin hamısı belə təəssürat yaradırdı ki, Putin yüksək dövlət vəzifələrini bərpa edərkən, sanki həm ölkəni, həm də yürütdüyü siyasəti təmin etmək üçün tədbirlər görməyə çalışır, həm də müddəti başa çatdıqdan sonra – 2024-cü ildə özü də prezident postunu tərk edir (bəlkə də bunu daha tez edir).

Ancaq birdən gözlənilməz hadisə baş verdi (bu ya əvvəlcədən hazırlanmış planın bir hissəsi, ya da bəzi rəsmi və iqtisadi dairələrin Putinə etdiyi təzyiqin nəticəsi idi. Sanki, Putinə dedilər ki, “sən vəzifəni tərk etməməlisən”). Putin, konstitusiyaya müvafiq dəyişikliklərin ediləcəyi təqdirdə vəzifəsini 2024-cü ildən başlayaraq, daha iki müddətə, daha dəqiqi 2036-cı ilə və ya başqa sözlə 84 yaşına qədər davam etdirə biləcəyini istisna etmədi. Bu “siyasi islahat”ın ilk addımı 22 aprel 2020-ci ilə təyin edilən referendum olmalı idi. Lakin koronavirus bu planları pozdu”.

Yazıda qeyd olunur ki, bəzi rus şərhçilərinin fikrincə, o cümlədən məhz bu siyasi plana görə Rusiyada koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsində gecikmə oldu:

“Bir versiyaya görə, Kreml sahibləri hətta 22 apreldə referendum keçirmək və 23 apreldə karantin elan etmək barədə düşünürdülər, lakin koronavirus təhlükəsi böyüdükdə bundan imtina etdilər”.

Müəllif bildirir ki, Rusiya rəhbərliyinin beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət verilən 9 may Qələbə Günü bayramını (II Dünya müharibəsində qazanılan qələbənin 75 illik yubileyi) eyni səbəbdən qeyd etmək mümkün olmadıqda V.Putinin əhvalı daha da pisləşib:

“Bunlar bunlar hamısı Rusiya lideri üçün çox zəhlətökən hadisələr idi. Axı, başladığı planların tam həyata keçirilməsinə alışmış Putinin siyasi taleyi təkcə iqtisadi böhranın nəticələrindən deyil, haqqında heç bir şey bilinməyən virus epidemiyasından da asılı idi. Bu nöqteyi-nəzərdən “nə qədər tez olsa, bir o qədər yaxşıdır” prinsipindən çıxış edərək Kreml hazırda həm referendumun, həm də iyunun 24-də qələbə paradının keçirilməsi ehtimalını müzakirə edir. Əgər mümkün olmasa hər iki hadisə sentyabr ayına təxirə salına bilər. Şübhəsiz ki, koronavirusun təsiri və neft gəlirlərinin azalması nəticəsində yaranacaq sosial-iqtisadi problemlər Rusiya rəhbərliyinin həyatını çətinləşdirə bilər. Bütün bunlar Rusiyada dövlət çevrilişinə də gətirib çıxara bilər. Dövlət çevrilişinin baş verməsinin bir çox hallarda bu səbəblərlə də şərtləndirilməsi mümkündür”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər