Nikol Paşinyanın Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlaması jestinə həm mənəvi-psixoloji, həm də geosiyasi-diplomatik kontekstdən yanaşmaq lazımdır. Mənəvi-psixoloji nöqteyi-nəzərdən yanaşdıqda bu, Ermənistanın və onun rəhbərliyinin indiyədək apardığı ikiüzlü və riyakar siyasətin bir daha bariz nümunəsi kimi ortaya çıxır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, biz, Ermənistanın müsəlman ölkələri ilə münasibət qurmağa çalışdığı halda yüz minlərlə müsəlman azərbaycanlı əhalini etnik təmizləməyə, deportasiyaya məruz qoyduğunu, onları öz ata-baba yurdlarından didərgin saldığını dəfələrlə görmüşük:
“Ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda 1800-1900-ə yaxın tarix-mədəniyyət abidəsini ya məhv edib, ya görüntüsünü dəyişdiriblər. Belə şəraitdə Nikol Paşinyanın əlbəttə müsəlman ölkələrinin başçılarına təbrik məktubu ünvanlaması ikiüzlü, riyakar siyasətin növbəti təzahürüdür”.
Aydın Quliyev qeyd edib ki, diplomatik-geosiyasi nöqteyi-nəzərdən isə məsələnin başqa bir anlamı var:
“Bu da o deməkdir ki, Paşinyan Rusiya ilə ABŞ arasında neytral və əsl suveren dövlətə yaraşan bir siyasət aparmağın perspektivsizliyini artıq özü də başa düşməyə başlayıb. Çünki o hakimiyyətə gələndən sonra Rusiya ilə ABŞ arasında aralıq bir siyasət aparmağa cəhd göstərsə də, əslində buna nail ola bilmədi. Avropa ilə münasibətlər də bəllidir. Çünki Avropa İttifaqı ilə inteqrasiya cəhdləri və səyləri də lazımi nəticəni vermir. Hazırda Paşinyan özünün xarici siyasətinin yeni konsepsiyasını elan edib. Bu konsepsiya Ermənistanın suverenliyi və erməni diasporunun tam gücündən istifadə üzərinə köklənib. Belə bir şəraitdə Paşinyan əsas diqqəti müsəlman ölkələrinə yönəltmək istəyir. Yəni Rusiya, Amerika və Avropa ilə münasibətlərdə lazımi nəticələrə nail ola bilmədiyinə görə artıq xarici siyasətin ağırlığını Afrikaya və ərəb-müsəlman ölkələrinə yönəltməyə çalışır. Bu da məsələnin geosiyasi-diplomatik tərəfidir”.
Bununla belə müsahibimiz qeyd edib ki, hər iki halda nəticə Ermənistan üçün uğursuzdur:
“Çünki bir halda Ermənistanın riyakarlığı üzə çıxır, digər halda isə geosiyasi seçimlərin uğursuz olmasının əlamətləri ortadadır”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bunun təcavüzkar Ermənistanın rəhbərinin islam dininə nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsi adlandırıb.