ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərləri 28 may tarixini “Azərbaycan Milli Günü” elan ediblər.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Qeyd olunub ki, bununla bağlı Las Veqas, Honolulu və Monterey şəhərlərinin merləri, San Dieqo Şəhər Şurası, eləcə də San Dieqo Vilayətinin Məşvərətçilər Şurası tərəfindən müvafiq bəyannamələr imzalanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamələrdə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Sənədlərdə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Bəyannamələrdə, həmçinin, ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Bayramı kimi qeyd edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.
Bəyannamələrin sonunda 28 may tarixi Las Veqas (Nevada ştatının ən böyük şəhəri), Honolulu (Havay ştatının paytaxtı), San Dieqo (Kaliforniya ştatının ikinci ən böyük şəhəri) və Monterey (Kaliforniya ştatı) şəhərlərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.