“İllərdir sosial şəbəkələr kənardan bir çox ölkə və cəmiyyətlərə təsir vasitəsi kimi istifadə olunur. Bu proses təkcə ABŞ-ı yox, dünyanın bütün ölkələrini əhatə edir”.
ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətin gücləndirilməsinə dair imzaladığı qərar barədə Teleqraf.com-a danışan politoloq Yeganə Hacıyeva belə deyib.
Ekspert bildirib ki, ABŞ sosial medianın vətəni hesab olunması və sosial şəbəkələrin məhz Amerikadakı elmi-texniki tərəqqi nəticəsində texnoloji üstünlük sayılmasına baxmayaraq, 2016-cı ildə prezident seçkisində Trampın lehinə və ya əleyhinə manipulyasiya oldu:
“Bunu da sosial şəbəkələr üzərindən etdilər. Analoji prosesləri Avropada da gördük. Məsələn, İspaniyanın Kataloniya bölgəsində keçirilən referendum. Qısa vaxtda bir ideya yaradıldı və bununla bölgədə çalxalanmaya səbəb olan proseslərin əsası qoyuldu. Sosial mediada paylaşılan adi bir görüntü ilə bölgədə təxribat törədildi. Bu da Kataloniyanın İspaniyadan ayrılmasına gətirə biləcək prosesə səbəb oldu. Bu, təkcə İspaniyaya yox, bu ölkənin üzvü olduğu Avropa İttifaqına da bir hədə yaratdı.
Digər ölkələrlə yanaşı, Azərbaycanda da eyni proses gedir. Biz işğaldan əziyyət çəkən bir ölkə kimi görürük ki, sosial mediada aparılan separatizm təbliğatı hansı fikirləri formalaşdırır. Bəzən olmayan bir etnik qarşıdurma haqda reallığa sığmayan fəaliyyətlər həyata keçirilir. Ortada heç nə yoxdur, amma Ermənistan xüsusi xidmət orqanlarına bağlı bir neçə şəxs məqsədli olaraq, talış və türklər arasında olmayan bir qarşıdurmanın görüntüsünü verməyə çalışırlar.
Başqa sözlə, bütün dünyada sosial şəbəkələrdən daxilə yönəlik kənar təsir vasitələri və ya alətləri kimi istifadə olunduğu bir faktdır”.
Donald Trampın sözügedən fərmanına gəlincə, Yeganə Hacıyeva qeyd edib ki, bunun böyük korporasiyalar arasında gedən iqtisadi rəqabət olduğunu deyənlər də var:
“İstər ABŞ, istər Rusiya, istərsə də Avropada bunu dilə gətirənlər mövcddur. Amma reallıq budur ki, 2016-cı il seçkilərini udan Donald Trampın legitimliyi o dönəmdə sosial şəbəkədə aparılan əks-təbliğat və kampaniyalara görə şübhə altına alınmışdı. Bundan sonra ABŞ Konqresi, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi sosial şəbəkələrin seçkiyə kənar təsir vasitəsi kimi istifadə olunduğunu aşkar etdi. Düzdür, bu aşkarlıq seçkinin nəticələrinə təsir etmədi, amma bu prosesi ciddi bir şübhə altına saldı.
Sosial media üzərindən ayrı-ayrı dövlətlərə yönəlik daxili informasiya siyasətinin sındırılması prosesi təkcə lokal bölgələri deyil, qlobal səviyyədə təhlükəsizliyə hədədir. Bir çox ölkələrdə dövlətin informasiya siyasətinə sosial media diktə edir. Bu, çox təhlükəlidir, əslində bütün dünyada belədir. Dövlətlərin informasiya siyasətini ünvanı bəlli olmayan sosial media müəyyən etməməlidir, bunu öz daxili və xarici maraqları çərçivəsində dövlət müəyyənləşdirməlidir.
Məsələn, sosial şəbəkədə şübhəli səhifələr bir mövzu diktə edir. Sosial medianın fikir liderləri, bir sıra xəbər saytları, yaxud hansısa şəxslər bu mövzudan öz maraqları üçün istifadə edirlər. Nəticədə dövlətin siyasətini bəlli olmayan bir ünvan müəyyən edir. Aydındır ki, o biri tərəfdə kimsə var və bu onun məramıdır”.
Ekspert hesab edir ki, Donald Trampın imzaladığı fərman bu yöndə birincidir, amma sonuncu deyil: “Bu prosesin ardınca, ayrı-ayrı dövlətlərdə sosial mediaların nəzarətə götürülməsi ilə bağlı addımlar atacaqlar və bu ən doğru qərar olacaq. Çünki texnoloji üstünlüklərdən istifadə edən, bunların ünvanı olan korporasiyalar dövlətlərə müharibə elan edirlər.
Pandemiya dönəmində biz bu prosesləri açıq formada gördük. Gördük ki, bütün ölkələrdə dövlətlərin və hakimiyyətlərin nəzarətindən kənarda proseslər gedir. Cəmiyyətlərə də məhz həmin proseslər diktə edir”.