ABŞ Dövlət Departamenti, üzərindən 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Azərbaycanın, o cümlədən, Dağlıq Qarabağın 1993-1995-ci illərdə baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədini 26 may tarixində ictimaiyyət üçün açıq elan edib. Dövlət adamlarımız, siyasətçilərimiz və təhlilçilərimiz həmin sənədlərlə Bill Klintonun şəxsi elektron kitabxanasının rəsmi ünvanında tanış ola bilərlər. Diqqətinizi cəlb etmək istədiyimiz mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin, yaxud ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrinin yerləşdirilməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri əlavə edib ki, sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib:
“Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda Azərbaycan Prezidenti yeganə dövlət başçısı olub ki, belə mövqe tutub və Ermənistanın işğal reallığını diplomatik sənədlər üzərinə daşıyaraq, onun qəbul etdirilməsinə imkan verməyib. Həmin diplomatik yazışmalarda BMT qətnamələrinin necə gərgin danışıqlar, dövlətimizin ağır hərbi döyüşlərin getdiyi bir şəraitdə beynəlxalq siyasi cəbhədə necə fədakarlıq göstərdiyini də görmək mümkündür. Bunlarla yanaşı, biz, ötən iclasların birində Heydər Əliyevin Britaniya Baş naziri Con Meycorla danışıqlarda 1995-ci ildə Beynəlxalq birlikdən, London və Vaşinqtondan Qarabağ məsələsində obyektiv mövqe tutmaları üçün hansı prinsipiallığı, tələbləri və sərt xətti həyata keçirdiyinin şahidi olmuşduq. Biz, istərdik ki, tarixə obyektiv baxmaq istəyən hər kəsə kütləvi informasiya vasitələrimiz o həqiqətləri göstərsin. Aydın məsələdir ki, əgər regionda xarici hərbi birliklər yerləşdirilsəydi, münaqişə tamamilə onların inhisarına keçəcəkdı. Ona görə də xarici hərbi qüvvələrin gəlməsinin qarşısını alan, suveren hüquqlarımızı sonadək ləyaqətlə, peşəkarlıqla qoruyan liderin məhz Heydər Əliyev olduğunu bir daha vurğulamaq lazımdır. O vaxt hakimiyyət əleyhinə yazılan minlərlə böhtan və şər, necə ki, onu indi də edirlər, onlar da tarix qarşısında öz cavabdehliklərini dərk etsinlər. Digər toxunmaq istədiyim məsələ, Parlament Komitələrinin rəhbərliyində digər partiyaların təmsilçiliyinin yaratdığı vəziyyətlə bağlıdır.Ölkə başçısı bunu yeni siyasi arxitektura kimi təqdim etdi və həqiqətən də, bu, digər siyasi qüvvələrin məsuliyyətini artırır, onlara inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştiraka imkan verir. Bütün bunları nəzərə alaraq, “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunmasını təklif edirik. Orada müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər. Parlamentarizmin güclənməsi və demokratik idarəçiliyin möhkəmlənməsində belə hüquqi addımlar mühüm rol oynayacaqdır”.