İnternet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması insanların şüuruna mənfi təsir göstərir.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Teleqraf.com-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair imzaladığı sərəncam dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyətin ürəkaçan olmadığını göstərir.
N.Həmzəyevin fikrincə, bu gün dünyada sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə ciddi ehtiyac var:
“Təəssüflər olsun ki, sosial şəbəkələrdəki mövcud məsuliyyətsizlik ölkəmizdə də müşahidə edilir. Hər zaman pusquda duran antimilli qüvvələr sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarını reallaşdırmağa çalışırlar. Sosial şəbəkələr üzərindən dövlətə və xalqa qarşı düşmənçilik, satqınlıq, riyakarlıq nümayiş etdirən bəzi qüvvələr antimilli planlarını təbliğ etməyə çalışırlar. Ölkəmizdə formalaşan azad, demokratik cəmiyyətin, azad medianın imkanlarından istifadə edən bu qüvvələr şər, yalan, böhtan dolu məlumatları ilə ürək bulandırırlar”, deyə millət vəkili əlavə edib.
Deputat vurğulayıb ki, dünyada baş verən siyasi proseslərə analitik siyasi düşüncə tərzi ilə yanaşan ölkə vətəndaşlarımız Prezident İlham Əliyevin yürütdüyü siyasətin alternativsiz olduğunu görür, beynəlxalq məsələlərdə tutduğu mövqeyi və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyirlər. Ancaq sosial şəbəkələri mənfi tərəfə yönləndirən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən, kimlərinsə haqqında yanlış fikirlər yayan, xüsusi ilə təhqirə, böhtana yol verən şəxslərə də rast gəlirik. Azərbaycanda da bu sahənin fəaliyyətinin tənzimlənməsinə dair qanunun, nəzarət mexanizminin hazırlanması artıq günümüzün aktuallığına çevrilib. Belə olduğu halda sosial şəbəkələr yanlış informasiyalar yayan, şəxsi ambisiyaları naminə gənclərimizi zəhərləyən siyasi oyunbazlardan təhqirlərə yol verən, saxta profillərdən istifadə edənlərdən birdəfəlik təmizlənər. Beləliklə, istifadəçilər sosial şəbəkələrin yalnız müsbət tərəflərindən yararlana bilərlər.