İctimai nəzarətlə bağlı konkret təkliflərim var. Birincisi, hesab edirəm ki, dövlət qurumları, bütün icra hakimiyyətlərinin yanında mövcud ictimai şuraların yaradılması və ya yenidən qurulması vacibdir. Bu ictimai nəzarət mexanizmidir və bunu işlək formaya salmalıyıq. İctimai şuralara vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ziyalılar daxil olmalıdır ki, həm də hər kəs bir-birinə nəzarət edə bilsin”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.
R.Nurullayevin sözlərinə görə, ictimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasınlar:
“Yoxsa, dövlət qurumunun rəhbəri özünə yaxın adamları şuraya dəvət edir və onlar da inert bir quruma çevrilir. Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın. Şəxsən Prezidentin başlatdığı şəffaflıq prosesinə inanıram və onun effektiv olmasını istəyirəm. Şəffaf və korrupsiyadan uzaq bir cəmiyyət yaratmaq istəyiriksə, çarpaz nəzarət mexanizmi qurulmalıdır. Hamımız bir nəfər kimi dövlətin yükünü daşımalıyıq, məsuliyyətimiz çox olmalıdır. Hesab edirəm ki, hörmətli deputatlarımız bu missiyanı yerinə yetirmək üçün tam hazırdır və biz Milli Məclis olaraq, bu işdə öz imkanlarımızdan istifadə edib, islahatlara dəstəyimizi daha effektiv edə edəcəyik”.