Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşdan müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı təqdim edib.
Deputat qanun layihəsinin birinci müzakirəsi zamanı qoruyucu maska taxmayan fiziki şəxslərin 50 manat deyil, 20 manat cərimələnməsi haqda deputat Qüdrət Həsənquliyevin təklifinə münasibət bildirib: “Hörmətli həmkarlarım Qüdrət Həsənquliyevin, Fazil Mustafanın müəyyən təklifləri olub. Ancaq digər həmkarım Siyavuş Novruzovun dediyi kimi əgər vətəndaş 50 manat cərimə edilmək istəmirsə, 30 qəpik ödəyib maska alsın”.
Deputat Azad Badamov isə bu gün keçirilən müzakirələrdə fiziki şəxslərin 25 manat cərimə edilməsini təklif edib. O xatırladıb ki, nə qədər ki COVID-19-un dərmanı tapılmayıb insanlar bu xəstəliklə birgə yaşamağa məcburdur.
Fazil Mustafa isə deyib ki, qanunu parlament qəbul edir və bundan sonra Nazirər Kabineti buna uyğun qərar verəcək: “Milli Məclisdən üstün normativ qanun qəbul edən ünvan yoxdur. Biz qanun qəbul edəcəyik, buna uyğun olaraq da Operativ Qərargah öz qərarını verəcək”.
Hazırda qanun layihəsinin müzakirəsi davam edir.