1 İyun 2020 19:09
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Çin arasında gedən çəkişmə dünya iqtisadiyyatı üçün yeni risk yaradacaq. Beynəlxalq maliyyə qurumları hesab edir ki, Honkonq beynəlxalq maliyyə mərkəzi statusundan məhrum olsa, bu, dünya iqtisadiyyatına çox neqativ təsir edəcək.

Maraqlıdır, bu rəqabət iqtisadi olaraq Çini yoxsa, ABŞ-ı qalib çıxaracaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, ABŞ və Çin arasındakı qarşıdurma ötən ildən başlayıb:

“Amerikanın öz arqumetləri var. Amerikanın Çinin valyuta bazarında qeyri-adekvat davranaraq qəsdlə öz valyutasını dəyərdən salmaq yolu ilə rəqabətdə önə çıxması, ixracatda təşviqə nail olması, patent qaydalarına əməl etməməsi kimi iradları var idi. Müəyyən təsirlər vasitəsilə Amerika Çindən müxtəlif güzəştlər də qopardı. Əsasən də kənd təsərrüfatı məhsullarının daha çox ixrac olunması ilə bağlı Çinlə ilkin razılığa gəldi. İndiki mərhələdə ABŞ-Çin münasibətlərinin daha da kəskinləşməsinin şahidi oluruq. Amerika tərəfinin irəli sürdüyü iddialar həm texnoloji, həm kənd təsərrüfatı, həm patent kimi bir çox sektorları əhatə edir. Çin bu gün ilk dəfə idi ki, əks həmlələr etdi. Belə ki, öncədən Amerikadan ən çox aldığı kənd təsərrüfatı məhsullarından olan soya üçünn yüksək gömrük tariflərinin qoyulması ilə bağlı qərar verdi. İki böyük ölkənin bir-biri ilə ticarət, valyuta savaşlarına getməsi ümumilikdə dünya ticarətini zəiflədən əsas amillərdən biridir”.

Ekspert hesab edir ki, məlum ticarət savaşında hər iki tərəf uduzur: “Çünki Çinlə Amerikanın qarşılıqlı ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Doğrudur, Çin Amerikaya daha çox mal satır. Amerika Çinə təxminən 480 milyard dollara yaxın mal satırsa, Çinin satdığı məhsulların dəyəri təqribən 560-570 milyard dollardır. Sadəcə Amerika Çinə daha çox texnoloji məhsullar, avadanlıqlar satır, Çindən isə daha çox gündəlik tələbat malları alır. Ticarət qarşıdurması nəticəsində gömrük rüsumları artır, bu da mal və xidmətlərin üzərinə gəlir. Məhsulların qiymətinin artması da, əslində ABŞ alıcısına da ziyan vurur. Yəni Amerika vətəndaşı artan gömrük rüsumlarının dərəcələrini ödəyir”.

Natiq Cəfərli onu da qeyd edib ki, ilkin mərhələdə hər iki tərəfin uduzması nəticəsində dünya iqtisadiyyatı da zəifləyir:

“Uzaq perspektivə baxsaq, təbii ki, Amerikanın bu qarşıdurmadan daha üstün çıxmaq şansları var. Çinin 3 trilyon dollara yaxın valyuta rezervləri və Amerikaya aid qiymətli kağızları var. Bu nöqteyi-nəzərdən Amerika Çin üzərində böyük bir üstünlüyə malikdir. Amma bu, dolların hegemon valyuta olduğunu nəzərə alsaq, orta və uzaq perspektivdə üstünlük yarada bilər. Yaxın aylarda bu qarşıdurma dünya iqtisadiyyatında daha ciddi daralmaya səbəb ola bilər. Bu da indiki pandemiya və post-pandemiya dövründə dünya iqtisadiyyatının özünə gəlməsində mənfi rol oynayan əsas amilə çevriləcək”.

ABŞ və Çin arasındakı ticarət savaşından mənfəətli çıxan başqa ölkələrin olmasına gəlincə, analitik qeyd edib ki, iki ölkə arasındakı ticarət savaşı dünya ticarətinin böyük həcmini təşkil edir:

“Avropa ölkələri Çinlə daha yumşaq davranırlar və Çin də bunun fərqindədir. İstər Almaniya, istər Britaniya, istərsə də digər dövlətlər olsun, Çin onlarla ticarətini daha da artırmağa, müxtəlif güzəştlər etmək və qarşılıqlı ticarət müqavilələri bağlamaqla Amerikadan gələn zərbələri sığortalamağa çalışır. Belə əlaqələr Rusiya ilə də var, amma rəsmi Moskva iqtisadi olaraq, dünya bazarında kifayət qədər kiçik oyunçudur. Çin-Rusiya arasında ticarət dövriyyəsi 87-88 milyard dollara çatır ki, bu da dünya ticarəti baxımından o qədər də böyük rəqəm deyil. Amma Avropa Birliyi ilə Çin arasında ticarət dövriyyəsi təxminən 1 trilyon dollara yaxındır. Çox güman ki, Çin bu vəziyyətdə Avropaya yaxınlaşmağa daha üstünlük verəcək və Almaniya, Britaniya, Fransa kimi ölkələrlə daha sıx əməkdaşlıq üçün addımlar atacaq. Yeri gəlmişkən, Çinin son qərarlarından biri də Avropa Birliyi ilə gömrük siyasətinin yumşaltması ilə bağlı oldu. Bu, Amerika ilə münasibətlərin kompensasiya olunmasına xidmət edir. Əgər ilin sonun qədər ticarət savaşları davam etsə, bu, bütün ölkələrə mənfi təsiri göstərəcək”.


Müəllif: Yeganə Oqtayqızı