Su problem artıq ümumrespublika probleminə çevrilib. Sərhəddə Quşçu Ayrım kəndində, gölün qırağında yerləşən kənd bu göldən istifadə edə bilmir. Çünki göl erməni işğalındadır. Başqa rayonlardan ora su gətirilir. Burada həmkarım qeyd etdi, artezanlar qazılmalıdır ki, su gəlsin.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin növbədənkənar iclasında komitə sədri Səməd Seyidov səsləndirib.
O, xatırladıb ki, Qazax rayonunun Şıxlı, Daş Salahlı, Yuxarı Salahlı kəndində suyun olmaması başa düşülən deyil: "Burada infrastruktur da var. Mən bununla əlaqədar “Azərsu”ya deputat sorğusu göndərmişəm. Bir daha buradan müraciət edirəm. Bu artıq Qazax rayonunun problem deyil. Cənab prezident tərəfindən komissiya yaradılıb, işlər görülür. Bu gün əsas problem sudur. Mənim həmkarlarım, 10-a yaxın deputat bu məsələ haqqında danışdı. Mən xahiş edirəm ki, bu məsələyə həm hökumətin, həm də müvafiq dövlət strukturlarının diqqətinə cəlb edək”.
Spiker Sahibə Qafarova isə Səməd Seyidovun fikirləri ilə razılaşdığını deyib: “Biz sizinlə razıyıq. Bu təkcə bir rayonun problem deyil və təbii ki, işlər görüləcək”.