Bəzi beynəlxalq təşkilatlar var ki, Azərbaycan onlar üçün sanki hazır mişendir. Onlar hər zaman ölkəmizə münasibətdə qərəzli olublar. Avropa Şurası isə belə təşkilatların önündə gəlir.
Bunu Teleqraf.com-a açıqlamasında “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.
O qeyd edib ki, Avropa Şurası xüsusilə inkişaf etməkdə olan, müstəqil siyasət aparan dövlətləri hədəfə çevirir:
“Bunlardan biri də Azərbaycandır. Avropa Şurasının müxtəlif dövrlərdə qəbul etdiyi qərarlar, qətnamələr Azərbaycana qərəzli yanaşmanın təzahürüdür. Ona görə də Avropa Şurasının səsləndirdiyi hər hansı fikir, yaxud qəbul etdiyi sənəd obyektivlikdən kənardır. Bütün bu məqamlar iyunun 3-də Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi nitqində də öz əksini tapdı. Cənab Prezidentin də qeyd etdiyi kimi Avropa Şurası bütün dövlətlərdə obyektivlik, reallıq, ədalət axtarırsa o zaman bəzi böyük ölkələrdə baş verən müxtəlif xoşagəlməz hadisələrə də münasibət bildirməlidir. Həmin ölkələrdə vətəndaşlara münasibətdə kobud davranışlar qeydə alınır, hətta qanundan kənar olaraq aksiyaçılara güc tətbiq olunması halları baş verir. Ötən illərdə ABŞ-da bir uşaq polisə oyuncaq silah tuşlamışdı. Polis onu dərhal güllələmişdi. Yaxud başqa böyük dövlətlərdə baş verənləri götürək. Avropa Şurası həmin ölkələrdə olanları nədənsə, görməzdən gəlir”.
Bəhruz Quliyev bildirib ki, Avropa Şurası qondarma “DQR”də keçirilən qondarma seçkilərə də münasibət bildirməyib:
“Beynəlxalq təşkilatların tanımadığı bu seçki oyunu ilə bağlı Avropa Şurası bir cümləlik də münasibət ortaya qoymadı. Dövlət başçısının qeyd etdiyi kimi Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxarmadığı təqdirdə bu təşkilatda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?! Yəni, Avropa Şurasının Azərbaycana qərəzli münasibəti göz önündədir. Bu təşkilat Azərbaycanda bütün dövrlərdə problem axtarışındadır. Ölkəmizdə baş verən kiçik bir insidenti mikroskop altında böyüdüb onunla bağlı fon yaratmaq, Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək istəyirlər. Bu isə onların ənənəvi qərəzli mövqeyindən xəbər verir”.