5 İyun 2020 11:41
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Rəşad Süleymanov 1990-cı illərdə Ermənistan və Azərbaycan arasında baş verən savaşda əsgərlərimizin qəhrəmanlığından danışıb.

Teleqraf.com xəbər verir ki, ekspert savaş dönəmində Möhtərəm Hüseynov adlı sıravi əsgərin düşmən postunu təkbaşına ələ keçirdiyini bildirib.

Rəşad Süleymanov əsgərimizin bu qəhrəmanlığını Füzuli rayonunun Bala Bəhmənli kəndində eşitdiyini söyləyib:

“Bu hadisəni mənə Bala Bəhmənli kəndinin sakini, 848 saylı taborun bölük komandiri olmuş Məmməd Tağıyev danışıb. Qeyd edim ki, Məmməd Tağıyev həm Əfqanıstan, həm də Qarabağ müharibəsi əlilidir. Onu tanıdığım 25 ildə özünün döyüş yolundan deyil, əsgərləri barədə danışdığını görmüşəm.

Məmməd Tağıyev ermənilərin yaşadığı Hadrutun Məlikcan kəndinin tutulması əməliyyatında qərəmanlıq göstərmiş döyüşçülərimizdən biri barədə danışır:

“Ərazidə bir kiçik yüksəklik vardı. Ruslar ora BTR yerləşdirdiklərinə görə, “BTR postu” deyirdik. Bir neçə döyüşçünü BTR postuna yerləşdirib tapşırıq vermişdim ki, köməyə gələn düşmən qüvvələrinin qarşısını alsınlar. Kəndin mərkəzindəki yüksəklikdə düşmənin postu yerləşirdi. Şəxsi heyəti qruplara bölmüş, mən ermənilərin arxasına keçdikdən sonra hərəkətə başlamalarını tapşırmışdım.

Mən düşmənin arxasına keçənə qədər təpənin üstündəki postdan düşmən Möhtərəm Hüseynov adlı döyüçümüzü aşkarlayıb atəş açmağa başladı. Atəş altında qalan Möhtərəm təkbaşına düşmənin üzərinə hücuma keçdi. Taborumuzun komanda-idarəetmə məntəqəsi Qoçəhmədli istiqamətində yüksəklikdə yerləşmişdi. Ordan bizi müşahidə edirmişlər. Deyiblər ki, düşmənlər bu dəqiqə Möhtərəmi vuracaqlar. Möhtərəm o qədər sürətlə hərəkət edirdi ki, üç erməni yüksəklikdən onu vura bilmədi. Ermənilərin atdıqları qumbaradan yerə uzanaraq xilas olan Möhtərəm qəfil irəli atılaraq öncə rabitə ilə kömək çağıran düşməni, daha sonra digər iki ermənini güllələyib öldürdü. Digər birini isə qaçarkən vurub yaralamışdı. Möhtərəmin öldürdüklərindən biri xaricdən gələn muzdlulardan idi. O döyüşdə rəhmətlik Möhtərəm düşmənin postunu təkbaşına götürdü. Öldürülmüş düşmən əsgərlərinin silah-sursatlarını götürdük, meyitləri isə orada qaldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər