8 İyun 2020 18:04
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın iclaslarında müzakirə olunan məsələlərin videolarının yayılması cəmiyyətdə birmənalı qarşılanmır, hiddət doğurur, onlara qarşı cəmiyyətin formalaşmış olduğu mövqeyini daha da önə çıxır. Çünki müxalifət düşərgəsində təmsil olunan radikal düşüncəli siyasi birliklər və qurumlar özlərinə təmsil olunduqları cəmiyyətdə dayaq axtarmaqdansa, çox uzağa gedirlər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputatın fikrincə, pandemiya dövründə müxalif düşərgə təmsilçiləri məcbur qalıb onlayn iclaslar keçirməyə başladılar, əslində isə bu, onlar üçün çox arzuolunmaz hal idi: "Çünki onlar cəmiyyət qarşısında açıq hesabat verə, öz aralarındakı diskussiyaları belə normal şəkildə tənzimləməyə bilmirlər. Reallıqda məlum oldu ki, bu tip insanların nəinki siyasi bacarığı, adi etikası belə yoxdur".

Deputat vurğulayıb ki, cəmiyyət qarşısına bu formada çıxıb biabırçı bir mənzərə nümayiş etdirmək heç bir siyasi təşkilatın sonrakı mərhələdə uğur qazanacağına təminat verə bilməz: "Bu iclaslarda istifadə olunan üslub ,qarşılıqlı ittihamlar, bir-birinin sözünü kəsmə heç bir siyasi etikaya sığmır. Eyni zamanda bu hal münasibətlərin qarşılıqlı anlaşmaya və hörmətə əsaslanmadığını göstərmiş oldu. Siyasi lider həm öz davranışları və yüksək mədəniyyəti ilə cəmiyyətdə seçilməlidir. Nümunə olmadan, nümunə göstərmədən lider olmaq mümkün deyil. Həmin insanların bir-birinə münasibətində bu nümunəni görmürük. Nəticədə Milli Şurada istefaların və qarşıdurmaların baş verdiyini müşahidə edirik”.

Millət vəkili qeyd edib ki, bu günlərdə Milli Şuradan istefa verən Eldəniz Quliyev təşkilatın sədri Cəmil Həsənlinin, AXCP sədri Əli Kərimovun əsl simasını ortaya qoyan faktlarla çıxış etdi: "Məlum oldu ki, ABŞ-da məskunlaşan Cəmil Həsənli nəinki siyasi baxışlarında, hətta şəxsi keyfiyyətlərində belə mutasiyaya uğrayıb. Eyni ilə xarici havadarlarından aldığı maliyyə müstəvisində siyasi platforma quran Əli Kərimlinin də sərgilədiyi mövqeni hər kəs gördü. Onlar sadəcə olaraq ətraflarına yığdıqları 3-5 adamla sosial şəbəkə üzərindən rəqiblərinə söyüş və təhqir yağdırmaqla işlərini uğurlu hesab edirlər. Əslində isə kimin istifadə etməsindən asılı olmayaraq təhqir və söyüş yolverilməzdir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər