8 İyun 2020 23:56
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura sədri Cəmil Həsənlinin son prosesləri əhatələyən kifayət qədər böyük məqalə-yazı-açıqlaması diqqətlə incələnməyi haqq edir. Ona görə ki, Cəmil Həsənli bu böyük yazısı ilə əslində son aylar nə baş verdiyinə aydınlıq gətirib.

Oxucuya qalansa yalnız yazılandan yox, mətn altındakı mənalardan düzgün nəticə çıxarmağı bacarmasıdır.

Professorun “Filminin sonu”

Uğurlu başlıq seçib, “Filmin sonu”! Amma çəkilməyən filmin sonu olmur axı. Ona görə film yox, bunu ssenari adlandırmaq daha düzgündür. Doğrudan da 2013-cü ildən başlayan və heç də Azərbaycanda və azərbaycanlılar tərəfindən yazılmayan ssenarinin sonudur...

Bu ssenari o qədər bərbad yazılmışdı ki, hətta oskarlı rejissorumuz onu çəkə bilmədi...

Amma ekranlaşmayan ssenaridə rol almaq üçün bəlli mərkəzlərdən seçilən aktyorlar 7 ildir dekorasiya qurmaqla məşğuldurlar.

Səhnənin rəngi

Başlayaq ordan ki, professorun bu yazını yazmaq üçün nə qədər əziyyət çəkdiyi və hadisələri Qərbin arzuladığı rəngə boyamaq niyyəti ilə necə çalışdığı hər sətirindən yox, hər sözündən belə hiss olunur. İfadə, struktur qüsurları, yerində olmayan deyim və üslub xətaları Cəmil Həsənlinin savadsız olmasından deyil, hadisələri yalan üzərində qurmaq və təqdim etmək ağırlığındandır. Daxili çəkişmələrdəki mövqe ayrılıqları, öz düşərgəndəkiləri lənətləmək, üstəlik, səni idarə edən mərkəzlərin arzuladığı şəkildə proseslərə yön vermək və bütün günahları hakimiyyətin üzərinə yönəltmək istəyərsənsə, əlbəttə, ziddiyyətli fikirlər, üslub xətaları, ifadə qarmaqarışıqlığı qaçılmaz olar.

Çünki öz daxilində həqiqətin necə baş verdiyini çox yaxşı bilirsən, onun istiqamətini nə qədər müxtəlif istiqamətlərə yönəltsən belə, haqq bütün sətirlərdən boylanacaq: lap elə o qırıq ifadələrdən, hadisələrin çılpaq, yön verilməyən təsvirlərindən...

Hadisələr niyə ardıcıl deyil?..

Əvvəlcə 2 noyabr mitinqinin ləğv edilmə səbəbindən danışıb, sonra 2019-cu ilin baharına, hakimiyyətin Milli Şuradakılara “qoğal” vədi verməsinə qayıtmağın səbəbi nizamsızlıqdır, həqiqəti böyük nəqletmənin içərisində dolaşdırıb-azdırmaq və yalanları əsaslandırmaq cəhdidir.

Təhlükəli heç nə yoxdur – ardıcıllığı biz qoruyarıq.

C.Həsənlinin təqdimatına görə, 2019-ci ilin yaz-yay aylarında Milli Şura rəhbərliyinə yağlı vədlər başlayıb və onların bütün problemlərinin həllinə söz verilib, təki MŞ-dan uzaqlaşsınlar.

C.Həsənli yazır ki, hakimiyyət nümayəndələri Gültəkin Hacıbəyliyə, Vidadi Mirkamala... yağlı vədlər veriblər; amma nədənsə, professorun özünə “təklif” olmayıb. Niyə? Axı, Cəmil Həsənli qarmağa daha həvəslə keçən olduğunu dəfələrlə sübut edib və buna görə illərlə yol gəldiyi silahdaşlarından üz çevirməyi bacardığını bir neçə dəfə sübut edib. Əgər hakimiyyətin “ssenarisi”ndə “yağlı vəd” epizodu varsa, burda baş rol niyə Cəmil Həsənliyə verilməməlidir?

Cəmil Həsənli bu məqamda dediyinin məsuliyyətini öz üzərindən atmağa çalışıb, sadəcə!

Bəs, Gültəkin Hacıbəyliyə doğrudanmı təklif gəlib? Kim deyib ki, ona “qoğal” vəd edilib? Özü? Və Cəmil Həsənli də o qədər sadəlövhdür ki, buna sidq-ürəkdən inanıb?..

Daha konkret və sübutlarla niyə danışmırsınız? Təklifi səsləndirən, gətirib-aparan kimdir?

Elə bir şəxs mövcuddur, yoxsa şirin yuxularınızın məhsuludur bu “qoğallar”?..

Bu “yağlı təklif” oyununun səbəbi aydındır: “barışmaz”, “satılmayan” obraz yaratmaq!..

Bu obraz üçün Cəmil Həsənli də, Gültəkin Hacıbəyli də bu dünyaya təkrar gəlməli olduqlarını çox yaxşı dərk edirlər və yaxud etməlidirlər.

Hədəf bu deyil və yaxud təkcə bu deyil: hədəf onların hansı oyunlardan çıxdığını görüb, sıralarından uzaqlaşan silahdaşlarına qarşı apardıqları kampaniyaya əsaslar toplamaqdır; “Yağlı vədlər” kampaniyasını 2019-cu ilin yaz-yay aylarına sürüməkdir – çünki Eldəniz Quliyevin “ələ alındığını” yalnız orda “tapmaq” olar.

C.Həsənli “ustalıqla” E.Quliyevin həyat yoldaşı, tanınmış aktrisa Xalidə Quliyevaya 2019-cu ilin iyulunda “Xalq artisti” fəxri adının verildiyini, guya, bu proseslərin fonunda, “təsadüfən yadına düşərək” qeyd edir və bunun heç də “təsadüf” olmadığını, yəni hamıya təklif gəldiyini, ancaq yalnız E.Quliyevin “satıldığını” dolayısı ilə bildirir. Elə buradaca aləmi də bir-birinə qatır.

Sitata baxın: “Başımız bizə qarşı hücumları dəf etməyə qarışdığından, dostumuzun ailəsindəki bu uğurdan da vaxtında xəbər tutub, onu təbrik edə bilməmişik”.

Əvvəla, 2019-un yaz-yay aylarında sizə “yağlı vədlər” başlamışdı axı, təzyiqlərin payızda başladığını bu məqalədə dönə-dönə, hətta dərhal bu cümlədən sonra (“Pis-yaxşı, 2019-cu ilin payızındakı repressiyalardan, xüsusilə, 2 noyabr təxribatından itkiylə olsa da, salamat çıxdıq” – Cəmil Həsənli) bir daha təkrarlayırsınız. Belə çıxır ki, Eldəniz Quliyevin ailəsindəki bu uğurdan təzyiqlərə görə yox, üstünüzə yağan yağlı vədləri yerbəyer etməyiniz səbəbindən xəbər tutmadığınızı yazmalıydınız.

İkincisi, bəlkə, sizə heç bir yağlı vəd-filan olmayıb, yalnız Eldəniz Quliyevə “qoğal” təklif edilib və siz də bundan çox rəncidə olmusunuz? Ki niyə Eldəniz Quliyevə yağlı qoğal gəlir, bizə yox? Bəlkə, məhz bu səbəbə görə Eldəniz Quliyevə paxıllığınız da tutub və onu təbrik etməyi “unutmusunuz”?

Üçüncüsü, əgər doğrudan da adlarını saydığınız insanlara “yağlı vədlər” gəlmişdisə və siz bundan imtina etmişdinizsə, niyə Eldəniz Quliyevin xanımının fəxri ad almasından dərhal xəbər tutub, “duyuq” düşmədiniz ki, “dostunuz”, sizin təbirinizcə desək, “satıldı”?

Özünüzə siyasətçimi deyirsiniz? Özünüzü ölkəni xilas edəcək şəxslərmi sayırsınız? Bu sözlərinizlə burnunuzun ucunda gedən prosesləri görməyən həvəskarlar dəstəsi olduğunuzu nümayiş etdirdiyinizin fərqindəsinizmi?

Yoxsa üstündən düz 1 il keçəndən sonra bunu “xatırlayıb”, sizinlə illərlə yol gələn adama qarşı “satqın” arzumentini əsaslandırmaq üçün istifadə edirsiniz?

Bütün tərəflərdən baxanda, çox pis mənzərə yaradırsınız!

Xalidə Quliyeva ona görə “Xalq artisti” fəxri adı aldı ki, 2019-cu il “Nəsimi İli” elan olunmuşdu və “Nəsimi” filminin baş rollarından birini yaradan X.Quliyevaya Kino Günü bu ad təqdim edildi. X.Quliyeva ona görə 2019-cu ilə qədər bu fəxri addan kənarda qalmışdı ki, “dostunuz” E.Quliyev öz xanımını sənətdən ayırmışdı və o, övladlarını böyüdürdü. X.Quliyeva yalnız son illər yenidən film çəkilişlərinə dəvəti qəbul etməyə başlayıb.

“Şübhəsiz ki, hələ məşhur “Nəsimi” filmindən başlayaraq Xalidə xanımın sənət uğurları var, amma İlham Əliyev o qədər “tolerant” kleptokrat deyil ki, həyat yoldaşı ölkənin aparıcı müxalifət qurumunda təmsil olunan bir aktrisaya sənət uğurlarına görə “Xalq artisti” yüksək fəxri adını versin” – yazır C.Həsənli.

Bu cümləni yazmağınız təsadüfü deyil. Çünki Prezident İlham Əliyevin məhz bu cür İnsan, həddən artıq açıqfikirli və tolerant, demokrat və hər bir fərdin dəyərini verməyi bacaran Lider olduğunu siz özünüz də çox yaxşı bilirsiniz. Yoxsa 2019-cu ilin iyulunda E.Quliyevi o fəxri ada görə topa tutardınız!

Və dördüncü: adamı xanımı ilə vurmazlar, adama qarşı aparılan siyasi kampaniyada qadınından sui-istifadə etməzlər.

Bu, ümumilikdə əxlaq məsələsidir.

Oqtay Gülalıyev sui-istifadəsi...

C.Həsənli dövr və qruplaşdırmalarında maraqlı təsnifata əl atıb – ola bilsin ki, tarixçi-professorluğundan qaynaqlanır: “yay vədi”ndən sonra “payız təzyiqi” başlayıbmış...

Təzyiqlər silsiləsindən ən uğursuz, daha doğrusu, ən eybəcər sui-istifadə, əlbəttə ki, Oqtay Gülalıyevə aid hissədir.

O.Gülalıyevlə bağlı ortada heç bir sirr yoxdur, təsadüfü qəza olduğu barədə video da, etiraflar da var. Hətta ailəsi bunu siyasiləşdirməyə qarşıdır. Üstəlik, O.Gülalıyevin həyatda qalması üçün dövlət, konkret olaraq Heydər Əliyev Fondunun hansı fədakarlıqlar etdiyi hamıya bəllidir.

O.Gülalıyevin timsalında ümumiləşdirilən bu “təzyiq” əsaslandırmalarının nə qədər eybəcər bir iftira olduğunu hamı görür - yalnız professordan başqa!

2 noyabr mitinqi niyə təxirə salındı?

C.Həsənli 2 noyabr mitinqinə də toxunub və aradan aylar keçəndən sonra guya həmin aksiyada “bir neçə iştirakçı və polisin öldürüləcəyi” haqda məlumat aldıqları üçün mitinqin təxirə salındığını yazıb.

Sizə kim informasiya “sızdırmışdı” bu “ssenari” haqda? Bu qədər yalan və böhtanı ona görəmi yazırsınız ki, “payız mövsümü”ndəki rüsvayçılıqların üstündən xeyli vaxt keçib və baş verənlər unudulub?..

Axı “Yutub” deyilən bir şəbəkə var və 19 oktyabr aksiyasını əks etdirən saysız-hesabsız videolar orda yerləşdirilib. 2 noyabr mitinqi 19 oktyabr rüsvayçılığından sonra təxirə salındı. Çünki 19 oktyabrda mitinqə barmaqla sayılacaq qədər adam çıxmışdı. O dərəcədə rüsvayçı mitinq idi ki, hətta Əli Kərimlinin yanında dayanmağa belə adam yox idi.

Ə.Kərimlinin həmin vaxtkı isterik çırpıntılarını indi də sosial şəbəkələrdə qalan videolarda izləyə bilərsiniz. Yeri gəlmişkən, yaman da kövrəlmişdi...

19 oktyabr tam fiasko idi, çıxılmazlıq uçurumu idi: 2 noyabrda ümumiyyətlə, mitinqə çıxacaq adam olmadığı üçün aksiya “təxirə” salındı.

LGBT rüsvayçılığı

Hər şey “mavi” məsələsinin üstündə dövr edir və bunun detallarını Cəmil Həsənli özü açır...

Baxın, nə yazır:

* “2017-ci ilin sentyabr ayının sonlarında Azərbaycan hakimiyyəti LGBT-lərə qarşı kütləvi təqib əməliyyatı keçirib onları Binəqədi saxlama məntəqəsinə dolduranda müxalifət dairələrindən yalnız Milli Şuranın buna etiraz olaraq insanların şəxsi həyatına müdaxiləni yolverilməz hesab etdiyindən də məlumatlıdırlar”.

* “Bir müddət əvvəl Azərbaycan demokratiyasının bəzi "xadimləri" və fəal xanımları nədənsə belə qənaətə gəlmişdilər ki, ölkədə demokratiyanın müdafiəsi cinsi azlıqların müdafiəsinə dəstək verilməsindən, Azərbaycanda LGBT layihəsinə böyük vəsaitlərin ayrılmasından və bu yolla demokratiyanı "xilas" etməkdən keçir. Nəinki insan hüquqları təşkilatlarını, hətta ABŞ-ın ən mötəbər dövlət orqanlarını belə bu layihənin cazibəsinə sala bilmişdilər”.

Görürsünüzmü?

Bax, bu “cazibəyə” ayrılan qrantlar uğrunda illərlə savaş gedib...

Yoxsa, Eldəniz Quliyevin 24 apreldə “mavi”lərlə bağlı statusunun “İlqar Məmmədov və ReAL-a yaxın şəbəkənin Tvitter vasitəsilə geniş kampaniya başladaraq, Milli Şuranın onu cinsi azlıqlar müstəvisində təhdid etdiyi barədə bütün Qərb dairələrinə ingilis dilində məlumatlar göndərməsindən” (sitat C.Həsənlidəndir) niyə bu qədər həyəcanlansınlar ki? “Eyni işi İsmayıl Cəlilov da gördü” deyə niyə təşvişə düşsünlər ki? Bu statusların, mövqenin ingilis dilinə tərcümə olunub, haralarasa göndərilməsi hansı “dəhşətli” fəsadlar törədir ki, Eldəniz Quliyevi MŞ sıralarından qovmaq qərarı verilir?

Siz kimdən asılısınız? Kimlərə işləyirsiniz? Siz siyasətinizi bu xalqın və millətin üzərində qurmayıb da, harada, hansı ağalarınızla məsləhətləşirsiniz? İngilis dilinə çevrilən o status kimə və ya kimlərə göndərilir? O statuslardan xəbərdar olan şəxslər sizə hansı cəzanı verirlər və bu cəzadan qaçmaq üçün niyə tez-tələsik Eldəniz Quliyevi MŞ-dan çıxarırsınız?

Kimdir sizi “mavi”lərə “xoş olmayan” münasibətinizə görə qınayanlar?

Bu, Azərbaycan xalqı deyil – bu xalqın “mavi”lərə münasibəti ortadadır. Bəs, “maviləşmə” kampaniyası aparan, bu xalqın dəyərlərinə zidd siyasət yeritməyə sizi vadar edən kimlərdir? İçinizdən bir nəfərin “mavi”lərə qarşı ifadəsinin “ingilis dilində” kiminsə ovucuna qoyulmasından niyə bu qədər həyəcanlanıb, qorxub, isterikaya düşmüsünüz?

Sizə bu xalq, bu xalqın dəyərləri yox, ağalarınızın LGBT üzərində qurduğu siyasətmi lazımdır? Siz bu hakimiyyətin xalqın iradəsinə uyğun 2017-ci il LGBT qərarına etiraz edən və LGBT-ni qoruyan yeganə təşkilat olduğunuzu göstərməkləmi fəxr edirsiniz? Bu fəxr və fəxarətiniz öz xislətinizdir, yoxsa ağalarınıza göstərdiyiniz sifətlərinizdən biridir?

Bir xalqın dəyərlərini darmadağın etmək üçün bu qədər canfəşanlıq edərlərmi?

Tarixçi-alim-professor, yəni dərk etmirsənmi ki, LGBT sevginlə, dəyərlərə xəyanətinlə bu xalq səni heç JEK müdiri də qoymaz? Bu xalqın əxlaqını aşındırmaq, genefonduna edilən hücum göstərişini kimdən almısınız?

Ümumiyyətlə, bu nə siyasət, nə əxlaq, nə mübarizədir? LGBT-yə münasibətinizin tolerant olduğunu göstərməkləmi Azərbaycanda siyasi meydanda qalacağınızı düşünürsünüz? Yoxsa sizə buna görə qrant verən ağalarınızın sifarişlərini yerinə yetirirsiniz?

Hakimiyyətin LGBT-yə münasibətini “zərərsizləşdirmək” üçünmü o bəyanatı vermişdiniz? Bu ölkədə “mavi”ləri qorumaq üçünmü mövcudsunuz siz?

İllərlə bir yerdə olduğunuz Eldəniz Quliyevi vurmaq üçün xanımından istifadə etməyinizdən sizin siyasi əxlaqınız, mənəviyyatınız tamamilə aydındır...

Elə düşünməyin ki, E.Quliyev müdafiə edirəm. Qətiyyən! Sadəcə, mən onun həyat yoldaşından, o vaxt əməkdar artist olan Xalidə Quliyevadan dəfələrlə müsahibə götürən şəxs kimi bilirəm: E.Quliyevin ailə baxışı klassik Azərbaycan modelidir! Onun LGBT-yə sərt münasibəti də burdan doğur.

Onu siz dərk etməzsiniz və yaxud çox gözəl dərk edirsiniz, sadəcə, ağalarınız o cür davranmağınıza icazə vermir.

Ötən yazımızda qeyd etmişdik: siz sıralarınızdan ayrılanlara qarşı ən çirkin kampaniya aparmağa qadir olduğunuzu dəfələrlə sübut etmisiniz və bu təfəkkürünüzə sadiqsiniz – necə ki, bu dəfə də E.Quliyevi ən ağır sözlərlə təhqir etdiniz.

E.Quliyevi bu statusları ilə “müəyyən tellərlə bağlı olduğu islami cameənin rəğbətini qazanmaqda” ittiham edirsiniz. İllərdir MŞ İH-də təmsil olunan E.Quliyevin “islami cameəyə müəyyən tellərlə bağlı” olduğunu bilmirdinizmi? Ya siz hansı cameəyə hansı tellərlə bağlısınız? LGBT cameəsinəmi?

Bu xalqın dini islamdır və “islami cameə” deyəndə, kimləri nəzərdə tutursunuz?

Siyasi baxış, düşüncə ortadadır!

Bəli, çəkilməyən filmin sonu çatdı: artıq hansı dairələrdən qrant alındığı da, Azərbaycan hakimiyyətinə təzyiq üçün istifadə edilən qeyri-əxlaqi vasitələr də, həyata keçirilən ictimai təbliğatınız da tam çılpaqlığı ilə hamıya aydındır.

Siz Azərbaycan xalqının dəyərlərini aşındırmağı hədəfləyən, bu xalqı kosmopolit, “mavi”, tarixini, dəyərlərini bilməyən varlığa çevirmək istəyənlərin sifarişlərini icra edən bir qrup şəxslərsiniz və kimliyinizi bilib, sizdən uzaqlaşanları yox, uzaqlaşmayanları qınamaq lazım gəlir.

Zatən, sıranızda kimlər qalıb ki...


Müəllif: Aynur Camalqızı

Oxşar xəbərlər