Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin mediaya verdiyi son müsahibə rezonans doğurub. O, 1992-93-cü illərdə "KQB" arxivlərinin açılması təşəbbüsü ilə çıxış etdiyini, bunun etirazla qarşılandığını, o zamankı hakimiyyətdə rus agenturasının mövcud olduğunu söyləyib, 4 iyun Gəncə qiyamı barədə maraqlı və mübahisəli açıqlamalar verib.
Teleqraf.com bu dəfə mövzu ilə bağlı Elçibəy hökumətində təhsil naziri və baş nazirin müavini vəzifəsini tutmuş Firudin Cəlilovun fikirlərini öyrənib.
Müsahibəni təqdim edirik.
- Firudin bəy, sizin hakimiyyət dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində çalışan Sülhəddin Əkbərin son müsahibəsi şok effekti yaradıb. Həmin müsahibədə səsləndirilmiş fikirlərə reaksiyanız necədir?
- Əvvəla qeyd edim ki, 4 iyun qiyamı dövründə mən iki həftə müddətində Azərbaycanda olmadım. Bakıya qayıdanda artıq rəhmətlik Elçibəy Kələkiyə getmişdi. Odur ki, iyun qiyamı ərəfəsindəki vəziyyət və atılan addımlarla bağlı konkret məlumatlara sahib ola bilməmişdim.
Amma Sülhəddin Əkbərin dediyi məsələlər o dövrdə mətbuatda dərc olunurdu, qəzetlər yazırdı. Digər tərəfdən, Sülhəddin bəy adi adam deyildi. İşlədiyi sistemdə faktiki ikinci vəzifəli adam idi, istədiyi məlumatı əldə edə bilirdi. Əslində Sülhəddinin indi dediyi məsələlərdən bizim o zaman müəyyən mənada xəbərimiz vardı.
- Siz hansı səbəbdən ölkənin ən kritik dövründə paytaxtda deyildiniz?
- Məni xarici səfərə o zaman iki nəfər göndərə bilərdi. Ya baş nazir, ya da prezident. Sonradan Pənah Hüseyndən soruşdum ki, o dövrdə məni niyə xarici səfərə göndərdiniz? And-aman elədi ki, bundan onun xəbəri olmayıb.
- Sizcə, bəzi adamların iyun qiyamı ərəfəsində proseslərdən kənar saxlanması düşünülmüş kombinasiya idi?
- Bu, çox incə məsələdir, dəqiq araşdırılmasına ehtiyac var. Sülhəddin Əkbər müsahibəsində qeyd edir ki, onu Qəbələyə qızıl axtarmağa göndəriblər. Məsələn, mən və rəhmətlik Tofiq Qasımova dedilər ki, Misirə səfər etməlisiniz. İki gündən sonra Tofiq Qasımov mənə zəng elədi ki, siz də səfərə gedirsiniz, elə əlaqə saxlayıb birlikdə gedək.
O zaman Misirə getmək üçün Moskva üzərindən uçmalı idik. Alternativ hava xətti yox idi. Bu barədə söhbətimiz də oldu. Misirə səfərə bir gün qalmış Tofiq Qasımov yenidən mənə zəng edib bildirdi ki, o, Misirə gedəsi olmadı, başqa ölkəyə getməlidir.
Bilirəm ki, iyun qiyamı ərəfəsində Tofiq Qasımov da ölkədə yox idi. Başqa sözlə, həmin vaxt məni və rəhmətlik Tofiq Qasımovu respublikadan çıxarmışdılar.
- Bunu kim edirdi?
-Bilmirəm.
- Sizə kim demişdi ki, xaricə səfərə getməlisiniz?
- Hər bir nazirliyin xarici işlərlə əlaqələr şöbəsi var. Həmin şöbəyə informasiya gəlir ki, filan ölkəyə səfər olacaq.
- Siz bütün bunları təsadüfi hesab etmirsiniz?
- Hadisələrə 2-3 gün qalmış ölkədən getməyim və rəhmətlik bəyin Naxçıvana uçduğu gün mənim geri qayıtmağımın üst-üstə düşməsi adamda şübhə yaradır. Bu, öz yerində, amma Sülhəddin bəyin dediyi məsələlər həm ciddidir, həm də o, bəzi mesajlar verib. Dövlətçilik elə məsələdir ki, orada hamı ayağını düz atmalıdır.
- Arxivlərin açılmasına dair Sülhəddin Əkbərin dedikləri nə dərəcədə həqiqətdir?
- Parlamentdə o vaxt bu məsələ müzakirəyə çıxarıldı. Səhv etmirəmsə, rəhmətlik İsgəndər Həmidov təklif etdi ki, arxivlər açılsın. Milli Təhlükəsizlik naziri Fəxrəddin Təhməzov dedi ki, arxivləri açmaq olmaz. Nazir dediklərini əsaslandırdı. Sülhəddin Əkbər də agentura arxivinin açılmasına tərəfdar olmadığını dedi. Əslində bu, düzgün mövqe idi. Hansı axmaq dövlətdə agentura arxivini açarlar?
Agentura dövlətin bir qoludur və onsuz mümkün deyil. Milli Təhlükəsizlik Nazirliyi dövlətin onurğa sütunudur və o da informasiyanı agentura şəbəkəsindən alır. Odur ki, agenturanı çıxdaş etmək olmazdı. Burada incə bir məqam var. Sülhəddin Əkbər məhz hakimiyyətdə olan adamların siyahısının tutulması və onlarla bağlı arxivin açılmasına tərəfdar idi. Səhv etmirəmsə, bu məsələ müzakirə ediləndə mən də təklif etdim ki, bütün agenturanı açmaq dövlətin ziyanınadır. Amma vəzifədə olan 30-40 nəfərin siyahısı tutula, Ali Sovetdə müvafiq komissiya təşkil edilə və siyahıda olan şəxslər yoxlanıla bilər.
Bu, dövlət üçün əhəmiyyətli addım olardı. Camaat bilərdi ki, kim kimdir. O dövrdə arxivlərlə bağlı mənim mövqeyim belə olub və yəqin ki, stenoqramda bunlar yer alır.
- Sizcə, həmin dövrdə hakimiyyətdə yüksək post tutan şəxslərin Rusiya və ya başqa ölkələrlə əlaqəsinin olması mümkün idimi?
- Mənim şəxsi qənaətimə görə, belələri yüz faiz var idi. Ümumiyyətlə, bu, incə və əhəmiyyətli məsələdir. Tutalım, mənim işlədiyim qurumda beləsi var idi. Mən onu işdən uzaqlaşdırana qədər hansı dirənişlərlə üzləşdiyimi təsəvvürünüzə belə gətirə bilməzsiniz. Qurumlarda belə şəxslərin olmaması qəribə görünərdi. Bu, normal, yaxud gözlənilən şeydir.
Ən asası Sülhəddin Əkbər açıq deyir ki, o zaman 30 min rus agentura şəbəkəsi var idi. Təsəvvür edin, bunun üzərindən 27 il zaman keçib, indi onların sayının daha çox olması mümkündür. Məncə, bu, ciddi mesajdır. Ehtiyatlı olmalıyıq, içimizdə belə şəbəkə var.
- Sülhəddin Əkbərin müsahibəsindən sonra belə məlum olur ki, onun özü şəxsən prezidentə İsa Qəmbərin və Pənah Hüseynin adını verib. Pənah Hüseynin dediklərindən də bu cür anlaşılır ki, Sülhəddin Əkbər məhz bu adamların agent olmasından şübhələnib...
- Mən bildiyim qədər siyahı yalnız bu iki adamın adından ibarət olmayıb. Səhv etmirəmsə, Sülhəddin Əkbər Əbülfəz Elçibəyə böyük bir siyahı təqdim edib. Dəqiq yadımda deyil, amma o vaxt bu barədə söhbətlər gedirdi. Siyahıda azı 20-25 nəfərin adı olub.
- Prezidentin bu məsələyə münasibəti necə idi?
- Açığı, mən rəhmətlik Elçibəyin adının bu şəkildə hallandırılmasının tərəfdarı deyiləm. Elçibəy dünyasını dəyişib və imkan verək, rahat yatsın. Hesab edirəm ki, Əbülfəz Elçibəyin hansı addım atıb-atmadığını indi gündəmə gətirmək düzgün olmazdı. Hər halda mən Əbülfəz bəyin adının gündəmə gətirilib bu məsələlərdə hallandırılmasının əleyhinəyəm.
- Sizcə, arxivlərin dediyiniz formada, yəni o zamankı hakimiyyətdə təmsil olunan şəxslərlə bağlı açılması düzgün idimi?
- Əlbəttə. Zənnimcə, bu forma seçilməli idi.
- Ancaq kontur-arqument kimi səsləndirilir ki, arxivlər açılsaydı, bu, ölkədə növbəti gərginliyə səbəb olacaqdı...
- Hansı agent ifşa olunanda gərginlik yaranıb? Baltik ölkələrində agentura arxivi açıldı. Bəyəm bu, cəmiyyətdə dəhşətli gərginliyə səbəb oldu? Konkret siyahı tutub vəzifədə olan şəxslərlə bağlı olan materialları açmaq olardı. Baltikyanı ölkələrdə belə dildi və bəlli oldu ki, hakimiyyətdə olan şəxslərin çoxu Rusiyanın agentura şəbəkəsinin üzvü olubmuş. Onları təmizlədikdən sonra sağlam dövlət quruldu.
Sülhəddin Əkbər əslində danışdığı məsələlərlə həm də o dövrün mövcud durumunu izah edib. Əlavə edim ki, mən xarici səfərdən sonra Bakıya qayıtdım. Həmin vaxt Sülhəddin Əkbəri həbs etmişdilər. O, azad edildikdən sonra görüşdük və bəzi məsələləri onunla müzakirə etdik. Məsələn, bəlli oldu ki, iyun qiyamı ərəfəsində onun özü Gəncəyə təsadüfən gedib. Onu heç kəs Gəncəyə göndərməyibmiş.
Qeyd edim ki, o zaman Sülhəddin bəy nazirliyin tərkibində məktəb də açmışdı. O, məzunların buraxılış gününü, yəni əkdiyi ağacın meyvəsini gözləyirdi. Bundan sonra Sülhəddin Əkbər istefa verəcəkdi. Açıq deyirdi ki, bu şəkildə işləmək olmaz. İstefasının gecikməsi açdığı məktəblə bağlı idi.
- Hadisələrin üzərindən 27 il keçdikdən sonra siz bu istiqamətdə aparılan müzakirələri düzgün hesab edirsinizmi?
- Əslində məsələ o vaxt həll edilsəydi, indi bu qədər uzanmazdı. Hesab edirəm ki, bu məsələlər vaxtaşırı gündəmə gələcək.