Liviyada vəziyyətin necə olacağını indidən demək çətindir. Orada hər an hər şey ola bilər. Amma qənaətimcə, artıq Xəlifə Haftar Türkiyə tərəfindən dəstəklənən Liviyanın Milli Etimad hökuməti tərəfindən ciddi şəkildə sıxışdırılıb. Böyük ehtimalla Milli Etimad Hökuməti Liviyanı öz nəzarətinə götürmək imkanını əldən verməyəcək.
Bu sözləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Liviyada müşahidə olunan geopolitik durumu şərh edərkən deyib.
O, xatırladıb ki, qiyamçı general Haftar Rusiya, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və hətta Fransa tərəfindən dəstəklənən fiqurdur.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Liviyada Milli Etimad Hökumətinin güclənməsi paralel olaraq Türkiyənin də güclənməsi deməkdir: “Hazırda Türkiyə daha çox Suriyada güclənib. Haftarın məğlubiyyətə uğradılması Afrika qitəsində də Türkiyənin güclənməsini mümkün edəcək. Çünki faktiki olaraq Milli Etimad Hökuməti Türkiyə tərəfindən hər cür dəstək alıb. Məhz bu dəstəyin sayəsində indi Haftar Liviyada küncə sıxışdırılıb. Sözsüz ki, Liviya hökuməti bunun qarşılığında Türkiyəyə müəyyən haqlar tanıyacaq”.
Müsahibimiz əlavə edib ki, Liviyada həm də Rusiya ilə Türkiyənin maraqları toqquşur: “Mən hesab edirəm ki, Moskva və Ankara arasında bu gərginlik uzun müddət davam edəcək. Çünki Türkiyənin Yaxın Şərqdə söz sahibi olması Rusiya və Amerikanın qıcıqlandırır. Odur ki, müəyyən zaman bu ölkələrin Türkiyə ilə münasibətlərində dəyişikliklər baş versə də, əslində gərginliklər qalmaqda davam edir”.