Yeni növ koronavirus pandemiyası yaranandan bəri ən mütəşəkkil tədbirlər görən ölkələrdən biri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan oldu. O zaman ölkəmiz iki seçim qarşısında idi: ya Azərbaycan vətəndaşının sağlamlığı əsas götürülməli, ya da müəssisələr işləməli, vətəndaşların sağlamlığına zərər gəlməli və dövlət büdcəsi ziyan görməməli idi. Cənab prezident qəti şəkildə bildirdi ki, dövlət büdcəsinə nə qədər ziyan dəysə də onun siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı dayanır.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
O qeyd edib ki, ölkə iqtisadiyyatına müəyyən zərər dəydi, amma vətəndaşın sağlamlığı əsas götürüldü:
“Ötən müddət ərzində Azərbaycanda maska istehsal edən müəssisə işə salındı, tibbi spirt istehsalı qaydaya düşdü, eləcə də modul tipli xəstəxanaların quraşdırılması üçün vəsait ayrıldı. Bütün bunlarla bərabər ötən müddət ərzində yolların inşasına, su kanallarının tikintisinə, subartezian quyularının qazılmasına, məktəb tikintisinə, təbii qaz çəkişilinə dövlət büdcəsindən vəsaitlər ayrıldı. İlk baxışda, dildə bunları söyləmək çox asandır. Amma dövlət büdcəsinə az vəsait daxil olduğu bir şəraitdə dövlətimiz bunları etdi. Yəni ilk növbədə vətəndaşın sağlamlığı qorundu və böyük məharətlə iqtisadi, sosial layihələr üçün də vəsait ayrıldı”.
Musa Qasımlı bildirib ki, iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı Prezident İlham Əliyevin çıxışı bir örnək idi: “Hesab edirəm ki, vətəndaşlarımız ondan ibrət almalıdırlar. Birdəfəlik başa düşmək lazımdır ki, Azərbaycan hökuməti hər bir hündürmərtəbəli binanın giriş qapısına bir polis nəfəri qoya bilməz. Eləcə də hər metro qatarının vaqonuna polis işçisi təyin etmək mümkün deyil. Həmçinin hər bir bazara, dükana polis işçisi təhkim etmək olmaz. Hətta insanlarımızın bəzisi deyir ki, toylarımız qaldı. Bu vəziyyətdən çıxmaq üçün vətəndaş hökumətin tələblərinə cavab verməlidir və tövsiyələrə riayət etməlidir. Amma bu tövsiyələrə nə dərəcədə əməl olunur? Hökumət özündən asılı olan hər şeyi edir. Amma çox şey vətəndaşdan asılıdır. Vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi şəkildə riayət etməlidir. Çünki vəziyyətin belə davam etməsi həm ölkə iqtisadiyyatına ziyan vurur, həm də vətəndaşın dolanışığına çətinlik yaradır. Biz bu vəziyyətdə həmişəkindən daha mütəşəkkil olmalıyıq”.