“Neftlə bağlı proqnoz verərkən nəzərə almaq lazımdır ki, neft təkcə iqtisadiyyat deyil, həm də geopolitikadır və dünya dövlətlərinin bir-birinə təsir göstərmək, maraqlarını reallaşdırmaq alətidir. Həmçinin, əgər biz neftin qiymətinin formalaşdırdığı birjalara nəzər salsaq görərik ki, ora çıxarılan əslində dünyada satılan neftin cəmi bir neçə faizini təşkil edir. Burada siyasi, geopolitik, iqtisadi və digər amillərlə yanaşı, spekulativ amillərin də rolu olur. Bu baxımdan Azərbaycan üçün neftin qiyməti hər zaman aktualdır. Çünki Azərbaycan iqtisadiyyatında neft sahəsi aparıcı rola malikdir, bizim büdcəmiz, ekspotumuzun xeyli hissəsi neftlə əlaqəlidir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib.
Deputat əlavə edib ki, pandemiya ortaya çıxandan sonra neft ölkəsi kimi Azərbaycan əslində iki zərbə alıb:
“Bir tərəfdən koronavirusun törətdiyi fəsadlar nəticəsində təcrid siyasətinə keçid oldu. Sözsüz ki, bundan da iqtisadiyyatın bir çox hissəsi zərər çəkdi. Əgər hava nəqliyyatı, xidmət sahəsi, turizm işləmirsə, sözsüz ki, ziyan çəkəcək. Həmçinin, büdcəmizdə neftin 1 bareli 55 dollardan götürülüb, amma dünya bazarında qiymət çox aşağı səviyyəyə düşdü. Zaman baxımından bu durum uzunmüddətli olsa, iqtisadiyyatın bütün sahələrinə təsir göstərər. Lakin Azərbaycan büdcəsi elə qurulub ki, burada neft amili və Neft Fondundan götürülən vəsait üst-üstə büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edir. Neft Fondundan ayrılan vəsait isə büdcəyə oturan neft amilinin əsasını təşkil edir. Odur ki, neftin qiymətinin neçə dollar olmasından asılı olmayaraq, Neft Fondundan transferlər ayrılacaq. Dolayısı ilə dünya bazarında neftin qiymətinin büdcə gəlirlərinə birbaşa təsiri yoxdur. Ancaq dolayı təsiri var. Çünki bütün sahələrə az və ya çox olmasından asılı olmayaraq neftin təsirləri var”.
Dünya neft bazarında qiymətlərə siyasi, geosiyasi və iqtisadi təsirlərin olduğunu xatırladan Məsimliyə görə, məhz bu səbəbdən qiymətlərin ziq-zaqlı olması anlaşılandır:
“Xüsusilə pandemiya dövründə ziq-zaqlar özünü kəskin formada göstərdi. Mən əvvəllərdə qeyd etmişdim ki, neftin qiymətinin uzun müddət minimum səviyyədə qalması qeyri mümkündür. Neftin qiymətinin aşağı olmasına neft hasil edən dövlətlərin iqtisadiyyatı bir müddət duruş gətirə bilər. Bu səbəbdən çalışacaqdılar ki, qiymətlər hər tərəfə sərf edən şəkildə olsun. İndi qiymətlərlə bağlı belə bir konsensus yaranıb və hər tərəf qiymətdən razıdır”.