11 İyun 2020 14:34
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 14-ü və 15-də yenidən sərt karantin rejiminin tətbiq olunacağını bəyan etdi. Başqa alternativimiz yoxdur. Virusun yayılma gücünü zəiflətməliyik. Bunun üçün heç olmazsa həftə sonları bayıra çıxıb heç kimlə təmasda olmamalıyıq ki, xəstəliyin yayılma zənciri qırılsın və bunu gələcək həftələrdə hiss edə bilək. Əlbəttə, tibbi maska taxmaq və sosial məsafəni qorumaq şərtini də unutmamalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Vitse-spiker əlavə edib ki, prezidentin də vurğuladığı kimi xəstəliyə qarşı peyvənd və dərman çalışmaları bitməyənə qədər bu virus asanlıqla yox olmayacaq: “Demək virusla mübarizə hələ bir müddət davam edəcək.
Vətəndaşlarımızın böyük əksəriyyəti qoyulan məhdudiyyətlərə əməl edir və buna görə də hər kəsə minnətdaram. Bunu ötən dəfəki küçəyə çıxmaq qadağası da göstərdi, təəssüflər olsun ki, bəzi neqativ hallarla da üzləşdik. Buraya cümə günü çörək piştaxtalarının boşaldılmasını, marketlərdə növbələrin yaranmasını və bir qrup insanın qaydalara riayət etməyərək polisə müqavimət göstərməsini qeyd edə bilərik. Biz bu halları tənqid etdik. Ancaq millət vəkili olaraq bunu da düşünürəm: Daha nə etməliyik ki, ötən dəfəki səhvlər təkrarlanmasın? Tənqiddən asan iş yoxdur. Önəmli olan qüsurların aradan qaldırılmasında dövlətə və cəmiyyətə dəstək vermək, necə deyərlər, əlini daşın altına qoymaqdır. Bu məqsədlə bir neçə təklif vermək və onların reallaşdırılmasında iştirak etmək istəyirəm. Bazar və bazar ertəsi günlərini seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən deputat ofisimdə keçirməyi planlaşdırıram. Deputat ofisimin ünvanı Nərimanov rayonu, Atatürk prospekti 33C, qaynar telefon xətləri bunlardır: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35. Ölkədə sərt karantin rejiminin həyata keçirilməsini və kənar ərazilərə çıxmağın mümkünsüzlüyünü nəzərə alaraq, yalnız ərazimizdə yaşayan və bayıra çıxmaq qadağası tətbiq edilən günlərdə dairəmdən deputat ofisimizə zəng edən seçicilərimin sosial problemlərinin həllində iştirak edəcəyəm. Kiminsə bazar və bazar ertəsi üçün kifayət qədər ərzaq məhsulu almaq imkanı olmaya bilər, nəyisə almağı unudub və ya un məmulatlarına ehtiyacı yarana bilər. Siz deputat ofisimizə zəng edin, ofisimizdəki imkanlar çərçivəsində ərzaq və un məmulatlarını evinizə çatdıraq. Ofisin qarşısında hazır vəziyyətdə bir neçə maşınımız olacaq, bəzilərinin dərmana və ya xəstəxanaya çatdırılmağa ehtiyacı yarana bilər. Eyni zamanda, “qaynar xətt”imizdə ərzaq məhsullarına yaranmış ehtiyaclarla yanaşı, psixoloji dəstəyin göstərilməsi də planlaşdırılıb. Hər hansı çətin vəziyyət baş versə, aidiyyəti orqanlarla əlaqələndirmə həyata keçiriləcək. Həmin günlərdə yaranmış digər problemlərin həllində də iştirak edə bilərik. "Qaynar xətt"də növbə çəkən dostlarımız sizin zənglərə cavab verəcək və növbəlilik əsasında göstərdiyiniz ünvana maşın göndərəcəklər”.

Deputat digər vacib məsələyə də toxunub: “Hamılıqla vətəndaşlarımızla polislərimiz arasında hər hansı xoşagəlməz halların əleyhinəyik. Bunu heç kim istəmir, hamımız eyni Vətəndə yaşayır və eyni dövlətin vətəndaşlarıyıq. Ötən dəfəki xoşagəlməz halların yaşanmayacağına inanmaq istərdim. İşğalçı dövlətin əlinə bəhanə verməyək. Virusla bağlı “məhdudiyyətlər nə zaman tam ortadan qaldırılacaq” kimi suallar da eşidirik. Bu bəla ilə tək biz üzləşməmişik, başqalarının dərdi bizdəkindən daha çoxdur. Misal üçün əhalisi bizim qədər olan bir sıra Avropa ölkələrində virusdan ölüm halları minlərlədir. Allaha şükürlər olsun ki, biz bu təhlükəli həddə deyilik, lakin sərt qaydalara riayət etməsək, vəziyyət nəzarətdən çıxa bilər. Polislərimiz ictimai asayişi qoruyurlar. Bu onların vəzifəsidir. Bu, istənilən ölkədə belədir. Ola bilsin ki, hər yerdə olduğu kimi polislərin içərisində də vəzifəsini düzgün yerinə yetirməyənlər var. Vətəndaş polisin tələblərini yerinə yetirməli olduğu kimi, polis də vətəndaşa qarşı rəftarda diqqətli olmalıdır. Əsas odur ki, hansısa vətəndaşın aqressivliyinə qarşı eyni tərzdə cavab verilməsin, qaydaları pozmağa meylli olan vətəndaşlarla məlumatlandırma işi aparılsın. Yarana biləcək istənilən problemlə bağlı dairəmdəki seçicilərin dərdlərini dinləməyə və millət vəkilinin ona verdiyi səlahiyyətlər çərçivəsində problemlərinin həllində iştirak etməyə hazıram. İnanıram ki, sərt karantin günlərində əvvəlki problemləri yaşamayacaq, bir-birimizə hörmətlə yanaşacağıq! Cənab Prezidentin dediyi kimi: “Biz birlikdə güclüyük”.


Müəllif: Cavad

Oxşar xəbərlər