Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub, Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qonaqları salamlayaraq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır.
O, Gürcüstanla siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini söyləyib. Millət vəkili ölkələrimiz arasında olan tarixi dostluq münasibətindən danışıb, strateji tərəfdaşlıq məsələlərinə toxunaraq deyib ki, mövcud birgə layihələr nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Sonra millət vəkili parlamentin qanun yaradıcılığı prosesindən söz açıb, ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan islahatlardan danışıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Arzu Nağıyev deyib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub: “Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq”.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səmimi görüşə görə dostluq qrupunun üzvlərinə minnətdarlığını bildirib. Hər iki ölkənin əldə etdiyi nailiyyətlərindən danışan səfir qeyd edib ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir: “Qarşılıqlı səfərlər əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Gürcüstan gələcəkdə də Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir”.
Görüşdə Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əminə Ağazadə, Məzahir Əfəndiyev, Naqif Həmzəyev, Tural Gəncəliyev ikitərəfli əməkdaşlığın inkişafı barədə öz fikirlərini dilə gətiriblər.