Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı Ermənistanda şok effekti doğurub. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
O xatırladıb ki, yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının başlayacağı elan edilmişdi: "Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Bəyanatda qeyd olunub ki, prinsip etibarı ilə biz Şərq qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub".
Deputat bu addımın Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə biləcəyini əlavə edib: "Qərarda da qeyd edilir ki, bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Avropa İnstitutları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dəstəkləyirlər. "Azərbaycanın işğal altında olan əraziləri” ifadəsi isə Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu əyani şəkildə göstərir".
Millət vəkilinin fikrincə, Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar uğurlarından biri isə beynəlxalq miqyasda Ermənistana işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmasına dair müraciətlərin sayının çoxalması və bunun konkret rəsmi sənədlərdə əksini tapmasıdır: "Bu kontekstdə isə 2010-cu ilin may ayında Avropa Parlamentinin Cənubi Qafqazla bağlı qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı qətnamə də xüsusi diqqət cəlb edir. Bolqarıstandan olan deputat Yevgeni Kirillovun hazırladığı qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks regional strategiya mövcud deyil. Qeyd olunur ki, Avropa İttifaqı Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə əlaqədar bu regionla münasibətində mürəkkəb geosiyasi situasiya ilə üzləşir, həmçinin Ermənistan-Türkiyə münasibətlərində də gərginlik mövcuddur. Regionda münaqişəli situasiyaların qəbulolunmazlığını bildirən Avropa Parlamenti Ermənistanı öz silahlı qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırır. Qətnamədə vurğulanır ki, münaqişələrin mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir”.
Millət vəkili onu da əlavə edib ki, Avropa deputatları Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünlərin didərgin düşmələri faktı, onların geri qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirlər: "Eləcə də bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq onların təcili reallaşdırılmasını xüsusilə qeyd edirlər. Avropa Parlamenti qarşıdakı dövr üçün münaqişənin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq Ermənistanın silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir”.