“Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanatına bəzi “bizimkilər” dodaq büzürlər. Yəqin ki, bəziləri erməni şəbəkəsinin təşkil etdiyi etirazlara da qoşulacaq”.
Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, ermənilər bizim son dərəcə əhəmiyyətsiz saydığımız tədbirlərdə belə dəridən qabıqdan çıxıb nə isə anti-Azərbaycan bir sənəd əldə edirlər:
“Beş-altı QHT toplantısında belə onlardan kimsə (indi onlardan olanlar arasında xeyli azərbaycanlı da var) bir anti-Azərbaycan çıxışı edir. Beləliklə, addım-addım istəklərinə doğru gedirlər. Birgə bəyanada işlədilən “işğal” sözü kifayət edir. Biz bütün sənədlərdə “işğal” sözünün daha çox işlənilməsinə nail olmalıyıq. Çünki bəzən ən ciddi qurumlar belə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı fikirləri qəbul etmir.
Bir neçə il əvvəl BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistan tərəfindən bizim girovlara işgəncə verilməsi ilə bağlı hesabat göndərmişdim. Ermənistanın İşgəncələr Əleyhinə Komitəyə verdiyi dövrü hesabata alternativ olaraq… Komitə hesabatı BMT-nin rəsmi səhifəsində dərc etməkdən imtina etdi və yazdı ki, bu hesabatda Ermənstan dövləti ağaşılanır. Səbəbi də işğal sözü idi. Bir ay yazışmalardan sonra mənim BMT orqanları ilə uzunmüddətli əməkdaşlığımın nəticəsi olaraq hesabatın veb səhifədə dərc olunmasına nail oldum. Amma məcburən “işğal” sözünü “zəbt” sözü ilə əvəzləməli oldum”.
Sahib Məmmədov hesab edir ki, belə qətnamələrdə işğal faktının təsdiqi çox vacibdir:
“Bir neçə gün əvvəl mən daha bir sənəd paylaşmışdım. 2006-cı ildə BMT Baş Assambleyasının 60-cı sessiyasında “The situation in the occupied territories of Azerbaijan” adlı qətnamə qəbul olunmuşdu. Fikrimcə, bu sənədlər, hansılarda ki, “işğal olunmuş ərazilər” sözləri var toplanmalı və dərc olunmalıdır ki, hər kəs bir sənəd hazırlayarkən istinad edə bilsin”.