14 İyun 2020 19:29
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayın gəlişi şimal yarımkürəsində havaların isinməsinə, Ermənistanda isə hava ilə yanaşı, siyasi hərarətin də yüksəlməsinə səbəb olub.

Vəziyyətin gərginləşməsində yeni növ koronavirus infeksiyası – COVID-19-la mübarizədə küçədən gəlməklə baş nazir kürsüsünə yiyələnən Nikol Paşinyan hökumətinin yumşaq desək, səmərəli fəaliyyət göstərə bilməməsi mühüm rol oynayır. Belə ki, son vaxtlar Ermənistan hökumətinin pandemiyaya qarşı mübarizədə vətəndaşlarının düçar olduqları səhiyyə və sosial problemlərin həllində aciz qalması ictimai rəydə Paşinyana qarşı ciddi narazılıq yaradıb.

Teleqraf.com bildirir ki, öz növbəsində Ermənistan müxalifəti bu vəziyyətdən maksimum yararlanmağa çalışır. Belə ki, son vaxtlar qarşı tərəfdən Paşinyan hökumətinə yönəlik çox ciddi ittihamlar eşidilir. Diqqətçəkən məqam həm də odur ki, bu ittihamlar siyasi müstəvidə və pandemiya ilə mübarizədə hökumətin gördüyü tədbirlərin yetərsiz olmasıyla bərabər, daha çox Paşinyanın şəxsinə yönəlikdir. Mövzunun təhlilinə keçməzdən əvvəl həmin ittihamların nədən ibarət olduğuna diqqət edək.

Paşinyan qaçaqmalçılıq yolu ilə qısa zamanda şəxsi sərvətini artırmağa çalışır

Belə ki, ölkənin sabiq başçısı Serj Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan Nikol Paşinyanın siqaret, brilliant qaçaqmalçılığı və silah alveri ilə məşğul olduğunu bildirib. Keçmiş səfirin hökumətə münasibətinin kəskinləşməsində əsas rolu Serj Sərkisyanın kürəkəni olması səbəbindən hökumətin ona qarşı qanunsuz gəlir əldə etmə ittihamı ilə cinayət işi başlatması, məhkəmə tərəfindən haqqında həbs-qətimkan tədbiri qərarının seçilməsi və atası, “Müqəddəs Qriqori” Tibb Mərkəzinin baş həkimi Ara Minasyanın işdən çıxarılması olub.

Ümumiyyətlə, Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyası son vaxtlar Paşinyana təzyiqlərini artırır. Mikael Minasyan isə Respublikaçılar Partiyasının Avropadakı ruporu kimi çıxış edir. O qeyd edir ki, Ermənistanda siqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret Paşinyanın qardaşı oğlu, qaynı və Dövlət Gəlirləri Komitəsinin sədr müavini tərəfindən idarə edilir. Minasyan bildirir ki, Paşinyan iqtidarının sonu yaxınlaşır, o, populist çıxışlarla ölkəni idarə edə bilmir və bu səbəbdən beynəlxalq mafiya ilə əməkdaşlıq edərək qaçaqmalçılıq yolu ilə ən qısa zamanda şəxsi sərvətini artırmağa çalışır.

Əfqanıstana göndərilən siqaret Voronejə necə gedib çıxıb?

Mikael Minasyanın açıqlamasının sonrakı hissəsi də maraq kəsb edir və Paşinyanın olan-qalan “idealist”, “inqilabçı” mifini darmadağın edir. Ermənistan cəmiyyətində hələ də Paşinyana rəğbət bəsləyən sadə insanların gözlərini açır. Onun sözlərinə görə, bu ilin may ayının ortalarında Rusiyanın Voronej şəhərində Ermənistandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib. Rusiya mətbuatı məsələ ilə bağlı konkret şəxslərin adını çəkməsə də, Minasyan müsadirə edilən siqaretlərin Paşinyanın qardaşı oğlu Sipan Paşinyana aid olduğunu bildirib. Qeyd etmək yerinə düşər ki, Sipan Paşinyan Nikol Paşinyanın “Mənim addımım” blokundan deputat seçilib. Minasyan əlavə edir ki, siqaretlərin son ixrac nöqtəsi Əfqanıstan İslam Respublikası (?) kimi göstərilsə də, rəsmilər malın Voronej şəhərində necə ələ keçdiyini və müsadirə edildiyini izah edə bilmirlər. Görünür, Paşinyanın qardaşı oğlu fantaziya hissindən də məhrumdur. Belə olmasaydı, siqaretlərin son ixrac nöqtəsi kimi kasıblıq və zillətin hökm sürdüyü, adı terror aktları və narkotik qaçaqmalçılığı ilə həmahəng səsləşən Əfqanıstanın adını çəkməzdi. Digər tərəfdən əgər bu siqaret partiyası Əfqanıstana göndərilməli idisə, o zaman ən uyğun marşrut Ermənistan-İran-Əfqanıstan yoludur. Ermənistandan Əfqanıstana göndərilən siqaretin Rusiyada peyda olmasına yalnız ironiya ilə yanaşmaq, kinayəli təbəssüm etmək mümkündür.

Mikael Minasyan onu da qeyd edir ki, siqaret qaçaqmalçılığı prosesində Sipan Paşinyana Nikol Paşinyanın arvadı Anna Akopyanın rəfiqəsi, Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşan Nersisyan və Paşinyanın qaynı, “Mənim addımım” blokundan deputat Hraçya Akopyan köməklik edib.

Paşinyandan generala təlimat: “Təcili və gizli şəkildə Voronejə get”

Minasyan bu məsələnin sonunadak gedib çıxır. Necə deyərlər, yalançını mənzilinədək qovur. Bildirir ki, Voronejdə müsadirə edilən siqaretlərlə bağlı problemi həll etmək, o cümlədən cinayət işinin açılmaması üçün Paşinyan müşaviri, general-mayor Arşak Karapetyanı təcili olaraq Rusiyaya göndərib. Ancaq məlum pandemiya səbəbindən hər iki ölkənin sərhədləri bağlı olduğu üçün Karapetyanın sadə vətəndaş kimliyi ilə ölkəni tərk etməsi mümkün olmayıb. Buna görə də o, rəsmi kimliyi ilə ölkəni tərk edib. Minasyan Karapetyanın Rusiyaya səfəri barədə Ermənistan hökumətinin internet səhifəsində heç bir məlumat yerləşdirilmədiyini vurğulayıb.

Aprel döyüşlərinin badına gedən general necə irəli çəkildi?

Keçmiş səfir A.Karapetyanın tərcümeyi-halı barədə də maraqlı məlumat verir. Onu karyerasında “vurulmuş kadr” kimi təqdim edir. Zənnimizcə, onun kimliyinin aşkara çıxarılması Paşinyanın kadr seçimində hansı prinsiplərə üstünlük verməsinin və səbatsızlığının aydın göstəricisidir. Belə ki, general-mayor Karapetyan 2016-cı il aprel döyüşlərində Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub və bizim üçün şanlı, ermənilər üçün qanlı aprel döyüşlərinin badına gedənlər sırasındadır. Bu hadisədən sonra baş kəşfiyyatçı kimi hadisə barədə ordunu əvvəlcədən lazımı informasiya təmin edə bilmədiyi, xidməti vəzifəyə yararsızlığı ittihamı ilə yüksək postdan uzaqlaşdırılıb. Keçmiş səfir iddia edir ki, Paşinyan əvvəlki iqtidar zamanında bu və yaxud digər səbəbdən “vurulmuş” generalları və siyasətçiləri ətrafına toplayaraq özünə sadiq komanda formalaşdırmağa çalışır. Bu iddiaların Minasyanın dilə gətirməsi və güclü arqumentlərlə dəstəkləməsi Paşinyanı narahat etməyə bilməz.

Paşinyanın silah qaçaqmalçılığı mexanizmi faş edildi

Mikael Minasyan sırf dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduğu üçün detallarına toxunmadan Nikol Paşinyanın tütün və brilliant qaçaqmalçılığından başqa beynəlxalq silah qaçaqmalçılığında iştirakı ilə də bağlı məlumat verib. Kifayət qədər ciddi olan bu iddia, daha doğrusu bu cinayət artıq ölkə sərhədlərini aşır və beynəlxalq təhlükəsizlik problemidir. O, silah alverinin mexanizmini bu cür sadalayır: Paşinyan Müdafiə Nazirliyi vasitəsilə David Qalstyana Ermənistan Respublikası adına silah alma səlahiyyəti verib. Ermənistan Rusiyadan daxili bazar qiymətinə silah almaq hüququna malikdir. Bu hüquqdan istifadə edən David Qalstyan Ermənistan Respublikası üçün şərti olaraq 100 ədəd silah alınması üçün Rusiya ilə müqavilə imzalayır. Daha sonra ofşor zonadan ödənən pulla Qalstyanın aldığı silahlardan 60 ədədi Ermənistana gətirilir. Geri qalan 40 ədəd silah isə Ermənistana gətirilmədən, Rusiyadan üçüncü ölkəyə, oradan da dördüncü ölkəyə satılır. Bu silahlar istifadə edildiyi zaman harada və hansı dövlət tərəfindən istehsal edildiyi, hansı dövlətə satıldığı haqda məlumatlar bazadan öyrənilir. Rusiya Paşinyan-Qalstyan cütlüyünün bu əməliyyatından xəbər tutan kimi Qalstyanı ölkəsində “arzuolunmaz şəxs” elan edib və onun 10 il ərzində Rusiyaya daxil olmasına qadağa qoyub. Paşinyanın silah qaçaqmalçılığı inventarında adi silahların deyil, zenit-raket komplekslərinin də olduğu haqqında ciddi iddialar var.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan daxilində ictimai-siyasi münasibətlər yeni, daha gərgin mərhələyə qədəm qoyur. Müxalifət cəbhəsindən Paşinyana qarşı təzyiqlər getdikcə artır və bu, onu ciddi yanlışlıqlar etməyə sövq edir. Xaraktercə dikbaş, özündən razı, təkəbbürlü Nikol Paşinyanın narazılar ordusunun sayını hər keçən gün bir qədər də artırması onun hakimiyyətinin getdikcə daha çox laxlamasına səbəb olur. Hələlik Mikael Minasyanın ittihamları ilə bağlı Ermənistan hökumətindən rəsmi açıqlama verilməyib. Bu isə erməni ictimai rəyində Paşinyanın mövqeyinin zəifləməsinə səbəb ola bilər. Xüsusilə koronavirus pandemiyası dövründə hökumətin gördüyü tədbirlərin qeyri-səmərəliliyi, yoluxmaların sayının həndəsi silsilə üzrə sürətlə artdığı, buna paralel olaraq insanların hökumətə etimadının azaldığı bir dövrdə bu, Paşinyan üçün ciddi problemlərdən biridir. Payıza doğru təcavüzkar ölkədə həm pandemiya, həm də Paşinyanın yol verdiyi qanunsuzluqlar səbəbindən ictimai-siyasi vəziyyətin daha da ağırlaşacağı gözlənilir ki, bu ağırlaşma əhalinin maddi rifah halının pisləşməsi, ölkə iqtisadiyyatının çökməsi və bunun nəticəsində işsizliyin sayının xeyli dərəcədə artması ilə müşayiət olunacaq. Bu vəziyyət isə bacarıqsız Paşinyan hökumətinin iqtidardan getməsini labüd edə bilər...


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər