Teleqraf.com-un suallarını politoloq Qabil Hüseynli cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Qabil müəllim, Rusiyanın Xarici İşlər və Müdafiə nazirləri – Sergey Lavrov və Sergey Şoyqunun iyunun 14-də Türkiyəyə nəzərdə tutulan səfərinin təxirə salınmasının səbəbləri nə ilə bağlıdır?
– Son vaxtlar regionda Türkiyənin fəallığının artması bir sıra dövlətlərin qısqanclığına səbəb olub. Bura Misir başda olmaqla bəzi ərəb dövlətlərini, Yunanıstan daxil olmaqla NATO ölkələrini, eləcə də Rusiyanın müəyyən dairələrini aid etmək olar. Türkiyənin Liviyadakı fəallığı və demək olar ki, burada şəksiz üstünlük qazanması Rusiyanın özündə də ciddi narahatlıq yaradıb.
Əvvəllər Suriyada müəyyən səviyyəli əməkdaşlığa nail olan Türkiyə və Rusiya son vaxtlar Liviyada bir çox məsələlərdə demək olar ki, əks qütblərdə dayanırlar. Bununla belə, Türkiyə Liviyada üstünlük qazana bildi. Zənnimcə, Suriyanın özündə də Türkiyənin mövqeləri möhkəmlənməkdədir.
Rusiyada müəyyən dairələr belə hesab edirlər ki, Türkiyə Osmanlı imperiyasının müəyyən funksiyalarını qaytarmaq istəyir. Osmanlı dövlətinin malik olduğu ərazilər üzərində nəzarətini, yaxud təsir dairəsini bərpa etməyə çalışır və bununla da Türkiyə regionun supergücünə çevrilməkdədir.
Türkiyəyə ən çox qısqanc münasibət göstərən ölkələrdən biri də Rusiyadır. Bu qısqanclıqdan yaranan münasibəti rusiyalı nazirlərin səfərinin baş tutmaması, yaxud təxirə salınmasının səbəbi kimi göstərmək olar. Çünki həmin nazirlər Rusiya-Türkiyə münasibətlərinin bütün aspektləri, eləcə də regional, yəni Suriya və Liviya məsələləri barədə Türkiyə ilə bütün parametrlər üzrə müzakirə aparmaq niyyətində idilər.
– Türkiyə mətbuatı səfərin baş tutmamasında İsrailin rolunun olduğunu bildirir. Sizcə, İsrailin bu səfərin baş tutmasını əngəlləmək mexanizmi ola bilərmi?
– Türkiyə mətbuatında anti-İsrail mövqeyini körükləyən müəyyən dairələr var. Bunlar əsasən dini dairələrə yaxın kütləvi informasiya vasitələridir. Bu dairələr İsrail-Türkiyə münasibətlərinin inkişaf etməsini əngəlləməyə çalışırlar. Halbuki vaxilə bu bölgədə Türkiyə, İsrail və Misirin daxil olduğu səmərəli əməkdaşlıq üçbucağı yaranmışdı. Bu əməkdaşlıq üçbucağı bölgədəki bütün hadisələrə vahid nöqteyi-nəzərdən nüfuz edə bilirdi.
Son vaxtlar isə İsrailin özündə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində bir sıra təşəbbüslər oldu. Bu təşəbbüslər zamanı İsrail Knessetində (parlament) belə bir fikir ifadə olundu ki, bölgədə bütün məsələləri İsrailin apardığı siyasi cizgiyə uyğun həll etməyin yeganə yolu Türkiyə ilə strateji münasibətlərin bərpa edilməsindən keçir. Bununla bağlı diplomatik münasibətlər də daxil olmaqla Türkiyə-İsrail münasibətlərinin bütün formalarının bərpasının və əvvəlkindən daha üst səviyyəyə qaldırılmasının vacibliyi bildirildi. Hətta belə bir fikir söylənildi ki, hazırda top Türkiyə tərəfindədir və Türkiyə tərəfi lazımi addımları atmalıdır.
Türkiyə mətbuatının iddialarına gəldikdə, həmin fikirləri bölüşməyə çətinlik çəkirəm. İsrail yaxşı başa düşür ki, bölgədə strateji münasibət qura biləcəyi yeganə ölkə Türkiyədir. Amma bir sıra məsələlərdəki fikir ayrılıqlarını qaldırmaq olar, həm də mütləq aradan qaldırmaq lazımdır. Beləliklə, Rusiya nümayəndə heyətinin Türkiyəyə gəlməsinə guya İsrailin mane olması barədə fikirlər mənə bir qədər qəribə gəlir.
İsrailin sadəcə olaraq belə bir imkana malik olması qənaətində deyiləm. Üstəlik, Rusiyada İsrailin özünə münasibətdə xeyli dərəcədə mənfi ruhda düşünən siyasilər, iş adamları və dairələr var. Bu nöqteyi-nəzərdən İsrail-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu düşünmürəm.
– Türkiyəli jurnalist Mehmet Acet isə diplomatik qaynaqlara istinadən yazıb ki, səfər Rusiyanın Liviya böhranının nizamlanmasına dair təklifinin Ankara üçün qəbuledilməz olduğu üçün təxirə salınıb. Belə ki, rusiyalı nazirlərin təklifi onların Türkiyəyə planlaşdırılan səfərindən bir gün əvvəl Ankaraya çatdırılıb. Bu təklif isə qiyamçı general Xəlifə Haftarı vəziyyətdən çıxarmağa xidmət edib. Sizcə, Türkiyənin Liviya ilə bağlı qəbuledilməz təklifi nədən ibarət ola bilər?
– Rusiya tərəfi uzun müddətdir Liviya legitim hökumətinin Haftar ordusu üzərində ardıcıl qələbələrindən sonra inadla Türkiyədən atəşkəs rejimi tələb edir. Moskva hələ Ramazan ərəfəsində bu bayramı bəhanə edərək Haftar vasitəsilə atəşkəs təklifi irəli sürüb. Daha sonra Rusiya Türkiyəyə açıq şəkildə atəşkəs təklif edib. Türkiyə bu təklifi qəbul edə bilməzdi. Çünki indiyədək Haftarın özü həm Moskvada, həm də Berlində atəşkəsə dair imzalanmış müqavilələri geri – Liviyaya qayıtdıqdan dərhal sonra pozub. Beləliklə də özünə etimad üçün hər hansı yer qoymayıb.
İndi isə açıq etiraf etmək lazımdır ki, Türkiyə Liviyanın qanuni hökumətinin böyük resurslar hesabına Haftar üzərində qələbəsinin təmin edilməsinə töhfə verib. Türkiyə Liviyada vətəndaş qarşıdurmasının səngidilməsinə və tamamilə aradan qaldırılmasına gedən yolda böyük uğurlar qazanıldığı məqamda yenidən qarşıdurma mühitinin qorunub saxlanmasını istəməməklə haqlı hərəkət edir.
Rusiyanın bu təklifi qeyri-konstruktiv olduğundan Türkiyə bu yolu tuta bilməzdi. Həm də bu, Türkiyənin strateji maraqlarına qətiyyən uyğun deyildi. Türkiyə Amerika kimi bir dövlətin çaldığı hava ilə oynamırsa, dediyi ilə oturub-durmursa Rusiyanın söylədikləri ilə heç oturub dura bilməz.