17 İyun 2020 09:14
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– Zaur bəy, bir müddətdir Ermənistanda yaşanan gərginliyi necə qiymətləndirirsiniz?

– Ermənistanda daxili ictimai-siyasi vəziyyət həqiqətən də gərgindir. Nikol Paşinyan demokratiya adı altında hakimiyyətə gəlsə də, görünən odur ki, onun əsas məqsədləri başqa imiş. O, hazırda bütün siyasi rəqiblərinə qarşı amansızlıq nümayiş etdirir. Əsas məqsəd də yaxın bir neçə il ərzində – növbəti seçkilərədək Ermənistanda demək olar ki, müxalif siyasi partiyaları və dairələri sıradan çıxarmaqdır. Əgər əvvəllər onun yalnız Qarabağ klanına qarşı mübarizəsindən söhbət gedirdisə, zaman göstərdi ki, bu mübarizə təkcə onlarla məhdudlaşmır. Əsas odur ki, onun hakimiyyətinə təhlükə yaradılmasın. Bu təhlükəni yaratmaq istəyən şəxsin və ya şəxslərin irəvanlı, gümrülü, icevanlı və ya qafanlı olması ilə qarabağlı olmasının onun üçün heç bir fərqi yoxdur. Hazırda Paşinyan hakimiyyətinə real təhlükə törədə bilən şəxslərdən biri də “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyandır. Bu həmin Sarukyandır ki, 2018-ci ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyi zamanı Paşinyana tam dəstəyini ifadə edib. Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyası da Paşinyanın “Mənim addımım” blokuna dəstək verərək, onun 2018-ci ilin mayında parlamentdə Baş nazir seçilməsini asanlaşdırmışdı. Ancaq zaman göstərdi ki, bu müttəfiqlik zor gücüylə imiş. Daha doğrusu, Paşinyan bu müttəfiqlikdə səmimi deyilmiş və Sarukyandan öz məqsədləri üçün istifadə edirmiş. Faktiki olaraq Paşinyan hazırda 2018-ci ildə ona ciddi dəstək verən Ermənistanın ən varlı siyasi partiya sədrinə qarşı savaş elan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol öz məqsədlərinə doğru irəliləməkdədir. O, əvvəlcə əsas siyasi rəqibləri Robert Köçəryan və Serj Sərkisyan cütlüyünə qarşı siyasi motivli təqiblərə başladı. İndi isə onun qarşısındakı digər ən böyük sədlərdən olan “Çiçəklənən Ermənistan”ın liderinə qarşı məhkəmə davası açıb. Ancaq Sarukyan da Ermənistanda çox ciddi siyasi fiqurlardan hesab olunur. Onun ölkənin güc strukturlarında kifayət qədər yaxın adamı var. Yəni bu mübarizədə qələbə çalmaq Paşinyan üçün o qədər də asan olmayacaq.

– Ötən həftə Ermənistanda bir sıra güc strukturlarının rəhbərləri vəzifələrindən uzaqlaşdırılıblar. Bu hadisələrlə Paşinyan-Sarukyan qarşıdurması arasına hər hansı bağlılıq varmı?

– Paşinyanın məqsədi ona sadiq olmayan və ya sadiqlikləri şübhə doğuran şəxslərlə bağlı təmizləmə əməliyyatı aparmaqdır. Elə onun Rusiyaya yaxınlığı ilə seçilən generalları vəzifədən uzaqlaşdırması və sair məqamlar onu göstərir ki, Paşinyan ciddi şəkildə təmizləmə əməliyyatına başlayıb. O, bu vəzifəli şəxslərdən öz hakimiyyətinə real təhlükə hiss edir və onları vaxtında zərərsizləşdirmək istəyir. Əsas səbəb budur.

– Bəs Rusiyanın bu məsələlərlə bağlı mövqeyi nədən ibarətdir?

– Aydın məsələdir ki, Moskva Ermənistan daxilində baş verənlərlə, o cümlədən ona yaxın olan şəxslərin vəzifədən çıxarılması ilə "yumşaq" şəkildə desək, razı deyil. Lakin Rusiya hakimiyyətinin başı hazırda daxili problemlərə qarışıb. Çünki Kreml hazırda daxili siyasi və iqtisadi çağırışlarla üz-üzədir. Hazırda Rusiyada belə bir fikir var ki, Ermənistan istəsə belə Rusiyanın orbitindən çıxa bilməz. Amma fakt ondan ibarətdir ki, Ermənistan iqtisadi cəhətdən Rusiyanın orbitindən çıxa bilməsə də siyasi cəhətdən artıq tamamilə başqa siyasət yürüdür və yavaş-yavaş Moskvadan uzaqlaşır.

– Bəzi ekspertlər bu fikirdədirlər ki, hazırda Ermənistanda inqilabın ikinci dalğası yaşanır. Bu ikinci dalğanın qalibi kim olacaq?

– Mən də o fikirdəyəm ki, biz hazırda Ermənistanda inqilabın ikinci dalğasının şahidiyik. Ehtimal etmək olar ki, ikinci dalğa da Paşinyanın qələbəsi ilə başa çatacaq. Çüni hazırda ölkədə ona qarşı çıxa biləcək siyasi güc mərkəzi demək olar ki, qalmayıb. Onun əsas siyasi rəqibləri keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanı idi ki, artıq bu klan sıradan çıxarılıb. Üstəlik Paşinyan Qarabağ klanının ona sadiq hissəsinin qondarma Dağlıq Qarabağ rejimində möhkəmlənməsinə nail olub. İndi isə Ermənistanın köklü, oturuşmuş siyasətçi-oliqarxlarından olan Qaqik Sarukyanı tam sıradan çıxarmağa girişib. Amma buna nail olub-olmayacağını zaman göstərəcək. İstənilən halda Ermənistanda bundan sonra baş verən proseslər ciddi maraq kəsb edir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər