Çox sayda mütəxəssis artıq nüvə erasının başa çatdığı düşüncəsindədir. Onlara görə, nüvə başlıqlarının, atom silahının artıq müasir dünya siyasətində güc və şantaj məqsədilə istifadə edilməsinin limiti bitir. Buna səbəb kimi nüvə silahının sonuncu dəfə 75 il bundan əvvəl tətbiq olunması, ondan sonra dünyada yalnız bir dəfə -SSRİ ilə ABŞ arasında nüvə müharibəsi riskinin yaşanması göstərilir. Bu hallar istisna olmaqla, hətta nüvə dövlətləri arasında ziddiyyətlər yarandıqda nüvə başlıqlarından təhdid məqsədilə istifadə edilmədiyi qeyd edilir. Əvəzində ehtimal olunur ki, nüvə silahına malik olan ölkələr bu üstünlüklərindən enerji alınması üçün istifadə etməyə meyl göstərəcəklər.
“Ayna-Zerkola” qəzetinin baş redaktoru, analitik Elçin Şıxlı Teleqraf.com-a bu mövzuda danışarkən bildirib ki, belə rəylərlə razılaşmaq sadəlövlük olardı.
Onun fikrincə, nüvə əsri hələ başa çatmayıb:
“Hesab edin ki, bir neçə qumarbaz qumar oynayır və hər birinin cibində yalançı kartı var. Bu kart indiki halda nüvə silahıdır və onu həmişə saxlayacaqlar. Nüvə silahı kartından hələ istifadə ediləcək. Müasir dünyamızda nüvə silahından imtina etməyin zamanı çatmayıb. Əlbəttə, başqa texnologiyalar olacaq, inkişaf edəcək. Ola bilsin ki, bu inkişaf nüvə texnologiyasının əhəmiyyətini müəyyən qədər azaldacaq”.
Müsahibimizin qənaətincə, nüvə silahı elə təhlükəli bir texnologiyadır ki, onu ancaq dəli adam tətbiq edə bilər:
“1946-ci ildə nüvə silahından istifadə edildi və necə dəhşətli silah olduğu görüldü. Ondan sonra nüvə silahı olan dövlətlər bunu tətbiq etməyi belə ağlından keçirmədi. Son 30-50 ildə nüvə silahından daha çox “blef” kimi istifadə edilir. Şükürlər olsun ki, bu silahdan ancaq “blef” məqsədilə istifadə edirlər. Amma texnologiyalarda səhv ola və ya hansısa dəli onu tətbiq edə bilər. İstənilən halda nüvə faktoru yaxın illər ərzində mövcud olacaq. İnsan təbiəti dəyişməyib. Nə qədər ki, insanın xisləti dəyişməyib, nüvə də olacaq. Nüvə enerjidir. Amma sadəcə olaraq nüvə enerjisindən silah kimi istifadə ediləcəksə, artıq bu, bombadır. İndiki halda nüvə erasının başa çatdığını düşünmək və bunu iddia etmək zənnimcə, yanlışdır”.